Məhkəmə qərarları › İş №3(031)-313/2022

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-313/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-313/2022 23.06.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati Xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şabran rayon Yaşıllıq və Təmizlik idarəsinin müdiri Nümayəndə, Hüquqi ünvanı ünvan 1 (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hüquqi ünvanı ünvan 1 (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X3 tərəfindən tərtib edilmiş “17” may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 23 may 2022-ci il tarixdə Şabran Rayon Məhkəməsinə daxil olmuşdur. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 13 may 2022-ci il tarixdən 17 may 2022-ci il tarixə kimi olan müddət ərzində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Şabran şəhərinin ərazisinə baxış keçirildiyi zaman Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi tərəfindən Şabran şəhərinin Mikayıl Müşfiq və 20 Yanvar küçələrində, “Dəvəçi” adlı çayın Şabran şəhərinin ərazisindən keçən hissəsinin yaxınlığında və Şabran şəhərinin digər ərazilərində bərk məişət tullantılarının ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmadan toplanaraq qalaqlanması və Şabran şəhərində yerləşən poliqonun ərazisində yandırıldığı aşkar edilmişdir. Bu səbəbdən də Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair müvafiq inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati Xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X3 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, 13 may 2022-ci il tarixdən 17 may 2022-ci il tarixə kimi olan müddət ərzində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Şabran şəhərinin ərazisinə baxış keçirildiyi zaman Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi tərəfindən Şabran şəhərinin Mikayıl Müşfiq və 20 Yanvar küçələrində, “Dəvəçi” adlı çayın Şabran şəhərinin ərazisindən keçən hissəsinin yaxınlığında və Şabran şəhərinin digər ərazilərində bərk məişət tullantılarının ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmadan toplanaraq qalaqlanması və Şabran şəhərində yerləşən poliqonun ərazisində yandırıldığı aşkar edilmişdir. Xahiş edir ki, Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şabran rayon Yaşıllıq və Təmizlik idarəsinin müdiri Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, tərəflərindən Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi tərəfindən Şabran şəhərinin Mikayıl Müşfiq və 20 Yanvar küçələrində, “Dəvəçi” adlı çayın Şabran şəhərinin ərazisindən keçən hissəsinin yaxınlığında və Şabran şəhərinin digər ərazilərində bərk məişət tullantılarının qalaqlanmasına və həmin tullantıların yandırılaraq məhv edilməsinə yönəlmiş müvafiq tədbirlər görülür. Bu barədə tərəflərindən 17 may 2022-ci il tarixli, 24 nömrəli məktubla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə də məlumat verilmişdir. Həmin tədbirlər həyata keçirildiyi zaman tərəflərindən Azərbaycan Respublikasının Qanunvericiliyinin hər-hansı bir tələbi pozulmayıb, həmçinin “17” may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd edilsə də, Azərbaycan Respublikasının ətraf mühitinin mühafizəsi haqqında Qanunvericiliyinin hansı müddəasının tələbinin tərəflərindən pozulduğu göstərilməmişdir. Onlar hər səhər ardıcıllıqla Şabran şəhərinin ərazisini məişət tullantılarını yığıb təmizləyirlər. Akt tərtib olunan gün ekologiya işçiləri təmizlik işləri aparılmamışdan qabaq tullantıların yığılmamış ərazilərdə fotoşəkillər çəkmişlər. Poliqondakı tullantıları isə onlara məlum olmayan vətəndaşlar yandırmışlar. Bu halların nəzərə alınaraq Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid öz izahatında göstərmişdir ki, hazırda Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır, 17 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Şabran şəhərinin ərazisinə baxış keçirildiyi zaman orada iştirak etmişdir, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına hazırda Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi tərəfindən Şabran şəhərinin Mikayıl Müşfiq və 20 Yanvar küçələrində, “Dəvəçi” adlı çayın Şabran şəhərinin ərazisindən keçən hissəsinin yaxınlığında və Şabran şəhərinin digər ərazilərində bərk məişət tullantılarının qalaqlanmasına və həmin tullantıların yandırılaraq məhv edilməsinə yönəlmiş müvafiq tədbirlərin görüldüyünün bildirdiyini və buna baxmayaraq 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi barəsində akt tərtib edildiyi üçün həmin aktı imzalamaqdan imtina etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə nəticəyə gəlir ki, Şabran rayon Yaşıllıq və Təmizlik idarəsinin əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarınam olan və məhkəmə baxışında tədqiq edilmiş: - 17 may 2022-ci il tarixli, 67569 nömrəli aktdan görünür ki, 13 may 2022-ci il tarixdən 17 may 2022-ci il tarixə kimi olan müddət ərzində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Şabran şəhərinin ərazisinə baxış keçirildiyi zaman Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi tərəfindən Şabran şəhərinin Mikayıl Müşfiq və 20 Yanvar küçələrində, “Dəvəçi” adlı çayın Şabran şəhərinin ərazisindən keçən hissəsinin yaxınlığında və Şabran şəhərinin digər ərazilərində bərk məişət tullantılarının ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmadan toplanaraq qalaqlanması və Şabran şəhərində yerləşən poliqonun ərazisində yandırılması nəticəsində “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli, 514-İQ nömrəli Qanununun 9,10,11 və 12 və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının 08 iyun 1999-cu il tarixli, 678-İQ nömrəli Qanununun 47 maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydalarının 2,3,4,6,7,8 və 10 bəndlərinin tələblərinin pozulduğu aşkar edilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X3 tərəfindən tərtib edilmiş “17” may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Şabran şəhərinin ərazisinə baxış keçirildiyi zaman Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi tərəfindən Şabran şəhərinin Mikayıl Müşfiq və 20 Yanvar küçələrində, “Dəvəçi” adlı çayın Şabran şəhərinin ərazisindən keçən hissəsinin yaxınlığında və Şabran şəhərinin digər ərazilərində bərk məişət tullantılarının ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmadan toplanaraq qalaqlanması və Şabran şəhərində yerləşən poliqonun ərazisində yandırıldığı aşkar edilmişdir. Bu səbəbdən də Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış 24 nömrəli, 17 may 2022-ci il tarixli məktubdan görünür ki, Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi tərəfindən Şabran şəhərində yerləşən tullantı poliqonu ərazisində və Şabran şəhərinin ərazisində olan qanunsuz zibilxanaların ləğv olunması ilə bağlı müvafiq tədbirlərin görülməsi, o cümlədən Dəvəçi” adlı çayın Şabran şəhərinin ərazisindən keçən hissəsinin də qanunsuz zibilxanalardan təmizlənməsi işlərinin aparılması barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsini məlumatlandırmışdır. - İş materiallarına əlavə edilmiş fotoşəkillərdən Şabran şəhərinin ərazisində yerləşən 02 (iki) küçədə qanunsuz zibilxana yerləşdiyi, Şabran şəhərində yerləşən poliqonun ərazisində isə məişət tullantılarının yandırıldığı görünür. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli, 514-İQ nömrəli Qanununun 9-cu maddəsinə əsasən tullantıların emalı zamanı aşağıdakılar təmin edilir: tullantıların həcminin azaldılmasına, onların emalına və zərərsizləşdirilməsinə yönəldilən texnoloji proseslərin ətraf mühit üçün təhlükəsizliyi; texnologiyada nəzərdə tutulmayıbsa, emal zamanı təhlükəli və təhlükəsiz tullantıların qarışmasına yol verilməməsi; tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması; tullantıların əmələ gəldiyi yerlərdə toplanması və onların texniki cəhətdən təchiz olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə saxlanılması; ətraf mühitin mühafizəsi məqsədilə emal ediləsi tullantıların yerləşdirildiyi xüsusi tutarların və ya sahələrin yararlı halda saxlanılması; yerləşdirildiyi, yaxud saxlanıldığı yerlərdə tullantıların ətraf mühitdən təcrid olunması; tullantıların əmələ gəldiyi və ya onların emal edildiyi müəssisələrdə tullantıların texnoloji prosesdə təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi; tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və zəərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsullarla həyata keçirilməsi; Həmin Qanunun 10-cu maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır. Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 Komitəsi və Səhiyyə Nazirliyi] müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır. Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədilə ətraf mühitin monitorinqi aparılmalıdır. Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır. Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirirlər. Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 Komitəsi və Səhiyyə Nazirliyi] tərəfindən təsdiq edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları] icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları] razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicəsağlamlıq , turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Nazirlər Kabineti] müəyyən etdiyi qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir. Müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X2 Komitəsi və yerli icra hakimiyyəti orqanları] ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən basdırılma yerlərinin monitorinqi aparılmalıdır. Tullantıların yerləşdirildiyi obyektlərin və ya sahələrin mülkiyyətçiləri bu obyektlərin və ya sahələrin istismar müddəti başa çatdıqdan sonra lazımi bərpa işləri aparmalıdırlar. Tullantıların toplanmasını səmərəli təşkil etmək məqsədilə qiymətli komponentlər (yeyinti və toxuculuq məhsullarının tullantıları, müxtəlif metallar, kağız və s.) ayrı-ayrılıqda toplanmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının 08 iyun 1999-cu il tarixli, 678-İQ nömrəli Qanununun 47-ci maddəsinə əsasən istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdiriləsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydalarının 2-ci bəndinə əsasən şəhərlər və digər yaşayış məntəqələri ərazisində bərk məişət tullantıları yığılan tutumların yerləşdirilməsi üçün xüsusi sahələr ayrılmalıdır. Ayrılan sahələr açıq, döşəməli, sukeçirməyən örtüklü və imkan daxilində yaşıllıqla əhatələnmiş olmalıdır. Sahələr elə seçilməlidir ki, tullantıların iyi yaşayış sahəsinə yönəlməsin. Tutumların sayının və həcminin müəyyən olunması üçün onlardan istifadə edəcək əhalinin sayı, tullantıların yığılma norması, tullantıların müvəqqəti saxlanılması müddəti nəzərə alınmalıdır. Tutumların həcmi tullantıların daha çox əmələ gəlmə dövründə faktiki yığıma əsasən hər bir nəfər üçün gündə azı 0,0042 m 3 tullantı nəzərdə tutularaq hesablanmalıdır (tutumların sayı və həcmi kommunal-təsərrüfat qurumlan tərəfindən müəyyən edilir və bu göstərici əmələ gələn tullantıların həcmindən asılı olaraq dəyişə bilər). Yaşayış sahələrində sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə məişət tullantıları xüsusi avtonəqliyyatla daşınmalıdır. Yaşayış və ictimai binaların, mədəni-məişət obyektlərinin tikintisi, təmiri, bərpası zamanı əmələ gələn tullantılar tikinti təşkilatlarının nəqliyyatı ilə xüsusi ayrılmış ərazilərə daşınmalıdır. Sənaye müəssisələrinin utilizə olunmayan tullantıları bu tullantılar üçün nəzərdə tutulmuş xüsusi qurğulara və ya poliqonlara daşınmalıdır. Ayrıayrı obyektlərin, həmçinin müxtəlif yaşayış sahələrinin sanitar təmizlənməsi müəyyən yaşayış məntəqəsi üçün qəbul edilmiş müqavilə-qrafik əsasında xüsusi təyinatlı avtonəqliyyat vasitələri ilə həyata keçirilməlidir. Bərk məişət tullantıları tullantı daşıyan avtomaşınla, kanalizasiya sistemi olmayan yaşayış sahələrindən isə maye tullantılar vakuum qurğulu assenizasiya avtomaşını ilə çəkilərək daşınmalıdır. Tullantılar yığılan zaman yaxınlıqda yaşayan əhalinin rahatlığı nəzərə alınmalıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən məişət tullantılarının əmələ gəlmə yerlərində müvəqqəti saxlanılması üçün ayrılmış xüsusi sahələrdə aidiyyəti təşkilatlar tərəfindən metal tutumlarla təmin olunmuş meydançalar hazırlanmalıdır. Zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Meydançalar tutumların sayına və həcminə uyğun olaraq tikilməlidir. Bu zaman tutumlara əhalinin və tullantı daşıyan avtomaşınların yaxınlaşmasının mümkünlüyü, digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane olmaması meydançalardakı tutumlardan tullantıların küləklə sovrularaq ətraf ərazilərə yayılmaması, həyətlərdə uşaq meydançalarından və bağçalardan, məktəblərdən, sağlamlıq və istirahət zonalarından, mədəniyyət ocaqlarından, ictimai iaşə obyektlərindən və mağazalardan aralıda yerləşdirilməsi kimi şərtlər nəzərə alınmalıdır. Şəxsi ev ərazilərində tutumların, həyət ayaqyolularının və çirkab quyusunun yerləşdirilməsi ev sahibləri tərəfindən müəyyən olunur. Ətraf mühitin mühafizəsi məqsədilə tullantıların yerləşdirildiyi tutumlar və meydançalar həmişə təmiz və səliqəli vəziyyətdə saxlanılmalıdır. Lazım gəldikdə tutumlar yeniləri ilə əvəz olunmalı, meydançalar təmir edilməlidir. Hər bir hüquqi və fiziki şəxs tullantıların növlər üzrə xüsusi tutumlarda yığılmasını təmin etməlidir. Müvafiq tələblərə cavab verməyən tutumlardan istifadə edilməməlidir. İstehsalat tullantılarının (təhlükəli və təhlükəsiz) və təkrar xammalın məişət tullantıları üçün nəzərdə tutulmuş tutulmalarda yerləşdirilməsinə yol verilmir. Tullantıların tutumlarda yığılması zamanı onların daşmasına və ətrafa səpələnməsinə yol verilməməlidir. Tullantılar ancaq onlar üçün nəzərdə tutulmuş tutumlarda müvəqqəti saxlanılmalıdır. Tullantıların tutumlar qoyulmuş meydançadan kənarda yerləşdirilməsinə, yandırılmasına yol verilmir. Əkin sahəsi və bostanlarda bərk və maye məişət tullantılarının yerləşdirilməsi yolverilməzdir. Həmin Qaydaların 4-cü bəndinə əsasən tullantıların tutumlarda müvəqqəti saxlanılması zamanı onların çürüməsinə yol verilməməlidir. Buna görə də tullantılar bir gündən çox qalmamalı, yəni hər gün daşınmalıdır. Metal tutumlar müntəzəm olaraq yuyulmalı və dezinfeksiya edilməli ("dəyişilməz" sistemində 10 gün müddətində bir dəfədən az olmamaq şərtilə, "dəyişilən" sistemdə-boşaldıqdan sonra), taxta tutumlar isə hər dəfə boşaldıqdan sonra dezinfeksiya olunmalıdır. Tullantıların yığılmasını səmərəli təşkil etmək məqsədilə qiymətli komponentlər (yeyinti və toxuculuq məhsullarının tullantıları, müxtəlif metallar, kağız və s.) ayn-aynlıqda toplanmalıdır. Çoxmərtəbəli (5 mərtəbədən artıq) yaşayış binalarında tullantı borusu quraşdırıla bilər. Tullantı qəbuledici kameranın (kameratullantı borusunun çıxışında tutumlar qoyulmuş qapalı sahədir) girişi binanın və digər otaqların girişindən təcrid olunmalıdır. Kameranın döşəməsi su keçirməyən örtüklü və binaya girişlə eyni səviyyədə olmalıdır. Kamerada qoyulmuş tutumlar dolduğu halda tullantıların kameranın döşəməsinə boşaldılması yolverilməzdir (tullantı qəbuledici kamerada bir sutka müddət nəzərə alınmaqla ehtiyat tutumlar olmalıdır). Kameralarda girişindən tullantıların kənara çıxması, tutumların tullantı yığan avtomaşınlar gələnə qədər kameradan çıxarılması yol verilməzdir. Tullantı boruları və tullantı qəbuledici kamera saz vəziyyətdə saxlanılmalıdır. Boruda kipləşdirmə və səsboğmaq məqsədilə binaların pilləkən meydançalarındakı tullantı boşaltma qapaqları rezin materiallı kipləşdiricilərlə təmin olunmalıdır (kipləşdiricilər zədələndiyi halda yeniləri ilə əvəz olunmalıdır). Boruların hər həftə təmizlənməsi, dezinfeksiya olunması üçün şərait yaradılmalıdır. Dezinfeksiya tədbirləri Səhiyyə Nazirliyinin təsdiq etdiyi təlimatlar üzrə və Səhiyyə Nazirliyi tərəfindən icazə verilmiş maddə və məhlullardan istifadə etməklə binaların istismarı üzrə təşkilatlar, müəssisə və idarələrin yaşayış şöbələri, binaların məsul şəxsləri tərəfindən aparılır. Tullantı borularının və tullantı qəbuledici kameraların ətrafı təmiz saxlanmalı, kamera tikilisindən başqa məqsədlər üçün istifadə edilməməlidir. Tullantı daşıyan avtomaşınların kameraya yan almasına maneçilik törədə bilən əşyalar və tikililər olmamalıdır. Bazarlarda, xəstəxanalarda, məktəblərdə və uşaq bağçalarında əmələ gələn tullantıların bir gündən artıq saxlanması xüsusilə yolverilməzdir. Həmin Qaydaların 6-cı bəndinə əsasən məişət tullantılarının daşınmasını, xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsilə, yerli icra hakimiyyəti orqanlarının kommunaltəsərrüfat qurumları, həmçinin müvafiq təşkilatlarla müqavilə bağlamış və tullantıların daşınması və emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər həyata keçirə bilər. Tullantıların daşınmasını həyata keçirənlər onun avtomaşınlara yükləndiyi andan qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar. Tullantılar daşınarkən bu məqsədlə ayrılmış avtomaşınların yük yerinin üstü tullantılar yükləndikdən sonra onların ətraf ərazilərə səpələnməsinə yol verilməməsi üçün sukeçirməyən örtüklə kip örtülməlidir. Məişət tullantılarının boşaldıldığı yerdə (poliqonda) avtomaşınların yuyulması və dezinfeksiyası üçün məntəqə olmalıdır və avtomaşınlar boşaldıqdan sonra məntəqədə onların yuyulması və dezinfeksiyası təmin edilməlidir. Poliqonda məntəqə olmadıqda avtomaşınlar marşrutdan qayıdan kimi müəssisənin məntəqəsində (müəssisədə də bu cür məntəqə nəzərdə tutulmalıdır) yuyulmalı, dezinfeksiya edilməli və yeni marşruta hazır vəziyyətə salınmalıdır. Avtomaşınlar yuyularkən əmələ gələn tullantı sulara məişət tullantılarının qalıqlarının düşməməsi üçün poliqonda avtomaşınlardan yük tam boşalmalıdır. Əmələ gələn tullantı sulan məntəqənin yaxınlığında hazırlanmış hovuza yığılmalıdır. Hovuz torpaqdan təcrid olunmalı və 2-3 pilləli mexaniki çökdürmə sistemi ilə təmin edilməlidir. Çökdürülən tullantı suları zərərsizləşdirildikdən sonra kanalizasiya xəttinə axıdılmalı, yığılan çöküntülər isə poliqona daşınmalıdır. Təhlükəli tullantıların daşınmasına əlavə tələblər müvafiq qanunla müəyyən edilir. Həmin Qaydaların 7-ci bəndinə əsasən bərk və maye məişət tullantılarının zərərsizləşdirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səhiyyə Nazirliyinin icazəsi əsasında xüsusi ayrılmış ərazilərdə (poliqonlarda) və ya xüsusi emal və zərərsizləşdirmə qurğularında həyata keçirilir. Tullantıların istənilən ərazilərdə yerləşdirilməsinə, həmçinin kənd təsərrüfatı sahələrində gübrə kimi istifadəsinə yol verilmir. Bərk məişət tullantılarının saxlanılması və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır.Tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respubli-kasının Qanunu ilə müəyyən olunmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. Bərk məişət tullantıları təkmilləşdirilmiş poliqonlara, kompostlaşdırma müəssisələrinə, emal və xüsusiləşdirilmiş yandırma qurğularına, maye məişət tullantıları isə assenizasiya və ya təmizləyici qurğu stansiyalarına daşınmalıdır. Nəzarət edilməyən məişət tullantıları üçün poliqonların təşkili yolverilməzdir. Poliqonlar üçün ayrılmış sahələr aşağıdakı tələblərə cavab verməlidir: sahənin ərazisi günəş şüaları və küləyin təsiri üçün açıq olmalıdır; qrunt sularının səviyyəsi poliqonun təməlindən ən azı 1 metr aşağı olmalıdır (suların səviyyəsi yuxarı olduqda, drenaj və sukənarlaşdırıcı qurğular tikilməlidir); çay, göl, açıq su hövzələrinin sahillərində, kənd təsərrüfatı sahələrinin, şəhərlər və digər yaşayış məntəqələrinin və təbii abidələrin yaxınlığında (sanitar-ekoloji mühafizə zonaları nəzərə alınmaqla), yaşıllıq ərazilərində və meşələrdə poliqonlar üçün sahələrin ayrılması və təşkili yolverilməzdir; şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. İstifadəyə yararsız məişət tullantılarının həcminin azaldılması məqsədilə onların yandırılması üçün ekoloji-sanitar standartlara cavab verən xüsusi qurğular sobalar quraşdırılmalıdır. Sobalarda məişət tullantılarının tam yanması üçün lazımi temperatur rejiminə riayət olunmalıdır və yandırılan zaman ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədilə soba xüsusi avadanlıqla təmin olunmalıdır. Tullantıların yandırılmasından əmələ gələn qalıqlar (kül) poliqonda basdırılmalıdır. Poliqona gətirilən məişət tullantılarının uçotu poliqonun müvafiq işçiləri tərəfindən aparılır. Uçotda gətirilən tullantıların həcmi (avtomaşının tipi və onun yük yerinin həcminə əsasən hesablanır), tullantıların tərkibi, kim tərəfindən və hansı tarixdə gətirilməsi və s. məlumatlar göstərilir. Kənar şəxslərin poliqon ərazisinə daxil olmasının qarşısını almaq məqsədilə ərazi perimetri boyu çəpərlənərək keçidin qadağan olunduğu barədə xəbərdaredici qeydləri olan plakatlar qoyulmalıdır. Bu sahədə cavabdeh - balansında həmin poliqon olan hüquqi və ya fiziki şəxsdir. Tullantıların emalı zamanı ətraf mühitə və insan sağlamlığına real və potensial təhlükənin qarşısı alınmalıdır. Həmin Qaydaların 8-ci bəndinə əsasən bütün meydan və küçələrdə, bağlarda, parklarda, şəhər nəqliyyatı dayanacaqlarında, metro girişlərində və s. ərazilərdə kommunal-təsərrüfat orqanları tərəfindən, vağzallarda, aeroportlarda, dəniz limanlarında, bazarlarda və digər yerlərdə isə bu təşkilatların rəhbərliyi tərəfindən kifayət qədər tutumlar (urnalar) qoyulmalıdır. Əhali çox olan yerlərdə tutumlar (urnalar) arası məsafə 40 metrdən çox, əhali az olan yerlərdə isə bu məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Tutumlar dolma həddindən asılı olmayaraq sistematik təmizlənməlidir. Ticarət obyektləri tərəfindən obyektlərin yanında və onlara bitişik ərazilərdə tutumlar qoyulmuş sahələrə məhsul ehtiyatlarının yerləşdirilməsinə və anbarlaşdırılmasına yol verilmir. Ətrafda 5 metr radiusunda ərazinin təmizlənməsini ticarət obyekti həyata keçirir. Yay mövsümündə təkmilləşdirilmiş örtüklü yolların və meydanların mexaniki sulanması və yuyulması şəhər və rayon icra hakimiyyətlərinin müvafiq qurumları tərəfindən planlı formada həyata keçirilir. Yol örtükləri elə yuyulmalıdır ki, yol kənarında yığılmış çirkablar su şırnağı ilə səkiyə və yaşıllıq zolağına sıçramasın. Yüksək intensivli hərəkət olan küçələr (mikroiqlimin yaxşılaşdırılmasına ehtiyacı olan) ilin isti vaxtlarında sulanmalıdır. Yağış suları üçün kanalizasiya sistemi olmayan yollarda tozu və çirklənməni azaltmaq məqsədilə süpürən-təmizləyən maşından istifadə edilməlidir. Küçələrdə, parklarda ağaclardan tökülmüş yarpaqlar vaxtlı-vaxtında yığışdırılmalıdır. Yığışdırılmış yarpaqlar xüsusi ayrılmış ərazilərə və ya kompostlaşdırma sahələrinə daşınmalıdır. Yaşayış sahələrində, park və bağlarda yarpaqların basdırılmasına, yandırılmasına yol verilmir. Buz qırıqlarının, çirklənmiş qarın səkilərə, yaşıllıq olan ərazilərə, yaşayış binalarının qarşısına və s. yerlərə yığılmasına yol verilmir. Həmin Qaydaların 10-cu bəndinə əsasən küçələrin, həyətlərin və şəhərlər və digər yaşayış məntəqələrinin digər ərazilərinin, həmçinin ümumi istifadə yerlərinin və çimərliklərin təmiz saxlanılması vəziyyətinə nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyi həyata keçirilir. Şəhər (rayon) icra hakimiyyətləri tərəfindən: maye və bərk məişət tullantılarının əmələgəlmə norması (1 nəfər/1 il hesabı ilə); müəssisə, təşkilat, idarələr tərəfindən yığışdırılacaq ərazilərin siyahısı; küçələrin, meydançaların və keçidlərin mexanikləşdirilmiş təmizlənməsi, həm də onların yay və qış mövsümlərində təmizlənmə növbəsinin siyahısı müəyyən edilir. Balansında yaşayış binaları olan müəssisə, idarə və təşkilatlar, binalar üzrə məsul şəxslər: cavabdeh olduğu ərazilərin, tullantı kameralarının təmiz, tutumların saz vəziyyətdə saxlanılmasını təmin etməyə, bunlar üçün meydançaların müntəzəm yuyularaq dezinfeksiya edilməsinə; tutumlar üçün sukeçirməyən örtüklə döşənmiş meydançalar hazırlamağa; yeyinti tullantılarının, küçə və həyət süpürüntülərinin yığışdırılıması üçün inventarlarla təmin etməyə; əhali arasında izahat işləri aparmağa və onları yaşayış yerlərinin təmiz saxlanılması qaydalarının həyata keçirilməsi tədbirlərinə cəlb etməyə; məişət tullantılarının vaxtlı-vaxtında daşınması üçün tədbirlər görməyə və tullantıların uçotunun aparılmasına borcludurlar. Kommunal-təsərrüfat qurumlan, həmçinin tullantıların emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər: yaşayış binalarının, müəssisə və təşkilatların, meydanların, küçələrin, bağların və s. ərazilərindən məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılmasını və daşınmasını təmin etməyə; hər bir xüsusiləşdirilmiş avtomaşın üçün marşrut qrafikini tərtib etməyə; istismar şəraitinin dəyişməsinə uyğun olaraq marşrut qrafikində dəyişiklik etməyə; təsdiq olunmuş marşrut qrafikinin dəqiq yerinə yetirilməsini təmin etməyə; tullantıların tam yığışdırılmasını və poliqonlarda yerləşdirilməsini təmin etməyə; tullantıların daşınması üzrə xüsusiləşdirilmiş avtomaşınların başqa məqsədlər üçün istifadə edilməməsinə; tullantıların qarışmasına yol verməməyə; tullantılar avtomaşınlara yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər tullantıların ətrafa səpələnməsinin qarşısını almağa, ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyə; məişət tullantılarının yığışdırılaraq daşınması üçün bağlanmış müqavilələrin bütün şərtlərini tam şəkildə yerinə yetirməyə; tullantıların uçotunu aparmağa borcludurlar. Bələdiyyələr tərəfindən: bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması; əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, 13 may 2022-ci il tarixdən 17 may 2022-ci il tarixə kimi olan müddət ərzində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Şabran şəhərinin ərazisinə baxış keçirildiyi zaman Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi tərəfindən Şabran şəhərinin Mikayıl Müşfiq və 20 Yanvar küçələrində, “Dəvəçi” adlı çayın Şabran şəhərinin ərazisindən keçən hissəsinin yaxınlığında və Şabran şəhərinin digər ərazilərində bərk məişət tullantılarının ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmadan toplanaraq qalaqlanması və Şabran şəhərində yerləşən poliqonun ərazisində yandırılması nəticəsində “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli, 514-İQ nömrəli Qanununun 9,10,11 və 12 və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının 08 iyun 1999-cu il tarixli, 678-İQ nömrəli Qanununun 47 maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydalarının 2,3,4,6,7,8 və 10 bəndlərinin tələblərinin pozulduğu aşkar edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X3 tərəfindən Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair “17” may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə iş üzrə toplanmış materialları ilə birlikdə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Lakin, Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən, Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış 24 nömrəli, 17 may 2022-ci il tarixli məktubdan, Şabran rayon Yaşıllıq və Təmizlik idarəsinin müdiri Nümayəndə və Şahid məhkəmə iclasında verdikləri izahatlardan isə görünür ki, Şabran rayon Yaşıllıq və Təmizlik idarəsinin əməlində Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli, 514-İQ nömrəli Qanununun 9,10,11 və 12 və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının 08 iyun 1999-cu il tarixli, 678-İQ nömrəli Qanununun 47 maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydalarının 2,3,4,6,7,8 və 10 bəndlərinin tələblərinin pozması halları mövcud deyil. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şabran rayon Yaşıllıq və Təmizlik idarəsinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şabran rayon Yaşıllıq və Təmizlik idarəsinin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 04 (dörd) zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Yəni, Şabran rayon Yaşıllıq və Təmizlik idarəsinin əməlində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi halları mövcud deyildir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs yalnız öz subyektiv mülahizələrinə əsasən Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi barəsində inzibati xəta haqqında protokolu tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şabran rayon Yaşıllıq və Təmizlik idarəsinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şabran rayon Yaşıllıq və Təmizlik idarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar