Məhkəmə qərarları › İş №3(031)-42/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-42/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-42/2025 20.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25478158 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X1 Rayon Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25478158 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X5 məxsus “Mercedes-Benz Actros 1846 LS” yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir və həmin nəqliyyat vasitəsi ilə yük daşıma fəaliyyəti həyata keçirir. xx.xx.2025-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsinin yola düşməmişdən əvvəl səhər saat 07:54:19-da əvvəlcə yük ilə birlikdə ümumi çəkisi eletron tərəzidə ölçülmüş və nəqliyyat vasitəsinin yük ilə birlikdə ümumi çəkisi 40220 kq təşkil etmişdir. Nəqliyyat vasitəsinin yük ilə birlikdə limiti rəsmi qaydada 40000 kq təşkil edir, bundan əlavə 40000 kq-ın 5 faizi miqdarında əlavə yükə icazə verilir ki, bu da 20000 kq deməkdir. Lakin idarə etdiyi nəqliyyat vasitəsinin yük ilə birlikdə ümumi çəkisi 42000 kq belə təşkil etməmişdir. Sadəcə olaraq xx.xx.2025-ci il tarixdə elektron tərrəzidən keçərkən idarə etdiyi nəqliyyat vasitəsi ilə paralel “Ford” markalı nəqliyyat vasitəsi də hərəkətdə olmuş, həmin avtomobilin də ümumi çəkisi səhvən idarə etdiyi nəqliyyat vasitəsinin üzərinə hesablanmışdır. Bunu kamera çəkilişindən də görmək mümkündür. Beləliklə, “Mercedes-Benz Actros 1846 LS” yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yülə birlikdə oxa düşən kütlə parametrləri aşılmamışdır. Bundan başqa inzibati tənbeh vermə haqqında qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri ona təqdim edilməmişdir. O, həmin qərarın ona təqdim edilməsini gözləsəydi, şikayət verilmə müddətini keçirmiş olacaqdı. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs qərarın əsassız olduğunu bildirmiş və icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və X4 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25478158 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarında olan AE seriyalı, 630225 nömrəli sürücülük vəsiqəsindən görünür ki, vəsiqə X3 məxsusdur. İş materiallarında olan AD seriyalı, 889827 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes-Benz Actros 1846 LS” yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X6r. İş materiallarında olan AD seriyalı, 889828 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Schmitz SKİ” yarımqoşu markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X6r. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə X8 “Mercedes-Benz Actros 1846 LS” yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı və “Schmitz SKİ” yarımqoşu markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini X3 vermişdir. İş materiallarında olan yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25478158 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353,2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin 3C:E4:B0:F0:8C:F1 nömrəli kamerasına məxsus fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 18:54:57-də “Mercedes-Benz Actros 1846 LS” yük markalı, **- OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin faktiki kütləsi 42550 kq müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tərəzi qəbzindən görünür ki, **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saat 07:54:19-da yük ilə birlikdə çəkisi 40220 kq təşkil etmiş və "xxxx" MMC-nin Saray bazası tərəfindən tərəzidə qeyd olunan çəkidə təhvil alınmış və möhürlə təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi 40 tonu aşmamalıdır. Göründüyü kimi xx.xx.2025-ci il tarixli qəbzə əsasən “Mercedes-Benz Actros 1846 LS” yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saat 07:54:19-da yük ilə birlikdə çəkisi 40220 kq təşkil edərək həmin çəki ilə "xxxx" MMCnin Saray bazası tərəfindən təhvil alınsa da, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin 3C:E4:B0:F0:8C:F1 nömrəli kamerasına məxsus fotoşəkillərə əsasən xx.xx.2025-ci il tarixdə, saat 18:54:57-də “Mercedes-Benz Actros 1846 LS” yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin faktiki kütləsi əsassız olaraq 42550 kq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin üzərinə qoyulsa da, həmin orqan tərəfindən X2 xüsusi təyinatlı yük maşınının icazə verilən ümumi kütləni aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, yalnız öz subyektiv mülahizələrinə əsasən X2 xüsusi təyinatlı yük maşınının ümumi kütləsinin çox olduğunu müəyyən etmələri səbəbi ilə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, protokolu tərtib edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi dəfələrlə hər iclas barədə xəbərdar edilmiş, bundan əlavə müvafiq orqana protokolun tərtib edilməsi üçün əsas olmuş sənədlərin və sübutların məhkəməyə göndərilməsi barədə sorğu yazılmasına baxmayaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və protokolun tərtib edilməsi üçün əsas olmuş sənədləri məhkəməyə göndərməmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1); hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2); hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi (135.1.3); inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4); tətbiq edilmiş tənbehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması (135.1.5); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması (135.1.5-1); inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi (135.1.5-2); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (135.1.6). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25478158 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar