Məhkəmə qərarları › İş №3(031)-450/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-450/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-450/2025 09.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "X1 Company" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyatı üzrə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "X1 Company" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditi aparılmamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, iclasda nümayəndələrinin iştirakını təmin etməmiş və etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər Bundan əlavə məhkəmə iclasının təxirə salmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz mövqeyinə və təqsirsizliyinə dəlalət edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-21-2-1/2-462/2025 nömrəli məktubu ilə təqdim olunmuş 2023-cü ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn açıq səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətləri barədə məlumatdan (siyahıdan) çıxarışdan görünür ki, “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti siyahıda yer alır. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər və hüquqi şəxslər barəsində inzibati məsuliyyət nəzərdə tutulduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Auditorlar Palatasının auditi aparılmış təsərrüfat subyektlərinə dair siyahıdan çıxarışdan görünür ki, “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə auditor rəyi xx.xx.2025-ci il tarixdə verilmiş və rəyin nəticəsi müsbət olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında içə xx.xx.2025-ci il tarixdə, saat 12:05-də Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı barədə məlumat verilmiş, səlahiyyətli nümayəndənin iştirakının təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyə əsasən məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir. Göründüyü kimi iş materiallarına əsasən “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə aparılmalı olmasına baxmayaraq, “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə auditor rəyi xx.xx.2025-ci il tarixdə verilmişdir. Beləliklə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən sözügedən inzibati xətanı törətməsi sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların aşkar edilməməsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128, 130 və 464-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar