Məhkəmə qərarları › İş №3(031)-27/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-27/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-27/2024 06.02.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1984-cü il tarixdə Dəvəçi rayonunun Çölquşçu kəndində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyətı üzrə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, günorta saatlarında, Şabran rayonunun Hacıqaraqaşlı kəndi ərazisində 01 (bir) ədəd 16 çaplı "ТОЗ Б" modelli, 1404-58 nömrəli, lüləsi eyni modelli 85422 nömrəli silahın lüləsi ilə kompleksləşdirilmiş ov silahı ilə hərəkətdə olduğu zaman Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Şabran Rayon Polis Şöbəsində müvafiq araşdırma aparıldıqdan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamasına baxmayaraq 01 (bir) ədəd 16 çaplı "ТОЗ Б" modelli, 1404-58 nömrəli, lüləsi eyni modelli 85422 nömrəli silahın lüləsi ilə kompleksləşdirilmiş ov silahını özündə saxlanıldığı və gəzdirdiyi aşkar edilmişdir. Təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında cinayət təqibinin başlanması rədd edilmişdir və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tədbir görülməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis Şöbəsinə göndərilmişdir. Göstərilənlər əsasında müvafiq inzibati araşdırma aparılaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmiş və toplanmış material baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şabran Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada sifarişi poçt göndərişi ilə məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Şabran Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada sifarişi poçt göndərişi ilə məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran Rayon Polis X5 təhqiqatçısı X2 icraatında olan HK-1/1382 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx.xx.2024-cü il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin inzibati xəta tərkibi olması müəyyən edildiyindən, sözü gedən şəxs barəsində həmin maddə ilə tədbir görülməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X3 Bölməsinin göndərilmişdir. - Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almayaraq 01 (bir) ədəd 16 çaplı "ТОЗ Б" modelli, 1404-58 nömrəli, lüləsi eyni modelli 85422 nömrəli silahın lüləsi ilə kompleksləşdirilmiş ov silahını saxlaması və daşıması səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almayaraq mülki silahı saxlaması sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halların aşkar edilməməsini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati xətanın predmeti olan silah müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128, 130 və 590.2-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 01 (bir) ədəd 16 çaplı "ТОЗ Б" modelli, 1404-58 nömrəli, lüləsi eyni modelli 85422 nömrəli silahın lüləsi ilə kompleksləşdirilmiş ov silahı müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.

2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar