Məhkəmə qərarları › İş №3(031)-513/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-513/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-513/2025 14.11.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1983-cü il tarixdə Dəvəçi rayonunda andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyətı üzrə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 05:00 radələrində Şabran rayonu ərazisində yerləşən “Ağzıbir” ovçuluq təsərrüfatına quş ovlamağa **-BF-*** dövlət qeydiyyat nişanlı, “UAZ” markalı avtomobil ilə gedən zaman Şabran RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçısının məhkəmə iclasında verdiyi izahatı dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinin inzibati xəta tərkibi olması müəyyən edildiyindən, sözü gedən şəxs barəsində həmin maddə ilə tədbir görülməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikasının “Ovçuluq haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi, vəhşi heyvanların izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət ovçuluq fəaliyyəti hesab edilir. Lakin məhkəməyə vəhşi heyvanların izlənilməsini, təqib edilməsini, tutulmasını və vurulması faktını təsdiq edən sübutlar təqdim edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şabran Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş sözügedən inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-cİ il tarixdə Şabran rayonu ərazisində ov etmək üçün “UAZ” markalı avtomobil ilə hərəkətdə olması qeyd edilmiş, lakin həmin sənədlərdə Şəxs məhz hansı hərəkətlərinin ovçuluq kimi qiymətləndirilməsi qeyd edilməmiş və bununla bağlı hər hansı bir əsaslandırma aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən Bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 272.3-cü maddəsinə əsasən balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs əməlində ov edilməsi halları, yəni tərəfindən vurulmuş quşların izlənilməsi, təqib edilməsi, tutulması və vurulması halları olmamışdır. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar