Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 3(031)-473/2025 15.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, Qərardan şikayət verən şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29885387 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29935596 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə və ona əlavə edilmiş materiala baxaraq MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29885387 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29935596 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət Siyəzən Rayon Məhkəməsinin 3(059)-546/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı əsasında inzibati xətanın törədildiyi yer Şabran rayonunun inzibati ərazisi hesab edilməklə, ərazi aidiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Lakin, iş materiallarını araşdıraraq Siyəzən Rayon Məhkəməsi tərəfindən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üzrə materialın aidiyyəti üzrə düzgün göndərilmədiyi qənaətinə gəlirəm. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, X1 şəhəri, M.Müşfiq küçəsi, ev 14 ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə onun yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qanunverici şəxsin yaşayış yerinin və yaxud olduğu yerin aydın və birmənalı müəyyən edilmiş olmasına xüsusi əhəmiyyət verir və məhz bu zərurətdən çıxış edərək sözügedən məsələ (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri məsələsi) üzrə birmənalılığı (hüquqi müəyyənliyi) təmin edən vasitə rolunda müstəsna olaraq şəxsiyyət vəsiqəsində əks olunmuş yaşayış yeri üzrə qeydiyyat barədə məlumatı görür (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri haqqında məlumatın rəsmi mənbəyi olaraq yalnız şəxsiyyət vəsiqəsini göstərir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 24 sentyabr tarixli qərarında vurğulamışdır ki, “Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə”dir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsində “şəxsin yaşayış yeri” anlayışına aid edilən yerlər özü-özlüyündə, yəni şəxsiyyət vəsiqəsində yaşayış yeri qismində göstərilib-göstərilməməsindən (şəxsin həmin yaşayış yeri üzrə qeydiyyata alınıb-alınmamasından) asılı olmayaraq deyil, yalnız bu qisimdə şəxsiyyət vəsiqəsində göstərilmiş yer olduğu halda sözügedən qanunun məqsədləri baxımından şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Yəni bu və ya digər yerin həmin müddəada “şəxsin yaşayış yeri” anlayışı ilə ehtiva olunanlara sadəcə aid edilməsi deyil, məhz şəxsiyyət vəsiqəsində yaşayış yeri (yaşayış yeri üzrə qeydiyyata alındığı ünvan) olaraq göstərilməsi həmin yerin şəxsin yaşayış yeri olaraq qiymətləndirilməsini şərtləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 132.1-ci maddəsinə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olması məsələsini həll edilir. Beləliklə, iş materiallarını araşdıraraq bir daha hesab edirəm ki, qanunvericiliyə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilməli olmasına baxmayaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmədən Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Bu səbəbdən də, belə qənaətə gəlirəm ki, yaranmış fikir ayrılığına görə aidiyyət məsələsinin müzakirəsi edilməsi məqsədilə materiallar Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 129.1.3, və 132.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Qərardan şikayət verən şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29885387 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29935596 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət materiallarla birlikdə aidiyyət məsələsinin həll edilməsi üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-473/2025
Şabran Rayon Məhkəməsi Qərardad — İş №3(031)-473/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver