Məhkəmə qərarları › İş №3(031)-441/2020

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-441/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-441/2020 14.09.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxx 1963-cü il tarixdə Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixində, saat 16:30 radələrində, spirtli içkilərin təsiri altında sərxoş vəziyyətdə Şabran rayon İcra Hakimiyyətinin inzibati binasında olduğu zaman uca səslə Şabran rayon İcra Hakimiyyətinin əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlədərək ictimai qaydanın kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X3 tərtib etdiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, 16:30 radələrində, Şabran rayon İcra Hakimiyyətinin inzibati binasında sərxoş vəziyyətdə uca səslə Şabran rayon İcra Hakimiyyətinin əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətdiyini bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf etməyərək,xx xxxxxxxx 2020ci il tarixdə, günorta saatlarında Şabran Rayon İcra Hakimiyyətinin başçısı X7 ilə görüşmək məqsədi ilə Şabran rayon İcra Hakimiyyətinə gəldiyi zaman həmin vaxt orada xidmətdə olan polis əməkdaşı Şahid2 Əlimirzə oğlunun onun içəri buraxmamasından əsəbiləşərək sonuncu ilə mübahisə etdiyini, lakin mübahisə zamanı Şabran rayon İcra Hakimiyyətinin əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətmədiyini və həmin vaxt sərxoş vəziyyətdə olmadığını göstərmiş və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunduğunu, iş materialları ilə tanış olduğunu, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir Məhkəmə iclasında şahid qismində iştirak edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 Regional mühafizə şöbəsinin polis nəfəri, polis baş serjantı Şahid2 Əlimirzə oğlu öz izahatında xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15:45 radələrindəŞabran rayon İcra Hakimiyyətinin inzibati binasında xidmətdə olduğu vaxt adını sonradan öyrəndiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona yaxınlaşaraq Şabran Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə görüşmək istədiyini bildirdiyini, onun buna cavab olaraq sözü gedən şəxsə həmin günün qəbul günü olmadığını başa saldıqdan sonra Şəxs Şabran rayon İcra Hakimiyyətinin inzibati binasından uzaqlaşdığını,Şəxs həmin gün saat 16:30 radələrində yenidən Şabran rayon İcra Hakimiyyətinin inzibati binasına gəlib Şabran rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə görüşmək istədiyini bildirərək bu dəfə sərxoş vəziyyətdə olması səbəbi ilə nə etdiyini dərk eləmədiyi üçün onunla mübahisə etməyə başladığını və uca səslə Şabran rayon İcra Hakimiyyətinin rəhbərliyinin və onun ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozduğunu və onun tərəfindən Şabran rayon İcra Hakimiyyətinin inzibati binasına çağırılmış Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəxs hüquqazidd hərəkətlərinin dayandırılması tələb edilməsinə baxmayaraq, Şəxs hüquqazidd hərəkətlərini davam etdirdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin polis nəfəri, polis baş serjantı Şahid1 öz izahatında xx xxxxxxxx 2020-ci il tarixdə, saat 16:30 radələrində Şabran Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinin göstərişinə əsasən Şabran rayon İcra Hakimiyyətinin Şabran şəhəri, Heydər Əliyev prospekti, 60 ünvanında yerləşən inzibati binasına gəldiyi zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs spirtli içkilərin təsiri altında sərxoş vəziyyətdə uca səslə Şabran rayon İcra Hakimiyyətinin əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətdiyini gördüyü üçün həmin şəxsdən hüquqazidd hərəkəti dayandırılmasını tələb etməsinə baxmayaraq sözü gedən şəxsin hüquqazidd hərəkətlərini davam etdirdiyini və bu səbəbdən də Şəxs barəsində qanuni tədbir görülməsi məqsədi ilə məcburi qaydada Şabran Rayon Polis Şöbəsinə gətirildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 00847 nömrəli protokoldan görünür ki, həmin gün saat 16:54 radələrində alkotester vasitəsi ilə keçirilmiş müayinə nəticəsində Şəxs spirtli içkilərin təsiri altında sərxoş vəziyyətdə olduğu aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmişŞabran Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X3tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixində, saat 16:30 radələrində, spirtli içkilərin təsiri altında sərxoş vəziyyətdə Şabran rayon İcra Hakimiyyətinin inzibati binasında olduğu zaman uca səslə Şabran rayon İcra Hakimiyyətinin əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokolu tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki X2 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dairŞabran Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X3tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılmaları üçün aidiyyətı üzrə xx xxxxxxxx 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdirlər. Beləliklə, proses iştirakçılarının izahatları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini və həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini, məsuliyyəti ağırlaşdıran halları və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 510-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 05 (beş) gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.

2. İnzibati həbs haqqında qərar dərhal icra edilsin.

3. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 12:50-dən hesablansın. 4.Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran Rayon Polis Şöbəsinə həvalə edilsin.

5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar