Məhkəmə qərarları › İş №3(031)-346/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-346/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-346/2024 07.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şabran Rayon Məhkəməsinə daxil olmuşdur. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 10817854,60 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 3459229,60 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq protokolun təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barələrində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş bəyannamələr vəsaiti köçürən bank tərəfindən qəbul edilmiş və bağlanmış, bəyan edilməyən və protokol tərtib edilən hissə ilə bağlı malların idxalını təsdiq edən bəynannamə mövcud olmadığından və vəsait geri qaytarılmadığından tərtib edilən protokolu müdafiə etdiyini və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus gömrük bəyannaməsi və ya işlərin təhvil alınması üzrə akt təqdim edilməyən avans köçürmələrə dair arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid bəyan olunmayan məbləğ 3459229,60 Rusiya rublu təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2021-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarına əsasən məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə 3459229,60 Rusiya rublu məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin pul vəsaiti müqabilində alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 2 il müddətində banka təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin (3459229,60 Rusiya rublu) 20 faizi məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği Rusiya rublu olduğundan cərimənin məbləği dolların ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128, 130 və 430.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 3459229,60 Rusiya rublu valyuta vəsaiti məbləğinin 20% miqdarında, yəni 691845,92 Rusiya rublu (rublun Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin və ödənildiyi günə Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə uyğun ödənilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar