Məhkəmə qərarları › İş №3(031)-550/2020

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-550/2020

16.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-550/2020 16.12.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Zərər çəkmiş şəxs X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə açıq məhkəmə iclasında, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxx 1968-ci il tarixə Dəvəçi rayonunda anandan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şabran rayonunun Ağbaş kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Şabran Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək, xx xxx 2020-ci il tarixdə, saat 11:00 radələrində, Şabran rayonunun Ağbaş kəndi ərazisində zərər çəkmiş şəxs X5 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun onu təhqir etməsindən əsəbiləşib X2 ünvanına nəlayiq ifadələr işlətdiyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 Umcahan Ağasəlim qızının xx xxx 2020-ci il tarixdə, saat 11:00-da, Şabran rayonunun Ağbaş kəndində onunla mübahisə etdiyi zaman onu təhqir etdiyini bildirərək, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şabran Rayon Polis Təhqiqat Qrupunun təhqiqatçısı X3 icraatında olan HK-1/510 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx xxx 2020-ci il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən aparılmış araşdırma nəticəsində Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin inzibati xəta tərkibi olması müəyyən edildiyindən, sözü gedən şəxs barəsində həmin maddə ilə tədbir görülməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, lakin törədilmiş inzibati xətanın ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olduğunu və həmin növdə inzibati xətaya görə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edildiyi gündən ən geci 03 (üç) ay keçənədək verilməsi barədə inzibati xətalar qanunvericiliyinin tələbini, hələ inzibati xəta haqqında protokolun məhkəməyə daxil olanadək həmin müddətin başa çatdığını və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alıb, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar