Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-82/2024 27.03.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X3, Qərardan şikayət verilən orqanın nümayəndəsi X2 iştirakı ilə X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Uzunboyad bələdiyyəsi ərazisində onun iştirakı və məlumatı olmadan xx.xx.2024-cü il tarixdə guya kənd ərazisində olan zibilliklərin təmizlənməsinə görə məcburi göstərişin icrası ilə əlaqədar reyd keçirilərkən kənd ərazisində bərk məişət tullantılarının qalaqlanması faktı aşkarlanmış, bununla əlaqədar olaraq barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Protokol onun xəbəri və iştirakı olmadan tərtib olunmuş, harada yazılması ona məlum deyildir. O, həmin protokolla tanış deyil və imza etməmişdir. Ona 5 saylı RETSİ tərəfindən heç bir məcburi göstəriş göndərilməmişdir. Şabran rayon Uzunboyad bələdiyyəsi ərazisində və heç bir bələdiyyə torpağında məişət tullantılarının qalıqlanması faktı olmamış, zibil atılmış bəzi ərazilər dövlət mülkiyyətinə aid torpaqlarda, dəmir yolunun qoruma zolağında, avtomobil yollarının mühafizə zolağı və su kallektorlarının qoruma zolağına aid olan torpaq sahələrindəolmuşdur. Həmin torpaq sahələrinə də bələdiyyə tərəfindən müdaxilə edilməsi yolverilməzdir. Xaçmaz Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli 3-16-25/3-U-4-826/2023 saylı məktubuna əsasən istər “Bələdiyyələrin statusu haqqında”, istərsə də “İstehsalat və məişət tullantıları haqqında” Qanunlarda və digər qanunvericilik aktlarında məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı ilə bağlı məsələlərin həyata keçirilməsinə görə bələdiyyələrin üzərinə vəzifə qoyulmamışdır. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək idarənin əməkdaşlarının xx.xx.2023-cü il tarixdə onun barəsində protokol tərtib etdiklərini, həmin protokoldan şikayət verdiyini və məhkəmə tərəfindən ləğv edildiyini, heç bir inzibati xəta tərkibi olmadığı halda qanunsuz məcburi göstərişi icra etməli olmadığını bildirmiş, ona görə də xx.xx.2024-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini və əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şabran rayonu Uzunboyad bələdiyyəsinin ərazisində aparılmış reyd zamanı kənd ərazisində müxtəlif yerlərdə bərk məişət tullantılarının qanunsuz olaraq qalaqlandığı, uzun müddət daşınmadan saxlanıldığı müəyyən edildiyinə görə protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli qərar qəbul edilərək Uzunboyad bələdiyyəsinin sədri X5 İXM-nin 271-ci maddəsi ilə cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə bələdiyyəyə məcburi göstəriş göndərilərək tullantıların qanunamüvafiq əraziyə 30 gün müddətində daşınmasının təmin edilməsi tapşırılmışdır. Lakin bu müddət ərzində məcburi göstəriş yerinə yetirilmədiyinə görə İXMnin 541-ci maddəsi ilə protkol tərtib edilmiş və xx.xx.2024-cü il tarixli qərarla 3000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” qaydalarının 10.5-ci bəndinə əsasən bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. Ona görə də şikayətin əsassız olduğunu, rədd edilməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 83637 nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, vətəndaş müraciəti əsasında bələdiyyə ərazisində tullantıların qanunsuz qalaqlanması barədə şikayəti əsasında araşdırma aparılmış, kənd ərazisində müxtəlif yerlərdə bərk məişət tullantılarının qanunsuz olaraq qalaqlandığı, uzun müddət daşınmadan saxlanıldığı müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şabran rayonu Uzunboyad bələdiyyəsinin ərazisində bər məişət tullantıları ətraf mühitin tələblərinə əməl olunmadan qanunsuz olaraq qalaqlanmış, nəticədə X5 barəsində Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə protokol tərtib edilmişdir. - xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, X5 şərti olaraq Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə olunmuşdur. - Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin Seyidlikəndyeri bələdiyyəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, məişət tullantılarının yığılması, nəql edilməsi və zərərsizləşdirilməsinin həyata keçirilməsi bələdiyyələrin vəzifəsi deyil, hüququdur, ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsi tərəfindən İXM-nin 271-ci maddəsinə əsasən Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin vəzifəli şəxsinə tərtib edilmiş protokol qanuna uyğun deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqına proktol qərardan şikayət verən şəxs X3 iştirakı olmadan tərtib olunmuşdur. Bu hal isə inzibati prosessual qanunvericiliyin kobud pozuntusudur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Qeyd olunan normalardan göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı vacibdir. Hazırki halda isə protokol tərtib edilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakı təmin edilmədiyinə görə onun izahatının alınması mümkün olmamış, bununla da onun hüquqları kobud şəkildə pozulmuşdur. “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri, yəni bələdiyyə əhalisinin həyat fəaliyyətinin bilavaasitə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilən məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. “İstehsalat və məişət tullantıları haqqında” Qanunun 5-ci maddəsinin 18-ci abzasında tullantıların idarə olunmasının yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyə uyğun təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Qanunun 2-ci və 6-cı maddələrinə uyğun olaraq bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edə, yerli ekoloji proqramlar qəbul edə bilərlər. Məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər ekoloji proqramlara daxil edilə bilər. Lakin bu tədbirlər dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulmayan məsələlərə aiddir. Göründüyü kimi istər “Bələdiyyələrin statusu haqqında”, istərsə də “İstehsalat və məişət tullantıları haqqında” qanunlarda və digər qanunvericilik aktlarında məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı ilə bağlı məsələlərin həyata keçirilməsinə görə bələdiyyələrin üzərinə hər hansı vəzifə qoyulmamışdır. Bu məsələlərin həyata keçirilməsi bələdiyyələrin vəzifəsi deyil, hüququdur. Bu hüququ bələdiyyələr maliyyə imkanlarına uyğun olaraq tərtib etdikləri ekoloji proqramlar çərçivəsində həyata keçirə bilərlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.7.3-cü yarımbəndində məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görülməsi yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir. Qeyd olunan normadan da göründüyü kimi məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi üçün tədbirlərin görülməsinin bələdiyyələr tərəfindən deyil, yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan vəzifələrin yerli icra hakimiyyəti orqanları tərəfindən özünüidarəetmə orqanı olan bələdiyyələrə, konkret olaraq Şabran rayonu Uzunboyad bələdiyyəsinə tapşırılması barədə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədi. Bundan başqa, oxşar iş üzrə Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsi Seyidlikəndyeri bələdiyyəsinə ünvanladığı məktubda qeyd etmişdir ki, heç bir qanunvericilik normasında məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı ilə bağlı məsələlərin həyata keçirilməsi görə bələdiyyələrin üzərinə vəzifə qoyulmamışdır. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya İdarəsi tərəfindən İXM-nin 271-ci maddəsinə əsasən Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin vəzifəli şəxsinə tərtib edilmiş protokol qanuna uyğun deyil. Göründüyü kimi oxşar iş üzrə mövcud təcrübədə bələdiyyənin vəzifəli şəxsi barəsində İXM-nin 271-ci maddəsi ilə tərtib edilmiş protokolun qanunvericiliyə uyğun olmaması barədə Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsi tərəfindən müvafiq rəy verilmişdir. Qeyd olunanlardan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt və inzibati xəta haqqında protokolda məişət tullantılarının Uzunboyad bələdiyyəsinin ərazisində qalaqlandığı qeyd edilsə də, həmin ərazinin bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində olması barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən hallar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılarkən Şabran Rayon Məhkəməsinin 3(031)- 1/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında da qeyd edilmişdir. Həmin qərarla bələdiyyənin şikayəti təmin edilmiş və sədr X5 barəsində İXM-nin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı ilə bağlı məsələlərin həyata keçirilməsi görə bələdiyyələrin üzərinə hər hansı vəzifə qoyulmamışdır. Belə olduğu halda bələdiyyəyə göndərilmiş xx.xx.2023-cü il tarixli məcburi göstəriş də qanunsuz və əsassızdır. Həmin göstərişdə qeyd edilən qanunsuz göstərişi Uzunboyad bələdiyyəsinin sədri icra etməməkdə haqlıdır. Məhkəmə, həmçinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin məhkəmə iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” qaydalarının 10.5-ci bəndinə istinad etməsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012ci il tarixli 648 nömrəli Fərman ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” Nazirlər Kabinetinin qaydalarından üstün hüquqi qüvvəyə malikdir. Onlar arasında ziddiyyət olduqda, fərman üstün hesab edilir. “Normativ hüquq aktlar haqqında” Azərbaycan Respublikası Konsitusiya Qanununun 2.1-ci maddəsinə əsasən normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin birinci hissəsinə əsasən qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Konstitusiyanın 149-cu maddəsinin beşinci hissəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İXM ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh Azərbaycan Respublikasının İXM-nə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikasının İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilsin və Şabran rayonu Uzunboyad bələdiyyəsinin sədri X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 541-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-82/2024
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-82/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver