Məhkəmə qərarları › İş №3(031)-367/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-367/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-367/2024 19.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2024cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X1 Rayon Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü ildə idarə etdiyi “SCANİA R 480 yük” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı Quba Dağıstan yolunun 130-cu km-də Quba rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olarkən məni AR DİN-nin BDYPİ-nin əməkdaşları saxlamış, orada yerləşən tərəzidə həmin avotmaşının kütləsini ölçmüşdürlər. Onların dediyinə görə avtomaşının ümumi kütləsi yük ilə birlikdə 40.000 kq-dan çox olduğu üçün onun barəsində protokol tərtib edilmiş, sonra isə xx.xx.2024-cü il tarixdə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə edilmişdir. Lakin o, Quba rayonu, Vəlvələ çayda yerləşən "xxxx" MMC-dən 25.820 kq yük götürüb Bakı şəhərinə gətirirmiş və onun avtomaşınının ümümi çəkisi 40.480 kq olmuşdur. Buna dair onda qəbz vardır və qəbz "xxxx" MMC-tərəfindən verilmişdir. Onun idarə etdiyi “SCANİA R 480 yük” markalı, 68-CA -140 dövlət qeydiyyat nişanlı avtomaşının kütləsini çəkərkən onu ora buraxmamış, avtomaşının hansı kütlədə olmasına dair mənə heç bir qəbz verməmiş, avtomaşının çəkisi barədə heç bir söz deməmiş, yalnız yük avtomaşının çəkisinin çox olmasını bildirmişdirlər, lakin buna dair heç bir sənəd təqdim etməmişdirlər. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs qərarın əsassız olduğunu bildirmiş və icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və X4 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarında olan X3 məxsus sürücülük vəsiqəsindən görünür ki, “SCANİA R 480 yük” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomaşının maksimal kütləsi 18000 kq, yüksüz kütləsi 8640 kq təşkil edir, həmin avtomaşının yarımqoşqusunun maksimum kütləsi 34.000 kq, yüksüz kütləsi isə 6.500 kq təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən 292 nömrəli biletdən görünür ki, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 25.820 kq yük verilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4694/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, 65593219 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə şikayəti qismən təmin edilmiş, inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə göndərilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-6438/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi, inzibati xəta hadisəsi Bakı-Quba-Dağıstan yolunun 130 kilometrliyində baş verməsi və həmin ünvanın Şabran rayonu ərazisinə aid olması səbəbilə baxılması üçün aidiyyatı üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi 40 tonu aşmamalıdır. Məhkəmə hesab edir ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin üzərinə qoyulsa da, həmin orqan tərəfindən X2 xüsusi təyinatlı yük maşınının icazə verilən ümumi kütləni aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, yalnız öz subyektiv mülahizələrinə əsasən X2 xüsusi təyinatlı yük maşınının ümumi kütləsinin çox olduğunu müəyyən etmələri səbəbi ilə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, protokolu tərtib edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi dəfələrlə hər iclas barədə xəbərdar edilmiş, bundan əlavə müvafiq orqana protokolun tərtib edilməsi üçün əsas olmuş sənədlərin və sübutların məhkəməyə göndərilməsi barədə sorğu yazılmasına baxmayaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və protokolun tərtib edilməsi üçün əsas olmuş sənədləri məhkəməyə göndərməmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1); hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2); hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi (135.1.3); inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4); tətbiq edilmiş tənbehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması (135.1.5); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması (135.1.5-1); inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi (135.1.5-2); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (135.1.6). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar