Məhkəmə qərarları › İş №3(031)-467/2025

Şabran Rayon Məhkəməsi Qərardad — İş №3(031)-467/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 3(031)-467/2025 12.11.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1986-ci il tarixdə Türkiyə Respublikasında anadan olmuş, subay Türkiyə Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Danıs Muratın Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq MÜƏYYƏN ETDİ: Danıs Murat barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılsalar da, iclasda iştirak etməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Danıs Murat tərəfindən verilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, barəsində tərtib edilmiş protokol əsasında çıxarılmış qərarların məhkəmə tərəfindən ləğv edildiyini, barəsində aparılmış inzibati xətalara dair işlərə xitam verildiyini, icrasına məhkəmə tərəfindən xitam verilmiş işlə bağlı sonradan icra edilmədiyinə görə yenidən inzibati tənbeh vermək barəsində çıxarılmış protokol və qərarın əsassız olduğunu, bu məsələ ilə bağlı məhkəmə qərarlarının tərəfindən təqdim edildiyini bildirmiş, icraata xitam verməyinizi xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Danıs Murat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Danıs Murat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(031)- 318/2025 nömrəli qərarından görünür ki, Danıs Muratın vəkili X1 tərəfindən verilmiş şikayətin təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, Danıs Murat barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(031)- 289/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 150.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərar elektron qaydada, bu mümkün olmadıqda isə onun kağız daşıyıcıda surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Göründüyü kimi Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(031)- 289/2025 nömrəli qərarına əsasən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun əsaslanıldığı inzibati tənbeh vermə haqqında qərar məhkəmə qərarı ilə ləğv olunduğundan, sözügedən protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bu səbəbdən hazırki iş üzrə xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Danıs Murat barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar