Məhkəmə qərarları › İş №3(031)-49/2024

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-49/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-49/2024 29.02.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X6 və qərardan şikayət verilən orqanın nümayəndəsi X3 iştirakı ilə X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X13 məhkəməyə şikayətlə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olmaqla ləğv edilməlidir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə qar yağdığı üçün gəzməyə çıxmış, Şabran rayonu Nohurlar kəndində tanımadığı şəxslərin ov etdiklərini görərək həmin şəxslərə yaxınlaşanda, onu görüb özlərini itirmiş, tez üstünə cumub burda nə etdiyini soruşmuşlar. O, həmin şəxslərə qar yağdığını və gəzməyə çıxdığını bildirmişdir. Onlar tez onun üstünə hücum çəkərək silahını və çantasını kobud surətdə əlindən almış, qollarını burmuşlar. Ov silahının sənədini onlara göstərsə də, silahı ondan alıb Rusiya Federasiyasına aid olan "k 792 AB 05 RUS" nömrəli "Lada Niva" minik markalı avtomobilə qoyub oradan uzaqlaşmışlar. Həmin vaxtı o, qardaşı Nahid Aslanova zəng etmiş, qardaşı ora gəlmiş, həmin yerə yaxınlıqda ekologiyanın işçilərinin özlərinin "Lada Niva" markalı avtomobillə ov etdiyini görmüş, onlara lazım olan avtomobil rus nömrəli olan avtomobil olduğundan onlara məhəl qoymayıb Şabran rayonunun Nohurlar kəndin düşmüşlər. Kəndə yaxınlaşanda özlərini ekologiyanın işçiləri kimi tanıdan şəxslərin avtomobilləri ilə qarşılaşmışlar. Həmin şəxslərin nə xidməti vəsiqəsi, nə geyim forması, nə də xidməti avtomaşını olmadığından bu özbaşınalığı kimə güvənib etdiklərini soruşmuş və mobil telefon ilə onları lentə almışdır. Onlardan DİN-in 102 xidmətinə şikayət edəcəyini bildirdikdə, tez silahı qardaşına qaytarmaq istəmişlər, lakin Nahid Aslanova bildirmişdir ki, silahın yiyəsi qardaşıdır, ona təqdim etsinlər. Həmin şəxslər silahı ona təqdim edib qaçmış, heç bir sənəd təqdim etmədən oradan uzaqlaşmışlar. Şahid olaraq Şabran rayonu, Qorğan kəndindən olan Fərman adlı kişi də həmin "ekologiyanın işçilərinin" orda ov etdiklərinə şahid olmuşdur. Onların əllərində silah, çiyinlərində patrondaş olmuşdur. Özü isə heç bir ov etməmiş, hər hansı qanunsuz əməli olmamış, ona zor tətbiq edilmiş və cərimə yazılmışdır. Onu nə ov edərkən, nə də heyvan vurarkən tutmayıblar. Maddi sübut kimi ovlanmış heyvanlar da mövcud deyil. Bu səbədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X13 şikayətin məzmununa uyğun izahat verərək, protokolun ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verilən orqanın nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şabran rayonunun Nohurlar kəndi ərazisində xidmət apararkən uzaqdan silah atəşinin səsini eşitdikləri üçün ilk öncə həmin sələrin gəldiyi istiqamətdə binokl vasitəsi ilə müşahidə edib, sonradan isə həmin əraziyə yaxınlaşdıqları zaman X7 ov silahı ilə aşkar etmişlər. Nurlan Aslanov özü orada ov etdiyini bildirdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında onun barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X6 həmin inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin əsassız olduğunu nəzərə alaraq şikayət rədd edilməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən qərardan şikayət verilən orqanın nümayəndəsi X11 göstərmişdir ki, X13 xx.xx.2024-cü il tarixdə Şabran rayonunun Nohurlar kəndi ərazisində özünə məxsus 12 kalibrli, MR-155 markalı, ********** nömrəli silah ilə lazımı icazə (lisenziya) olmadan ov etməsi səbəbi ilə barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şabran rayonunun Nohurlar kəndində yaşayışın olmadığını, X7 birbaşa ov edərkən saxlamamalarına baxmayaraq, onun belindəki ov silahı ilə həmin ərazidə olması və ətrafında dovşan və çöl donuzunun izlərinin olması səbəblərindən onun heyvan güddüyü qənaətinə gəlib ov etməsi barədə akt tərtib etdiklərini, həmin vaxt orada polis əməkdaşlarının olmadıqlarını, X6 təqdim etdiyi ayı ovu ilə bağlı şəkilin 2017-ci ildə baş vermiş hadisə ilə bağlı olduğunu, həmin faktla bağlı cinayət işinin də açıldığını və X6 barəsində tərtib edilmiş akt və inzibati xəta haqqında protokola ilə tanış olduqdan sonra həmin sənədlərə imza çəkdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 öz izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, səhər saatlarında, Şabran rayonunun Nohurlar kəndi ərazisində olduğu zaman özlərini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları kimi təqdim etmiş şəxslərin X6 dəfələrlə tələb etməsinə baxmayaraq ona xidməti vəsiqələrinin göstərməmələrinin və ondan aldıqları ov silahının geri qaytarmalarının şahidi olub. Bundan əlavə, həmin günü at üstündə sözü gedən ərazidə olduğunu, uzun müddət X6 uzaqdan müşahidə etsə də onun ov etdiyini görmədiyini, X2 gedən ərazidə sadəcə gəzdiyini və yaxınlıqda olan atılmış evə getdiyini bildirmiş və özlərini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları kimi təqdim etmiş şəxslərin nəqliyyat vasitəsində X8 məxsus ov silahı ilə yanaşı 2 ədəd ov silahı gördüyünü bildirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək və tərəflərin izahatını araşdıraraq hesab edir ki, X13 barəsində Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X4 tərəfindən xx.xx.2024-cü il tarixli, 83661 nömrəli akt əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X13 xx.xx.2024-cü il tarixdə Şabran rayonunun Nohurlar kəndi ərazisində özünə məxsus 12 kalibrli, MR-155 markalı, ********** nömrəli silah ilə lazımı icazə (lisenziya) olmadan ov etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X13 xx.xx.2024-cü il tarixdə Şabran rayonunun Nohurlar kəndi ərazisində özünə məxsus 12 kalibrli, MR-155 markalı, ********** nömrəli silah ilə lazımı icazə (lisenziya) olmadan ov etməsi səbəbi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 447 nömrəli şəhadətnamədən görünür ki, X6 12 kalibrli, MR-155 markalı, ********** nömrəli ov silahını saxlanılması və təyinatı üzrə istifadə etməsi üçün müvafiq icazəsi vardır. - Şabran rayonu Taxtalar Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 03 nömrəli arayışdan görünür ki, Şabran rayonunun Nohurlar kəndinin ərazisi - Şabran rayonu Taxtalar Bələdiyyəsinin mülkiyyətindədir. - "DVD" diskdəki videogörüntülərdən görünür ki, X14 və X13 "Lada Niva" minik markalı "k 792 AB 05 RUS" nömrəli "Lada Niva" minik markalı nəqliyyat vasitəsində olan şəxslərdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları olmalarını təsdiq edən hər hansı bir sənədi onlara təqdim edilməsini tələb etsələr də, həmin şəxslər onlara hər hansı bir sənəd təqdim etmir və buna baxmayaraq "Lada Niva" minik markalı "k 792 AB 05 RUS" nömrəli "Lada Niva" minik markalı nəqliyyat vasitəsində müvafiq sənədləri tərtib dərək həmin sənədlərə X12 imzalatdırırlar. Bu hadisənin baş verdiyi zaman X5 da həmin ərazidə olmuş və bunun şahidi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İş materiallarına əlavə edilmiş 15 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozulmaqla inzibati xəta törətməsi ehtimal olunan X1 törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən xətanın mahiyyəti, xətanın törədilməsində müntəzəmliyi təsdiqləyən sənədləri, protokol qəbul edilərkən şəxsə hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi, maddi sübutların olubolmaması, həmin maddi sübutların qablaşdırılaraq götürülüb-götürülməməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı qeyd olunan inzibati xətanın törədilməsinə dair məhkəməyə heç bir sübut, inzibati xətanın aşkar edilməsində istifadə olunan foto və ya video görüntülər və s. sübutlar təqdim edilməmişdir. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərarından şikayət verilən orqanın təqdim etdiyi foto şəkillərdən xətanın törədilməsi deyil, yalnız Nurlan Aslanovun üstündə silah və qida məhsulları ilə olan çantanın olması faktını təsdiqləyən foto şəkillərin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun qəbul edildiyi tarix və yer; 100.1.2. protokolu qəbul etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Göründüyü kimi, qəbul edilmiş protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin pozulması ilə tərtib edilmiş, iş materiallarına əlavə edilmiş sənədlərdən konkret olaraq şəxsin ov etməsini təsdiqləyən sübutlar və ya ov nəticəsində əldə edilmiş ov obyekti barədə məlumat məhkəməyə təqdim edilməmiş, həmin ərazidə digər şəxslərin olmasına baxmayarq protokol şahid ifadələri ilə təsdiqlənməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.2. maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Həmin Məcəllənin 77.3. icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının "Ovçuluq haqqında" 20.04. 2004-cü il tarixli, 637-İİQ nömrəli Qanunun 1.0.1-ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi, vəhşi heyvanların izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət ovçuluq fəaliyyəti hesab edilir. Lakin məhkəməyə vəhşi heyvanların izlənilməsini, təqib edilməsini, tutulmasını və vurulması faktını təsdiq edən sübutlar təqdim edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X6 xx.xx.2024-cü il tarixdə Şabran rayonunun Nohurlar kəndi ərazisində özünə məxsus silah ilə lazımı icazə (lisenziya) olmadan ov etdiyi qeyd edilsə də, həmin sənədlərdə X6 məhz hansı hərəkətlərinin ov etməsi kimi qiymətləndirilməsi qeyd edilməmiş və bununla bağlı hər hansı bir əsaslandırma aparılmamış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X6 xx.xx.2024-cü il tarixdə Şabran rayonunun Nohurlar kəndi ərazisində özünə məxsus silah ilə ov etməsini təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilmiş müddəalarının mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərinə qoyulsa da, lakin həmin orqanın əməkdaşları ov etmə faktı məhkəmə iclasında sübut edə bilməmişdir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, X13 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olması, yəni inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhətin (onun ov etməsinin) mövcudluğu sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları yalnız öz subyektiv mülahizələrinə əsasən X13 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar