Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-426/2025 25.09.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X6, Qərarından şikayət verilən orqanın nümayəndəsi X8 iştirakı ilə X6 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, Şabran rayonu, Qorğan kəndində ƏMDX-dən çıxarışı olan həyət evini içməli su ilə təmin etmək məqsədi ilə baxımsız olan bulaqdan su çəkmişdir. Buna görə qayalıq dərədə bulağa gedən yola maneə olaraq əyilmiş bir ədəd yemişan və iki ədəd üzüm kolunun (bu rəqəm aktda şişirdilərək 10 ədəd yemişan, 4 ədəd üzüm və 2 ədəd böyürtkən qeyd olunub) budaqlarını kökündən 30- 40 sm hündürdən kəsmişdir. Yəni tamamilə məhv edilməyib, zədələnib və hazırda zədələnmiş kollar pöhrələnmişdir. Bu isə ekologiya idarəsinin iddia etdiyi İnzibati Xətalar Məcəlləsinin 253.2 yox, 253.4-cü maddəsinə uyğundur. Sonra o, ekologiya müfəttişi Sabir Kərimli və Şabran RPŞ-nin polisi İsmail Novruzov əraziyə baxış keçirmişdirlər. O, onlara zədələdiyi kolları göstərmiş, müfəttiş telefon vasitəsilə fotoşəkillər çəkmişdir. X14 hələ heç bir qeydiyyat aparılmamış aktı imzalamasını istəmiş, o isə bunun qanun pozuntusu olduğunu deyib imzalamaqdan imtina etmişdir. Əvvəla inzibati xəta haqqında işə baxılması üçün xx.xx.2025-ci il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində olma haqqında xəbərdarlıq məktubu ona xx.xx.2025-ci il tarixdə çatmışdır. Bu isə İnzibati Xətalar Məcəlləsinin 60.3-cü maddəsinin (isdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara miivafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir.) tələbinin pozulmasıdır. Bundan əlavə inzibati tənbeh haqqında qərarın qəbul edilməsində işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılması prinsipi də pozulmuşdur. Beləliklə, onun eşidilmə və müdafiə hüququ pozulmuş, qərar qeyri-qanuni qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 rayonu, Qorğan kəndi ərazisində meşə fonduna daxil olmayan ərazidə köküstə yaş böyürtkən, üzüm və yemişan cinsinə aid kolları qanunsuz kəsdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə X4 rayonu, Qorğan kəndi ərazisində meşə fonduna daxil olmayan ərazidə köküstə yaş böyürtkən, üzüm və yemişan cinsinə aid kolları qanunsuz kəsmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, 93931 nömrəli aktından görünür ki, X9 tərəfindən Şabran rayonu, Qorğan kəndi ərazisində “İbrahim” bulağı kimi tanınan bulağın ətrafı su xəttinin çəkildiyi hissədə qazıntı işlərinin aparılması üçün 4 ədəd üzüm, 10 ədəd yemişan və 2 ədəd böyürtkən kollarının kəsilərək məhv olunması faktı aşkar edilmişdir. Bundan əlavə Şabran Rayon Pirəbədil Bələdiyyəsi xx.xx.2025-ci il tarixli, 858 nömrəli məktubla Şabran rayonu, Qorğan kəndində müvəqqəti yaşayan X2 yaxınlığında yerləşən “İbrahim” bulağı kimi tanınan bulağı özününkiləşdirdiyini, bulaq ətrafında qanunsuz olaraq yaşıllıqları məhv etdiyini bildirmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 50,90 m2 olan Şabran rayonu, Qorğan kəndi ərazisində yerləşən fərdi yaşayış evi X5 hüququ rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 ünvanlanan xx.xx.2025-ci il tarixli təbiətə dəymiş 1280 manat ziyana görə iddiadan görünür ki, xx.xx.2025-ci il tarixdə idarənin əməkdaşları tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı Şabran rayonu, Qorğan kəndi ərazisində meşə fonduna daxil olmayan ərazidə köküstə yaş böyürtkən, üzüm və yemişan cinsli kolların onun tərəfindən qanunsuz olaraq kəsilərək məhv edilməsi faktı aşkar edilmişdir. Ümumilikdə 16 ədəd kolun onun tərəfindən qanunsuz olaraq məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyan 1280 manat təşkil etmişdir. İş materiallarında olan Şabran rayonu, Qorğan kəndi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yaş inkişafda olan 4 ədəd üzüm, 10 ədəd yemişan və 2 ədəd böyürtkən kollarının kəsilərək məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, ziyan 1280 manat təşkil etmişdir. İş materiallarında olan Şabran Rayon Pirəbədil Bələdiyyəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 858 nömrəli məktubdan görünür ki, Şabran rayonu, Qorğan kəndində müvəqqəti yaşayan Bakı şəhəri sakini X3 yaxınlığında yerləşən, əhalinin ümumi istifadəsində olan, el arasında “İbrahim” bulağı kimi tanınan bulağı tamamilə zəbt edərək özününkiləşdirmiş, bulaq ətrafında qanunsuz qazıntı işləri apararaq yaşıllıqları məhv etmişdir. X9 tərəfindən əhalinin həmin bulaqdan istifadə etməsinə imkan verilməməsi əhali arasında haqlı narazılığın yaranmasına səbəb olmuşdur. Dəfələrlər xəbərdarlıq edilməsinə baxmayaraq, X9 heç kimdən qorxmadığını bildirmiş, ona maneə ola biləcək şəxsləri cəzalandıracağını bildirmişdir. Adıçəkilən bulaq əhalinin ümumi istifadəsində olan örüş sahəsindədir. X9 barəsində tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şabran rayonu, Qorğan kənd sakinlərinin əsaslı şikayətlərinə əsasən Şabran Rayon Pirəbədil Bələdiyyəsinin mülkiyyətində olan, Qorğan kəndində örüş sahəsində olan “İbrahim” bulağı adlı bulağın torpaq sahəsini Bakı şəhəri sakini X9 zəbt edərək özününkiləşdirmiş, ətrafdakı kolları qırmışdır. Bu isə əhalinin haqlı narazılığına səbəb olmuşdur. Həmin ərazi əhalinin ümumi istifadəsindədir və mal-qaranın ümumi su hövzəsidir. Aktın doğruluğunu O.Balabəyov, A.Şeydayev, M.Adgözəlov , S.Hacıyev, H.Salmanova, B.Xudayarova, Ç.Salmanov, X.Xudayarov, İ.Xudayarov, T.Hacıyev, S.Hacıyev, R.Ağayev, F.Hacıyev, T.Salahov, S.Xudayarov aktın doğruluğunu imzaları ilə təsdiq etmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, sözügedən kolların kəsilərək məhv edilməsi nəticəsində təbiətə ziyan dəymişdir. İş materiallarında olan DVD diskə əsasən X9 videogörüntü qeyd etdiyini bildirsə də, görüntünün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” Qanununun 6.2-ci maddəsinə əsasən ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. İş materiallarında olan X6 şikayət ərizəsindən görünür ki, o, 1 ədəd yemişan və 2 ədəd üzüm kolunun budaqlarını kəsdiyini etiraf etmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin iş üzrə təqdim etdiyi sübutlar əsasında X1 əməli törətməsi sübuta yetirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş pozuntu faktının mövcudluğu aşkar görünür. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 3, 12.1, 84.1, 84.2, 129.1.3, 253.2-ci maddələrinin tələblərinə və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X9 meşə fonduna daxil olmayan kolları qanunsuz kəsmişdir. Bu səbəbdən də inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X7 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün tövsif edilmişdir. Ona görə də şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X6 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməməli və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-426/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-426/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver