Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-86/2022 01.04.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; Şabran rayon prokurorunun böyük köməkçisi vəzifə üzrə stajor X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Mütəxəssis Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı-məsləhətçisi X1 iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, 02 avqust 1994-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs balıqların mühafizəsi qaydalarını pozmuşdur. Belə ki, o, X2 və X10 ilə birlikdə “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 27 mart 1998-ci il tarixli, 457-İQ nömrəli Qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir və nəsli kəsilməkdə olan balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələbinə zidd olaraq “Balıq və digər su bioresursları ovunun Qaydaları” - nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun” Qaydalarının tələblərini pozub ümumilikdə çəkisi 01 (bir) kiloqram 510 (beş yüz on) qram təşkil edən 01 (bir) ədəd xəzər qızılbalığını 17 yanvar 2022-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun ərazisindən “ÇQ-3018” bort nömrəli üzmə vasitəsi ilə Xəzər dənizinin ərazisinə daxil olub ovlamış, bundan sonra həmin günü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil X3 Şöbəsinin əməkdaşları tərəfindən Şabran rayonunun Çayqaraqaşlı kəndi ərazisində X5 Bölməsinin xidməti ərazisinin sağ cinahı 87-ci yanalma körpüsündə rejim sularından qayıdan “ÇQ-3018” bort nömrəli üzmə vasitəsinə baxış keçirildiyi zaman həmin 01 (bir) ədəd xəzər qızılbalığı aşkar edilmiş və Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi X7 tərəfindən 19 fevral 2022-ci il tarixdə qəbul edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar ilə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş başlanılmış və həmin qərar sözü gedən inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şabran rayon prokurorunun böyük köməkçisi vəzifə üzrə stajor X9 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X2 və X10 ilə birlikdə 17 yanvar 2022-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun ərazisindən “ÇQ-3018” bort nömrəli üzmə vasitəsi ilə Xəzər dənizinin ərazisinə daxil olduqdan sonra “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 27 mart 1998-ci il tarixli, 457-İQ nömrəli Qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir və nəsli kəsilməkdə olan balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələbinə zidd olaraq “Balıq və digər su bioresursları ovunun Qaydaları” - nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun” Qaydalarının tələblərini pozub ümumilikdə çəkisi 01 (bir) kiloqram 510 (beş yüz on) qram təşkil edən 01 (bir) ədəd xəzər qızılbalığı ovladıqlarını bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona istinad edilən əməli törətdiyini etiraf etməyərək göstərmişdir ki, 17 yanvar 2022-ci il tarixdə, səhər saatlarında, X2 və X10 ilə birlikdə Şabran rayonunun ərazisindən “ÇQ-3018” bort nömrəli üzmə vasitəsi ilə Xəzər dənizinin ərazisinə daxil olduqdan sonra ümumilikdə çəkisi 01 (bir) kiloqram 510 (beş yüz on) qram təşkil edən 01 (bir) ədəd balıq ovlamışdır. Lakin həmin balıq xəzər qızılbalığı deyil. Göstərilən xüsusiyyətin nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mütəxəssis Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı-məsləhətçisi X6 30 mart 2022-ci il tarixli rəyi məhkəməyə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X2 və X10 ilə birlikdə 17 yanvar 2022-ci il tarixdə ovladığı ümumilikdə çəkisi 01 (bir) kiloqram 510 (beş yüz on) qram təşkil edən 01 (bir) ədəd balığın xəzər qızılbalığı olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatları dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş “X5 Bölməsinin xidməti ərazisində baxış zamanı ovlanması qadağan olunmuş nərə cinsli balıqların aşkar olunması və müvafiq qaydada saxlanılmasına dair” 17 yanvar 2022-ci il tarixli, 02 nömrəli aktdan görünür ki, X5 Bölməsinin əməkdaşları tərəfindən 17 yanvar 2022-ci il tarixdə Şabran rayonunun Çayqaraqaşlı kəndi ərazisində X5 Bölməsinin xidməti ərazisinin sağ cinahı 87-ci yanalma körpüsündə rejim sularından qayıdan “ÇQ-3018” bort nömrəli üzmə vasitəsinə baxış keçirildiyi zaman aşkar edilərək götürülmüş ümumilikdə çəkisi 01 (bir) kiloqram 510 (beş yüz on) qram təşkil edən 01 (bir) ədəd xəzər qızılbalığı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil X3 Şöbəsinin anbarındakı soyuducuya yerləşdirilmişdir. İş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi X7 tərəfindən 19 fevral 2022-ci il tarixdə qəbul olunmuş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X2 və X10 ilə birlikdə “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 27 mart 1998-ci il tarixli, 457-İQ nömrəli Qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir və nəsli kəsilməkdə olan balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələbinə zidd olaraq “Balıq və digər su bioresursları ovunun Qaydaları” - nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun” Qaydalarının tələblərini pozub ümumilikdə çəkisi 01 (bir) kiloqram 510 (beş yüz on) qram təşkil edən 01 (bir) ədəd xəzər qızılbalığı 17 yanvar 2022-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun ərazisindən “ÇQ-3018” bort nömrəli üzmə vasitəsi ilə Xəzər dənizinin ərazisinə daxil olub ovlaması səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş başlanılmısdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30 mart 2022ci il tarixli mütəxəsis rəyindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X2 və X10 ilə birlikdə 17 yanvar 2022-ci il tarixdə, səhər saatlarında, Şabran rayonunun ərazisindən “ÇQ-3018” bort nömrəli üzmə vasitəsi ilə Xəzər dənizinin ərazisinə daxil olduqdan sonra ovladığı ümumilikdə çəkisi 01 (bir) kiloqram 510 (beş yüz on) qram təşkil edən 01 (bir) balıq - xəzər qızılbalığıdır. “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 27 mart 1998-ci il tarixli, 457-İQ nömrəli Qanununun 8-ci maddəsinə əsasən balıqçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır: balıqçılıq sahəsində dövlət siyasətini həyata keçirmək; balıqçılıq sahəsində normativ hüquqi aktlar qəbul etmək; balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət etmək; balıq və digər su bioresurslarının artırılması, bərpası, mühafizəsi, iqlimləşdirilməsi, balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatı monitorinqi, kadastrı və meliorasiyası işlərini təşkil etmək; Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir və nəsli kəsilməkdə olan balıq və digər su bioresurslarının qorunması üçün müvafiq rejimi və xüsusi mühafizə olunan su sahələrini (akvatoriyalarını) müəyyən etmək; balıqçılıq sahəsində texniki normativ hüquqi aktları, balıqçılığın inkişafının elmi əsaslarını hazırlamaq və təsdiq etmək; balıq və digər su bioresurslarının ovu və toplanmasının limitlərini (kvotalarını) müəyyən etmək və tənzimlənməsini həyata keçirmək; balıq və digər su bioresurslarının vəziyyətinə təsir edən müəssisələrin, texniki qurğuların, digər su təsərrüfatı və energetika obyektlərinin tikintisi, yenidən qurulması layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hazırlanmış ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan layihələrin dövlət ekoloji ekspertizasını keçirmək; balıqçılıq sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək. Həmin Qanunun 11-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının idman və həvəskar ovu insanların şəxsi ehtiyacları və istirahəti üçün ümumi istifadədə olan balıqçılıq su obyektlərində sərbəst ov etməsini nəzərdə tutur. Xüsusi mühafizə olunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər balıqçılıq su obyektlərindən Azərbaycan Respublikasının Su Məcəlləsinə və su obyeklərindən istifadəyə dair digər normativ hüquqi aktlara uyğun olaraq balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün istifadə edilə bilər. Balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərinin və ya onların müəyyən hissəsinin ayrılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının idman və həvəskar ovu su obyektlərinin istifadəçiləri və mülkiyyətçilərinin razılığı ilə həyata keçirilir. İdman və həvəskar ovun həyata keçirilmə vaxtı, yeri, ovlanan balıq və digər su bioresurslarının miqdarı və ölçüləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada məhdudlaşdırıla bilər. İdman və həvəskar ov nəticəsində ovlanan balıq və digər su bioresurslarının məskunlaşdığı mühitə qaytarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. Balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün ayrılmış balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının kütləvi qırğınına səbəb ola bilən zəhərli, kimyəvi və partlayıcı maddələrin, habelə qadağan olunmuş ov alətlərinin tətbiqi qadağan olunur. Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının idman və həvəskar ovu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalar əsasında həyata keçirilir. “Balıq və digər su bioresursları ovunun Qaydaları” - nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun” Qaydalarının 2.5.3-cü hissəsinə əsasən balıq və digər su bioresurslarının sənaye ovunu həyata keçirən şəxslərə nəsli kəsilmək üzrə olan qiymətli balıq və digər su bioresursları növlərinin (qaya balığı (kələmo), zərdəpər, xəzər qızılbalığı, dəniz sıfı, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, poru) ovu qadağıandır. Həmin Qaydaların 4.1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının (qaya balığı (kələmo), zərdəpər, xəzər qızılbalığı, dəniz sıfı, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, poru) ovu balıq və digər su bioresurslarının qorunması, onların populyasıyasının vəziyyətinə monitorinqin həyata keçirilməsi, onların süni artırılmasının və iqlimləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs balıqların mühafizəsi qaydalarını pozması sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı X2 və X10 ilə birlikdə törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128, 130 və 272.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yəni hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil X3 Şöbəsinin anbarındakı soyuducuda saxlanılan ümumilikdə çəkisi 01 (bir) kiloqram 510 (beş yüz on) qram təşkil edən 01 (bir) ədəd xəzər qızılbalığı müsadirə edilməklə 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.
2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Çingiz İsgəndərov