Məhkəmə qərarları › İş №3(031)-521/2020

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-521/2020

18.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-521/2020 18.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxx 1994-cü il tarixində Dəvəçi rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şabran rayonunun Təzəkənd kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol xx xxxxxx 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsinin 3(031)-400/2020 nömrəli inzibati xəta haqqında işi üzrə xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, həmin qərarı icra etməkdən qərəzli olaraq boyun qaçırır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Şabran Rayon Məhkəməsinin 3(031)-400/2020 nömrəli inzibati xəta haqqında işi üzrə xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərar üzrə Şabran rayon İcra və Probasiya şöbəsində onun tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərarla icraata başlanılmış, lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona istinad edilən əməli törətdiyini etiraf etməyərək, Şabran Rayon Məhkəməsinin 3(031)-400/2020 nömrəli inzibati xəta haqqında işi üzrə xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edildiyini, məhkəmə qərarına hörmətlə yanaşdığını, ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən qərəzli olaraq boyun qaçırmadığını, sadəcə Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq sözü gedən qərarı bu günədək icra edə bilmədiyini göstərmiş və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Məhkəməsinin 3(031)-400/2020 nömrəli inzibati xəta haqqında işi üzrə xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, həmin qərar əsasında Şabran rayon İcra və Probasiya şöbəsində Şabran Rayon Məhkəməsinin 3(031)-400/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarı üzrə icraata başlanılmısdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli, 148/2020 nömrəli göndərişin surətindən görünür ki, Şəxs xx xxxxxxx 2020ci il tarixdə Şabran rayon Yaşıllıq və Təmizlik idarəsində gedərək barəsində təyin edilmiş ictimai işlər növündə inzibati tənbehi çəkməli olması və ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə məsuliyyət barədə məlumatlandırıldığını öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran rayon Yaşıllıq və Təmizlik idarəsinin Şabran Rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 70 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məktubun surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən barəsində təyin edilmiş ictimai işlər növündə inzibati tənbehi çəkilməsi ilə bağlı Şabran rayon Yaşıllıq və Təmizlik idarəsinə heç-bir müraciət daxil olmamışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsinin 3(031)-400/2020 nömrəli inzibati xəta haqqında işi üzrə xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərar üzrə Şabran rayon İcra və Probasiya şöbəsində xx xxxxxxx 2020-ci il tarixli qərarla icraata başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxx 2020ci il tarixdə Şabran rayon Yaşıllıq və Təmizlik idarəsində gedərək barəsində təyin edilmiş ictimai işlər növündə inzibati tənbehi çəkməli olması və ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə məsuliyyət barədə məlumatlandırıldığını öz imzası ilə təsdiq etmişdir. Lakin Şəxs məhkəmə iclasında verdiyi izahatdan görünür ki, onun əməlində üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək halları yoxdur. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə - üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 529-cu maddəsinin “Qeyd” – inə əsasən:

1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.

2. Bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: 2.1. üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; 2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; 2.2-1. elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; 2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, Şabran Rayon Məhkəməsinin 3(031)-400/2020 nömrəli inzibati xəta haqqında işi üzrə xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş qərarla təyin edilmiş cəzanın çəkilməməsinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar