Məhkəmə qərarları › İş №3(031)-27/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-27/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-27/2025 24.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25257836 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X6 xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25257836 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2024-cü il tarixində Bakı şəhəri istiqamətində Xızı rayonu Giləzi kəndi ərazisində **-UV-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və **-YE-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yarım qoşqu ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında (hərəkət halında çəki ölçmə nəzarət sistemi Kistler 9835A) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə barəsində xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25257836 saylı qərarlı elektron inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada cərmə olunmağı, habelə nəqliyyat vasitəsinin görüntülərini dair fotoşəkillər mobil telefonuna elə həmin günü SMS vasitəsi ilə göndərilmiş, lakin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25257836 saylı inzibati tənbeh vermə haqqında qərar isə ona rəsmi qaydada mənə göndərilməmiş və o, həmin qərarı öz hesabıma xx.xx.2025-ci il tarixdə X13 Bölməsindən etdiyi müraciət əsasında əldə edilmişdir. X3 gəldiyi qənaətə görə xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25257836 saylı inzibati tənbeh vermə haqqında qərar əsasızdır və o, xx.xx.2024-cü il tarixində Bakı şəhəri istiqamətində Xızı rayonu Giləzi kəndi ərazisində **-UV-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və **-YE-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yarım qoşqu ilə hərəkətdə olarkən icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmamışdır. Belə ki, adəti üzrə yük avtomaşını Quba rayonunun ərazisində çınqıl karxanasında yükləndikdən sonra elə yerindəcə xx.xx.2024-cü il tarixdə çəkilərək ona avtomaşının yükü (çəkisi) dolu halda 40.590 kiloqram olduğuna dair xx.xx.2024-ci il tarixli (saat 19:49) 769 nömrəli qaimə verilmişdir və o, yükün çəkisinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353-cü maddəsini tələbinə görə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini icazə verilən ümumi kütlə üzrə 05 (beş) faiz və daha artıq aşmadığına görə Bakı şəhəri istiqamətində hərəkətə başlamışam. Xızı rayonunun Giləzi kəndi ərazisində **-UV-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə hərəkətdə olarkən mobil telefonuna “SMS” gəlib və məlum olub ki, guya limit 40000 kiloqram olduğu halda avtomaşının çəkisi normadan artıq, yəni 42590 kiloqram olmuş və bununla da ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2ci maddəsi ilə 600 (altı yüz) manat inzibati cərimə tətbiq edilmişdir. Odur ki, o, yük avlomaşınındakı yükü boşaltmadan gələcəkdə məhkəmədə haqlı olduğunu, yəni inzibati xəta hadisəsini törətmədiyini sübut etmək üçün X5 qəsəbəsi ərazisində olan tərəzidə yükü çəkmək istədikdə nəqliyyatın işçiləri buna icazə verməmişlər və ona nəqliyyat vasitəsinin çəkisinin ölçülməsi üçün X9 müvafiq göstərişinin olmalı odluğunu bildirmişlər. Bundan sonra o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 və 902 çağırı mərkəzinə zəng vuraraq müraciət etmiş, lakin X12 Xidmətindən heç kim tərəzinin yanına gəlməmiş və o, saat 1-ə kimi gözlədikdən sonra Ceyranbatan qəsəbəsi ərazisində yerləşən ödənişli tərəzidə yükü çəkdirdiyi zaman yük avtomaşında 40320 kiloqram yük olduğu aşkar edilmişdir (Qaimə - 35423,tarix - xx.xx.2024-cü il, saat - 01:43). Bundan sonra X9 Saray postuna yaxınlaşıb yeni çəkdirdiyi qaiməni təqdim edərək qarşı guya artıq yük apardığıma görə qanunsuz inzibati xəta törədiyi haqqında elektron protokol tərtib edildiyini bildirsə də, onun haqlı şikayətinə baxılmamışdır. Bütün bu hərəkətlər tərəfindən nəqliyyat vasitəsinin sahibi X4 bilavasitə iştirakı və şahidliyi ilə baş vermişdir. Beləliklə yükləmə yerində xx.xx.2024-cü il tarixdə çəkilərkən avtomaşının çəkisi (yükü ) dolu halda 40.590 kiloqram olduğuna dair xx.xx.2024-cü tarixli (saat 19:49), 769 nömrəli qaiməyə və elektron qaydada xx.xx.2024-cü il tarixli (saat 22:29:49) EQ seriyalı, 25257836 saylı inzibati tənbeh vermə haqqında qərarın və inzibati tənbeh vermə haqqında elektron qərarın tərtib edildikdən sonra isə Ceyranbatan qəsəbəsində yerləşən ödənişli tərəzidə xx.xx.2024-cü il, saat 01:43 radələrində avtomaşın çəkdilərək yükün (çəkisi) 40320 kiloqram (qaimə 35423) olduğuna görə məlum olur ki, o, barəsində tətbiq edilən inzibati xəta hadisəsini törətməmişdir. Ona görə ki, guya baş vermiş inzibati xəta hadisəsinə tətbiq edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353-cü maddəsini tələbinə görə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini icazə verilən ümumi kütlə üzrə 5 faiz və daha artıq aşmaqla törədildikdə həmin maddənin tərkibi yaranır. Lakin qanuna görə habelə video görüntülərdə (limit 40000 kiloqram) göstərildiyinə görə onun inzibati xəta törətməsi üçün avtomaşının çəkisi həqiqətən də maraqlı şəxslərin video görüntüdə göstərdikləri 42590 kilqram həcmində olmalı idi. Avtomaşının yükləmə məntəqəsində çəkisinə görə verilən qaimədə qeyd edilən çəki 40.590 kilqram və yük kütlə parametrlərini ölçən elektron tərəzilərin qeydindən sonra (inzibati protokol tərtib edildikdən sonra ölçülən çəki 40320 kiloqram olduğundan məlum olur ki, o, iddia edilən inzibati xəta hadisəsini törətməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il tarixli,104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” qaydalarına əsasən ikioxlu dartıcı üçoxlu yarım ilə avtomaşınlar üçün icazə verilən ümumi kütlə həddi 40 tondur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353-cü maddəsini tələbinə görə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Yəni, ona münasibətdə qanun deyir ki, əgər X2 X8 40 t x <5 % = 40t+<2t = <42t, başqa sözlə onun idarə etdiyi avtomaşının kütləsi 42 tonu aşsaydı onda əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353-cü maddəsi ilə tövsif olunub barəsində inzibati xəta tədbiri görülə bilərdi. Qərardan şikayət verən şəxs X6 bu halların nəzərə alınaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25257836 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X6 şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişdir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25257836 saylı inzibati tənbeh vermə haqqında qərarın surətinin ona göndərilmədiyini və həmin qərarı xx.xx.2025ci il tarixdə X13 Bölməsindən etdiyi müraciət əsasında əldə etdiyini bildirmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinə və maraqlı tərəf Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə hazırki iş üzrə xx.xx.2025-ci il tarixə, saat 10:00-a təyin edilmiş açıq məhkəmə baxışı iclasın barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi ilə məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi və maraqlı tərəf Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş, nümayəndələrinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri barədə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi və maraqlı tərəf Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25257836 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli. Belə ki, məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X6 şikayətində və məhkəmə iclasında verdiyi izahatda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25257836 saylı inzibati tənbeh vermə haqqında qərarın ona xx.xx.2025-ci il tarixdə X13 Bölməsindən etdiyi müraciət əsasında təqdim etdiyini göstərmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi isə bu halı təqzib edən, o cümlədən xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25257836 saylı inzibati tənbeh vermə haqqında qərarın qərardan şikayət verən şəxs X6 təqdim edilməsini təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı qərardan şikayət verən şəxs X6 şikayətində xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25257836 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətə onun yaşayış yeri üzrə məhkəmədə baxılmasına dair vəsatətlə də məhkəməyə müraciət etmişdir. Bu səbəblərdən də məhkəmə hesab edir ki, qərardan şikayət verən şəxs X6 xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25257836 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir və onun həmin qərardan verdiyi şikayətə yaşayış yeri üzrə Şabran Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair xx.xx.2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - AZE seriyalı, 16258464 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, fərdi identifikasiya nömrəsi “7EQN6PB” olan, xx.xx.2000-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X1 şəhəri, V. Abdullayev küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. - 3C:E4:B0:F0:8C:F1 saylı kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən və elektron tərəzi göstəricilərindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 22:29:49-da, M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1-ci kilometrində (Xızı rayonunun Giləzi kəndi – Bakı istiqaməti) hərəkətdə olan “MAN” yük markalı, **-UV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 42590 kiloqram təşkil etmişdir. - xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25257836 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə, saat 22:29:49-da “MAN” yük markalı, **- UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1-ci kilometrində hərəkətdə olduğu zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbi ilə barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - BB seriyalı, 679740 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “MAN” yük markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı nəqliyyat vasitəsi yük kütləsi 7700 kiloqram, maksimum kütləsi isə 18000 kiloqram təşkil edir. - BB seriyalı, 499644 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-YE-*** dövlət qeydiyyat nişanlı “Cangül” markalı yarımqoşqunun yüksüz kütləsi 9200 kiloqram, maksimum kütləsi isə 33500 kiloqram təşkil edir. - 769 saylı qaimədən görünür ki, **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə, saat 16:49-da ümumi çəkisi 40590 kiloqram təşkil etmişdir. - 35423 saylı qəbzdən görünür ki, **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə, saat 01:43-də ümumi çəkisi 40320 kiloqram təşkil etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X6 tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlər və qaimələr ilə xx.xx.2024-cü il tarixdə, saat 16:49-da və xx.xx.2024-cü il tarixdə, saat 01:43-də idarə etdiyi **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 42000 kiloqramdan aşağı (müvafiq olaraq 40590 kiloqram və 40320 kiloqram) olduğu aşkar edilsə də, qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi tərəfindən bu halları təqzib edən, o cümlədən xx.xx.2024-cü il tarixdə, saat 22:29:49-da “MAN” yük markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1-ci kilometrində hərəkətdə olduğu zaman ümumi çəkisinin 42590 kiloqram kiloqram təşkil etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. 3C:E4:B0:F0:8C:F1 saylı kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərə və elektron tərəzi göstəricilərinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X6 tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlər və qaimələr həmin göstəricilərin həqiqəti əks etdirmədiyi, tərəzinin həmin vaxtı nasaz ola biləcəyi və **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 42000 kiloqramdan az ola bilməsi qənaətinə gəlməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X2 X8) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün X2 X8 40 tonu aşmamalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs X6 tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlər və qaimələr ilə xx.xx.2024-cü il tarixdə, saat 16:49-da və xx.xx.2024-cü il tarixdə, saat 01:43-də idarə etdiyi **-UV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 42000 kiloqramdan aşağı (müvafiq olaraq 40590 kiloqram və 40320 kiloqram) olduğu aşkar edilsə də, 40 tonluq icazə verilən ümumi kütlənin 05 faizi 2 ton təşkil edir. Belə olan halda isə **- UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 42000 ton və bu çəkidən yuxarı olduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə işin faktiki hallarından və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi, şəxsin təqsirli olaraq inzibati xəta törətməsini sübut etmə vəzifəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin üzərində olsa da, sonuncu X6 tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 22:29:49-da “MAN” yük markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə M-1, yəni Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1-ci kilometrində hərəkətdə olduğu zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini məhkəmə iclasında sübut edə bilməmiş, bunun əksinə X6 əməlində inzibati xəta hadisəsinin olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25257836 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2 və 134.1.3-cü maddələrinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin xx.xx.2024cü il tarixli, EQ seriyalı, 25257836 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar