Məhkəmə qərarları › İş №3(031)-507/2023

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-507/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-507/2023 22.12.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1987-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq Şabran şəhəri, X11 küçəsi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi Nümayəndə tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində olduğu zaman qanunsuz zəbt olunmuş torpaqda tikilmiş daş hasarın sökülməsinə maneçilik göstərmiş, ona yaxınlaşaraq özlərini təqdim edib onu nizam iltizama dəvət etmiş Şabran Rayon Polis Şöbəsinin əməkdaşları mübahisə etmiş, həmin mübahisə zamanı onu nizam iltizama dəvət etmiş ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamış və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq polis əməkdaşılarının tələblərinə məhəl qoymayıb daha da aqressivləşərək öz hüquqazidd hərəkətini davam etdirdiyi üçün məcburi qaydada Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Müvafiq inzibati araşdırma aparıldıqdan sonra Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi Nümayəndə tərtib elədiyi protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində qanunsuz tikilinin Şabran rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən sökülməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs videoçəkiliş həyata keçirməyə başlayıb, ona yaxınlaşaraq özlərini təqdim etmiş polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərib və onun bu əməli tərəflərindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi kimi qiymətləndirilib. Xahiş edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilsin. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf etməyərək göstərmişdir ki, o, 12 (on iki) il müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı olub və xidmətdən xaric edilib. Polis əməkdaşı tərəfindən raport kompüter vasitəsi ilə deyil əl ilə yazılıb imzalanmalıdır. Bu məsələ ilə bağlı o özü daxili işlər orqanlarında işlədiyi zaman cəzalandırılb. Onun işi üzrə isə raport Şabran Rayon Polis X2 Bölməsinin rəisi tərəfindən yazılıb və polis əməkdaşı həmin raporta sadəcə qol çəkib. Həmin raporta imza çəkmiş polis əməkdaşının məhkəmə iclasına dəvət edilərək dindirilməsini xahiş edir. Bununla yanaşı qeyd edir ki, artıq ikinci dəfədir onun ailəsinə məxsus tikilinin sökülməsi həyata keçirilir. Qardaşı hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə xidmətdədir, 2016-cı ilin Aprel Döyüşlərində, İkinci Qarabağ müharibəsində və 2023-cü ilin sentyabr ayında keçirilmiş antiteror əməliyyatında iştirak edib və hazırda da həmin ərazidə xidmət aparır. Sözü gedən mübahisəli torpaq sahəsi onun qardaşına məxsusdur. Müvafiq sənədləşmə işləri aparılmasa da, bununla bağlı tərəflərindən Azərbaycan Respublikasının Baş prokurorluğuna və Şabran rayon prokurorluğuna edilmiş müraciətlər səbəbindən Şabran rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində yerləşən və 05 (beş) ay bundan qabaq tikilmiş tikilinin sökülməsinə cəhd edilmişdir. O, bunu gördüyü üçün həmin şəxslərə yaxınlaşaraq söküntü işlərinin hansı əsasla aparıldığını soruşub, lakin ona hər-hansı bir qərar təqdim edilməyib. Bu səbəbdən də o, üzərindəki mobil telefon vasitəsi ilə bu hadisəni videoya çəkməyə başlayıb. Bunu görən Şabran rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları hadisə yerində Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarını dəvət ediblər. Hadisə yerinə gəlmiş polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib ondan videoçəkilisi dayandırmasını xahiş ediblər və o, onların tələbi əsasında videoçəkilisi dayandırıb. Bundan sonra polis əməkdaşlarının dəvəti əsasında könüllü surətdə Şabran Rayon Polis Şöbəsinə gəlib və Şabran Rayon Polis X2 Bölməsinin rəisinin qəbulunda olub. Sadəcə Şabran rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının qanunsuz əməllərindən ailəsinə məxsus əmlakı müdafiə etməyə cəhd etdiyi nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində olduğu zaman hər-hansı bir polis əməkdaşının hər-hansı bir qanuni tələbinə tabesizlik göstəmədiyini, Şahid3 adlı polis əməkdaşı ilə birlikdə könüllü surətdə Şabran Rayon Polis Şöbəsinə gəldiyini, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunduğunu, iş materialları ilə tanış olduğunu, polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Şahid Şabran Rayon Polis X6 Xidməti Bölməsinin polis nəfəri Şahid3 məhkəmə iclasında verdiyi izahatda göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində olduğu zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onların qanuni tələblərinə tabesizlik göstərib. Belə ki, o, həmin vaxt orada qanunsuz tikilinin sökülməsini həyata keçirən Şabran rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının işinə müdaxilə edib, idarə etdiyi nəqliyyat vasitəsini yolun ortasında saxlayaraq texnikanın işinə maneçilik göstərib və onların bu hərəkətləri dayandırması tələblərinə tabe olmayıb. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi, Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən Vəkil sualına cavab olaraq Şabran rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində yerləşən qanunsuz tikilinin sökülməsi ilə əlaqədar həmin yerdə olduqlarını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onların işlərinə müdaxilə etdiyi gördükləri üçün onların yanlarına yaxınlaşdıqlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sualına cavab olaraq Şabran Rayon Polis Şöbəsinə məxsus nəqliyyat vasitələrinin həmin vaxt oradan çıxa bilmədikləri üçün onu piyada polis əməkdaşlarının müşahidəsi ilə Şabran Rayon Polis Şöbəsinə gətirdiklərini, sədrlik edənin suallarına cavab olaraq isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onların tələbi əsasında Şabran rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının işinə müdaxilə etməyi dayandırmamasını onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirdiklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şabran Rayon Polis X6 Xidməti Bölməsinin bölük komandiri Şahid1 özü izahatında göstərmişdir ki, o və Şabran Rayon Polis Şöbəsinin digər əməkdaşları Şabran rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən artıq bir dəfə sökülməsinə baxmayaraq, yenidən inşa edilmiş qanunsuz tikilinin yenidən xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində sökülməsinin həyata keçirildiyi ərazinin yaxınlığında Şabran Rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişinə əsasən ictimai qaydanın mühafizəsi vəzifələri icra etmələri üçün göndəriliblər. Orada olduqları zaman təqribən bir saat ərzində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə Şabran rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları arasında mübahisə yarandığını görsələr də, orada sadəcə ictimai qaydanın mühafizəsi vəzifələri icra etdikləri üçün buna müdaxilə etməyiblər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs söküntü işlərinin həyata keçirilməsi üçün müvafiq texnikanın həmin əraziyə yaxınlaşdığını gördüyü zaman idarə etdiyi nəqliyyat vasitəsini yolun ortasında saxlayaraq sözü gedən texnikanın əraziyə girişini çətinləşdirib. Onlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini oradan çəkməsini tələb etsələr də, o, həmin nəqliyyat vasitəsinin ona məxsus olmadığını səbəb gətirərək bunu etməkdən imtina etmişdir. Bundan sonra onlar həmin əraziyə Şabran Rayon Polis X9 Polis Bölməsinin əməkdaşlarını dəvət ediblər və evakuator xidmetinin köməkliyi ilə sözü gedən nəqliyyat vasitəsi oradan götürülüb. Bundan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin ərazidəki texnikaların qarşısını kəsərək, onların iş fəaliyyətinə mane olub. Onlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bunu etməyi dayandırmağı tələb etsələr də, o, onların qanuni tələblərinə qəsdən tabe olmayıb. Bundan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onların dəvəti əsasında Şabran Rayon Polis Şöbəsinə gəlib. Şahid Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məsləhətçisi Şahid2 məhkəmə iclasında verdiyi izahatda göstərmişdir ki, Şabran rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən artıq bir dəfə sökülməsinə baxmayaraq, yenidən inşa edilmiş qanunsuz tikilinin yenidən xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində sökülməsinin həyata keçirildiyi zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onların iş fəaliyyətinə mane olub və onu nizam iltizama dəvət etmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi, Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən Vəkil sualına cavab olaraq Şabran rayon icra Hakimiyyəti başçısının göstərişi əsasında həmin əraziyə getdiklərini, onlarda sözü gedən tikilinin sökülməsi ilə bağlı hər-hansı bir yazılı qərarın olmadığını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sadəcə onlardan tikilini sökməmələrini tələb etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi, Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırki iş üzrə isə, Şabran rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları hər-hansı bir qanuni əsas olmadan xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində yerləşən tikili sökülməsini həyata keçiriblər və hüquqlarını müdafiə etdiyi şəxs Şəxs bu hərəkətlərinin qanuni olduğunu təsdiq edən hər-hansı bir sənəd təqdim etməyiblər. Şəxs sadəcə ailəsinin mülkiyyətində olan əmlakı müdafiə edib. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İnzibati xəta hadisəsini özündə əks etdirən və inzibati xəta haqqında protokolu tərtib etmiş Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi Nümayəndə mobil telefonunda olan videogörüntülərdən görünür ki, Şabran rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində yerləşən tikili sökülməsini həyata keçiridikləri zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onların xidməti fəaliyyətinə maneçilik törətmişdir və ona yaxınlaşaraq onu nizam-iltizama dəvət etmiş polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq söküntü işlərinin aparılmasına imkan verməmişdir (qeyd edilən videogörüntülər "DVD" diskə köçürülərək iş materiallarına əlavə edilmişdir). - 761 nömrəli X5 haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdən, saat 20:20-dən başlayaraq Şabran Rayon polis X4 yerində inzibati qaydada tutulmuşdur. - Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023cü il tarixdə, saat 19:30 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə tabeçilik göstərməməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halların aşkar edilməməsini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdən, saat 20:20-dən etibarən Şabran Rayon Polis X4 Yerində inzibati qaydada tutulduğundan, inzibati həbsdə saxlama müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən X5 müddəti inzibati həbs müddətinə daxil edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128, 130 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.

2. İnzibati həbs haqqında qərar dərhal icra edilsin.

3. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 20:20dən hesablansın.

4. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinə həvalə edilsin.

5. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar