Məhkəmə qərarları › İş №3(031)-36/2021

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-36/2021

28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-36/2021 28.01.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxx 1965-ci il tarixdə Dəvəçi rayonunun Baş Əmirxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şabran rayonunun Əmirxanlı kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx xxxxxx 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində, Şabran rayonunun Əmirxanlı kəndi ərazisində yerləşən «Taxtakörpü» su anbarının yaxınlığında müvafiq icazə olmadan 01 (bir) ədəd çöl ördəyini ovladıqdan sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilib Növbətçi Hissəyə təhvil verilmiş və orada onun şəxsiyyəti müəyyən edildikdən sonra barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X7 tərtib elədiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində, Şabran rayonunun Əmirxanlı kəndi ərazisində yerləşən «Taxtakörpü» su anbarının yaxınlığında qanunsuz ov edərkən həmin ərazidə xidmətdə olan Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını göstərmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək, xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində, Şabran rayonunun Əmirxanlı kəndi ərazisində yerləşən «Taxtakörpü» su anbarının yaxınlığında müvafiq icazə almadan 01 (bir) ədəd çöl ördəyini ovladıqdan sonra Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını göstərmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunduğunu, iş materialları ilə tanış olduğunu, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını göstərmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X2 icraatında olan HK-1/1503 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx xxxxxx 2021-ci il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, şəxs Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin inzibati xəta tərkibi olması müəyyən edildiyindən, sözü gedən şəxs barəsində həmin maddə ilə tədbir görülməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə, Şabran rayonunun Əmirxanlı kəndi ərazisində yerləşən «Taxtakörpü» su anbarının yaxınlığında müvafiq icazə olmadan 01 (bir) ədəd çöl ördəyini ovlaması səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs lazımi icazə olmadan ov etməsi sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Ovçuluq haqqında” Azərbaycan Respublikasının xx xxxxx 2004-cü il tarixli, 637-İİQ nömrəli Qanunun 12-ci maddəsinə əsasən: 12.1.Ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. 12.2.Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. 12.3.18 yaşına çatmamış, habelə məhdud fəaliyyət qabiliyyətli və fəaliyyət qabiliyyəti olmayan şəxslərin ovçuluq fəaliyyəti ilə məşğul olması qadağa olunur. Həmin Qanunun 14-cü maddəsinə əsasən: 14.1.Ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. 14.2.İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 14.3.Ovçuluq bileti və üzvlük bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmir. 14.4.Ovçuya verilən ov etmək üçün icazədən yalnız özü istifadə edə bilər və icazə verildiyi müddət üçün etibarlıdır. 14.5.Ov obyektinə aid edilmiş vəhşi heyvanları yetişdirib ov yerlərinə buraxan təsərrüfat subyektləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ov etmək üçün icazə verə bilər. 14.6.Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində ov edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə; ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda; başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə; ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə; ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə və ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə qadağan edilir. Ov yerlərində yanğın, daşqın, tufan, zəlzələ, torpaq sürüşməsi, quraqlıq kimi təbii fəlakət və vəhşi heyvanlar arasında epidemiya hadisələri baş verdikdə ov müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırıla və ya dayandırıla bilər. Həmin Qanunun 28-ci maddəsinə əsasən Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. “X6 Haqqında” Azərbaycan Respublikasının xx xxxx 1999-cu il tarixli, 678-İQ nömrəli Qanununun 11.1-ci maddəsinə əsasən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təbiətdən istifadə sahəsində lisenziya və ya icazə tələb olunan müvafiq fəaliyyət növləri və ya hərəkətlər belə lisenziya və ya icazə alındıqdan sonra həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halların müəyyən edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və Şəxs barəsində ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 272.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 06 (altı) ay müddətinə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar