Məhkəmə qərarları › İş №3(031)-377/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-377/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-377/2024 29.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərarından şikayət verilən orqanın nümayəndəsi X4 iştirakı ilə X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları mənim işlətdiyim “Nord servis” avtomobil təmir sexinin yaxınlığında, həmin ərazidə fəaliyyət göstərən digər obyektlərin yanında yerləşən əraziyə baxış keçirdikləri zaman “Nord servis” avtomobil servisində işləyən əməkdaşlar onlara sözü gedən ərazidə atılmış zibillərin onlara aidiyyəti olmadığını, bununla yanaşı “Nord servis” avtomobil təmir sexi ilə Şabran rayon Yaşıllıq və Təmizlik idarəsi ilə bağlanmış müqavilə əsasında sonuncu tərəfindən təmir sexinin fəaliyyəti nəticəsində əmələ gələn tullantıların müvafiq qaydada aparıldığı bildirilsə də, həmin vaxt bununla razılaşmış və onlara əlavə hər-hansı bir sənədlərin təqdim edilməsi zərurətinin olmadığını bildirmiş 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları sonradan qəbul etdikləri qərar əsasında sözü gedən tullantılar ilə bağlı onun barəsində inzibati cərimə tətbiq edilmişdirlər. Sözü gedən tullantıların “Nord servis” avtomobil təmir sexinin yaxınlığında, təmir sexinin cənub hissəsində formalaşan tullantıların atılması və yandırılması nəticəsində ərazinin və atmosfer havasının çirkləndiyi qeyd edilsə də, hansı səbəbdən həmin tullantıların təmir sexinin fəaliyyəti nəticəsində yaranması və onlar tərəfindən həmin əraziyə atılması nəticəsinə gəlinməsi ilə bağlı hər hansı bir mötəbər sübut qərarda öz əksini tapmamış və əsaslandırma aparılmamışdır. “Nord servis” avtomobil təmir sexi və həmin sexdə işləyən əməkdaşlar tərəfindən hər-hansı tullantı təmir sexinin yaxınlığındakı əraziyə atılmamış və yandırılmamışdır. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasa gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X7 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli və mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbilə iş yenidən baxılması üçün geri göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 göndərilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ona göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X1 rayonu, Bakı-Quba avtomobil yolunun sağ hissəsində rəhbəri olduğu “Nord sevis” avtomobil təmir sexinin yaxınlığı, təmir sexinin cənub hissəsində formalaşan tullantıların atılması və yandırılması nəticəsində ərazinin və atmosfer havasının çirklənməsi səbəbilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsilə təqsirli bilinərək barəsində 3000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsinin müdiri X12 və “Nord servis” avtomobil təmir sexinin rəhbəri X7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 117 nömrəli müqavilədən görünür ki, Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsinin müdiri öz işçi qüvvəsi və texnikası ilə Şabran rayonu, Sincanboyad kəndi ərazisindən bərk məişət tullantılarının yığılması şəhərin məişət tullantıları paliqonuna daşınmasını və onların zərərsizləşdirilməsini öhdəsinə götürmüş və tərəflər daşınmış bərk məişət tullantıları və tibbi tullantılar üçün hər ay 10 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılaşmışdırlar. İş materiallarında olan Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsi tərərfindən verilən xx.xx.2024-cü il tarixli, 60 nömrəli arayışdan görünür ki, Şabran rayonu, Sincanboyad kəndi ərazisinin Bakı-Quba avtomobil yolunun kənarında fəaliyyət göstərən “Nord servis” avtomobil təmir sexinin rəhbəri X5 ilə onun rəhbərlik etdiyi obyektdə əmələ gələn tullantıların yığışdırılması, şəhərin məişət tullantıları poliqonuna daşınması üçün tərəflərindən xx.xx.2024-cü il tarixli, 117 nömrəli müqavilə bağlanmışdır. Lakin qarşı tərəfdən ödənişlər olunmadığı üçün xidmət aparılmır. İş materiallarında olan fotoşəkillərə əsasən hadisə yerində olan tullantılar yandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, 87217 nömrəli aktından görünür ki, Şabran rayonu ərazisində Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında”, “Tullantılar haqqında” Qanunlarının tələblərinin və digər normativ hüquqi aktların tələblərinin icra olunması vəziyyəti tərəflərindən araşdırılmış, araşdırma zamanı Şabran rayonu, Dəvəçi kəndi ərazisində Bakı-Quba avtomobil yolunun sağ tərəfində tullantıların (avtomobil motoru filtrlərinin, yağların) əraziyə atılaraq yandırıldığı, ərazinin çirkləndiyi və yaxınlıqda həmin ərazidə yolun sağ hissəsində yerləşən “Nord servis” avtomobil təmir sexinin cənub hissəsində, tikilinin hasarına yaxın ərazidə tullantıların qanunsuz olaraq yerləşdirildiyi, yandırılması izlərinin olması nəticəsində ərazinin çirkləndirildiyi müəyyən olunmuşdur. Araşdırma zamanı “Nord servis” avtomobil təmir sexinin qeydiyyatçısı X6 özünü təqdim edən şəxs izahat verərək “Şabran” şadlıq evinin yaxınlığında, şimal hissəsində olan tullanrıların onlar tərəfindən yandırılmadığını, həmin əraziyə atılmadığını, lakin servisdə əmələ gələn tullantıların sexin cənub hissəsində, yaxınlığında yığılaraq yandırıldığını bildirmişdir. Özünü servisin rəhbəri kimi təqdim edən şəxs X7 tullantıların daşınmasına görə müqavilənin olmadığını, həmin tullantıların tezliklə daşınacağını bildirmişdir. Şabran RİHB-nın Dəvəçi İƏD üzrə nümayəndəsinin xx.xx.2024cü il tarixli məktubuna əsasən qeyd olunan ərazidə avtomobil sexində əmələ gələn tullantıların servisin işçiləri tərəfindən servisin rəhbəri X2 tapşırığı ilə atıldığı və yandırıldığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Şabran Rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şabran rayonu, Sincanboyad kəndi ərazisində, Bakı-Quba avtomobil yolunun sağ tərəfində yerləşən “Nord servis” avtomobil təmir sexində əmələ gələn tullantılar (yağlı əski və başqa tullantılar) servisə aid mağazanın cənub hissəsində, binanın yaxınlığında servisin işçiləri tərəfindən sahibkar X2 tapşırığı ilə yığılaraq yandırılır. İş materillarında olan X10 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, “Nord servis”də qeydiyyatçı işlədiyini, “Şabran” şadlıq evinin yaxınlığında olan tullantıların onlar tərəfindən atılmadığını və yandırılmadığını, servisdə əmələ gələn tullantıların servisə yaxın cənub hissədə yığılıb yandırıldığını, sonra isə daşındığını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli X7 tərəfindən verilmiş ərizədən görünür ki, o, X14 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verildiyini, həmin şəxsin qeyd olunan tarixdən etibarən servisin əməkdaşı olmadığını bildirmişdir. Bundan əlavə inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan ərazinin “Nord servis” avtomobil təmir sexinə aidiyyatı olmadığını və servisin yerləşdiyi ərazinin qeyd olunan ərazidən xeyli uzaqda olduğunu bildirmişdir. İş materiallarında çap tarixi xx.xx.2024-cü il olan tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişdən görünür ki, X10 əmək müqaviləsinə xitam verilmişdir və bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi iş materiallarında bildirişə əsasən X10 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilsə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli aktına əsasən X8 “Nord servis” avtomobil təmir sexininin işçisi kimi izahat alınmış və akt tərtib olunarkən həmin izahata əsaslanılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilmiş müddəalarının mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərinə qoyulsa da, həmin orqan X7 tərəfindən tullantıların əraziyə atılması və ərazinin çirklənməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yalnız öz subyektiv mülahizələrinə əsasən X7 tərəfindən tullantıların əraziyə atılması və ərazinin çirklənməsi səbəbi ilə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilməli və mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbilə iş yenidən baxılması üçün geri göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1); hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2); hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi (135.1.3); inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4); tətbiq edilmiş tənbehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması (135.1.5); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması (135.1.5-1); inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi (135.1.5-2); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (135.1.6). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbilə iş yenidən baxılması üçün geri göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar