Məhkəmə qərarları › İş №3(031)-557/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-557/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-557/2025 17.12.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə Hüquqi ünvanı Şabran şəhəri, Dəmir Yolunun alt tərəfi olan Şəxs (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə daxil olmuşdur. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2023-cü il üzrə maliyyə hesabatlarının auditini 2024-cü ildə aparmadığı üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi (Məcburi auditdən yayınma) ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair müvafiq inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqi ünvanına (Şabran şəhəri, Dəmir Yolunun alt tərəfi) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasına gəlməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2023-cü il üzrə maliyyə hesabatlarının auditini 2024-cü ildə aparmadığı iş materiallarına olan sənədlərlə tam sübuta yetirilir. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tövsif edilməli və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olması aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilmə üçün əsaslar yoxdur. Belə ki, iş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş: - CMS - ”AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "QARABAĞ TOXUM” Məhdud Məsuliyyətli Cəmiyyəti öz təşkilati hüquqi formasına görə Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri X1 tərəfindən "QARABAĞ TOXUM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-23/2-8638/2025 saylı bildirişdən görünür ki, "QARABAĞ TOXUM” Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində xx.xx.2025-ci il tarixdə, saat 09:45-də Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə çağırılmışdır. - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "QARABAĞ TOXUM” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2023-cü il üzrə maliyyə hesabatlarının auditini 2024-cü ildə aparmadığı üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi (Məcburi auditdən yayınma) ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri X1 tərəfindən "QARABAĞ TOXUM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-23/2-9307/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol "QARABAĞ TOXUM” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "QARABAĞ TOXUM” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati məsuliyyət məsələsinə hüquqi qiymət verilməsi üçün bəzi qanunvericilik normaları nəzərdən keçirilməlidir. Azərbaycan Respublikasının “Auditor xidməti haqqında” xx.xx.1994-cü il tarixli, 882 nömrəli Qanununun 2-ci maddəsinə əsasən audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Həmin Qanunun 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. Sifarişçi auditorun öz peşə vəzifələrini tam və keyfiyyətlə yerinə yetirməsinə bütün lazımi şəraitin yaradılması üçün məsuliyyət daşıyır. Auditor öz müştərisindən, eləcə də bu işdə marağı olan hər hansı üçüncü şəxsdən asılı deyildir. Auditor və ya auditor təşkilatı tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsi auditor rəyinin təhvil-qəbul aktı ilə müəyyən olunur. Auditor rəyi müəyyən olunmuş forma əsasında tərtib edilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. Ö, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Təsərrüfat subyektləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edir. Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” xx.xx.2004-cü il tarixli, 716-İİQ nömrəli Qanununun 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. Həmin Qanunun 11.0-cı maddəsinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: 11.0.1. İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; 11.0.2. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; 11.0.3. Digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1dən dekabr ayının 31-i də daxil olmaqla. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını müvafiq qurumlara qanunvericilik aktları ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda, təqdim edirlər. Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” xx.xx.2004-cü il tarixli, 716-İİQ nömrəli Qanununun 5.3-cü maddəsində göstərilən mühasibat uçotu subyektləri tərəfindən maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydası Azərbaycan Respublikasının müvafiq sahəvi qanunları ilə tənzimlənir. Digər kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli, 716-İİQ nömrəli Qanunun 2.1.9-cu, 2.1.16-cı maddələrində, 12.1-ci maddəsinin üçüncü cümləsində, 13.2-ci, 13.3-cü maddələrində, 14.6-cı maddəsinin ikinci cümləsində, 14-1.2-ci maddəsində, 14-1.3-cü maddəsinin birinci cümləsində, 18.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli, 716-İİQ nömrəli Qanununun 12.4-cü maddəsinə əsasən mühasibat uçotu subyektinin nizamnaməsi ilə müəyyən olunmuş idarəetmə orqanı bu subyektin maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanmasına, təqdim və dərc olunmasına cavabdehdir. Həmin Qanunun 12.5-ci maddəsinə əsasən kommersiya təşkilatlarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları bu Qanunun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları” – nın 3-cü bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Kommersiya təşkilatı illik maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən əsas cəmiyyətə, bunlar olmadıqda isə təsisçiyə (təsisçilərə) təqdim edir. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən kommersiya təşkilatı həmin hesabatları tabe olduğu yuxarı təşkilata və təsisçiyə (təsisçilərə) təqdim edir. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər, kredit büroları və poçt rabitəsinin milli operatoru “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları” – nın 3.1-ci bəndində müəyyən edilən müddətlərdə illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidirlər. Kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə verilir. Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda və qaydada auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları istisna olmaqla) siyahısını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Həmin Məcəllənin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 91.5-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Beləliklə yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Məhdud Məsuliyyətli Cəmiyyətlərə münasibətdə mülki qanunvericilikdə illik maliyyə hesabatının dərc edilməsi vəzifəsi müəyyən edilməsə də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən Məhdud Məsuliyyətli Cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Beləliklə məhkəmə iclasında aşkar edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "QARABAĞ TOXUM” Məhdud Məsuliyyətli Cəmiyyəti öz təşkilati hüquqi formasına görə Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, belə olan halda onun illik maliyyə hesabatının yoxlanılması üçün hər il müstəqil auditor cəlb etmək, yəni məcburi audit yoxlaması keçirmək vəzifəsi vardır. "QARABAĞ TOXUM” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2013cü il tarixdə qeydiyyata alındığından, 2023-cü il üçün illik hesabat dövrü həmin ilin yanvar ayının 1-dən, dekabr ayının 31-dək olan müddəti əhatə etməlidir. “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları” - na görə "QARABAĞ TOXUM” Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü ilin maliyyə hesabatı dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı il olan 2023-ci ilin aprel ayının 30-dan və iyun ayının 30-dək gec olmayaraq 2023-cü ilin maliyyə hesabatını təqdim etməli idi. Bununla yanaşı Məhdud Məsuliyyətli Cəmiyyətlərə münasibətdə qanunvericilikdə məcburi audit yoxlanılmasının hər il keçirilməsi nəzərdə tutulsa da lakin konkret olaraq hansı vaxtadək onun keçirilməsi barədə birbaşa göstəriş yoxdur. Yalnız Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün hər il müstəqil auditor cəlb etməlidir. Belə olan halda, "QARABAĞ TOXUM” Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü ilin illik hesabatının düzgünlüyünü yoxlamaq məqsədilə 2024-cü il ərzində istənilən vaxt hesabatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilib-edilməməsindən asılı olmayaraq 2024-cü ilin son gününədək, yəni xx.xx.2024-cü il tarixədək müstəqil audit cəlb edə bilər. Qeyd olunan son tarixədək "QARABAĞ TOXUM” Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil audit cəlb edilmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş olur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların aşkar edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 34, 43, 106-112, 114, 104, 117, 128, 130 və 464-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.

2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar