Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1008/2024 11.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Şəxs MMC-nin nümayəndəsi vəkil X1, Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-in (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 06 noyabr 2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokola görə, hüquqi ünvanı Şirvan şəhəri, Naxçıvan küçəsi ev 1 ünvanında yerləşən Şəxs MMC-i ********.00 Rusiya rublu məbləğində olan vəsaiti 13 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və 2 il müddət keçsə də vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 14 oktyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir . Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi vəkil X2 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, müəssisənin əsas fəaliyyəti hərbi təyinatlı məmulatların (məhsulların) istehsalı ilə məşğul olmaqdır. Müəssisədə istehsal prosesi üçün nəzərdə tutulan avadanlıqların bəzisini əldə etmək üçün xarici dövlətlərlə beynəlxalq qanunvericilik çərçivəsində əməkdaşlıq edilir. Bu qəbildən 14 adda hərbi təyinatlı məhsulların istehsal prosesi üçün mütləq tələb olunan avadanlıqların əldə olunması istiqmətində Rusiya Federasiyasında fəaliyyət göstərən “Spesmaşininiirinq” şirkəti ilə müəssisə arasında 19 iyul 2021-ci il tarixdə xx/xx-2021 nömrəli müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərində, o cümlədən 2.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilənin ümumi məbləği 2 612 100 (iki milyon altı yüz on iki min yüz) ABŞ dolları təşkil edir. Müqavilənin 4.4-cü maddəsində qeyd edilmişdir ki, tədarükçü hesablaşma hesabına ödənişin daxil olduğu andan etibarən 21 (iyirmi bir) ay ərzində malın tədarükə hazırlığı barədə alıcını xəbərdar edəcək. Müqavilənin 10.2-ci bəndində müəyyən olunmuşdur ki, müqavilə imzalandığı andan etibarən qüvvəyə minir və tərəflərin bütün öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir . Sözügedən müqavilənin şərtlərinə əsasən nəzərdə tutulan öhdəliklər müəssisə tərəfindən tam yerinə yetirilmiş, o cümlədən, ödənişlər tam şəkildə satıcının bank hesabına köçürülmüş, satıcı şirkət tərəfindən isə öhdəliklər tam deyil, qismən yerinə yetirilmişdir. Belə ki, satıcı şirkət tərəfindən müqavilənin əsas tərkib hissəsi sayılan 1 saylı əlavədə nəzərdə tutulan 14 müxtəlif adda olan avadanlıqlardan cəmi 4 ədədi ,BRM-l, BRM-2, VCM-6, VCM-7 ölkəyə idxal edilərək müəssisəyə çatdırılmış, digər 10 adda olan avadanlıqların göndərilməsi istiqamətində satıcı şirkət zəruri tədbirlər həyata keçirmiş, lakin Rusiya Federasiyasına məlum səbəbdən (Rusiya Federasiyası ilə Ukrayna dövləti arasında 2022-ci ilin fevral ayından etibarən baş vermiş və bugünədək davam edən müharibə) digər xarici dövlətlər tərəfindən tətbiq edilmiş sanksiyalar (embarqo və digər qadağan edici tədbirlər) üzündən yerdə qalan malların göndərilməsini qeyri-mümkün etmişdir ki, bu da öz növbəsində “Fors mafor” halı kimi qiymətləndirilməlidir. Müqavilənin 8-ci maddəsində nəzərdə tutulmuşdur ki, “istənilən tərəfin bu müqavilə üzrə öhdəliklərin tam və ya qismən yerinə yetirilməsini qeyri-mümkün edən hallar, yəni: yanğın, təbii fəlakətlər, müharibələr, blokadalar, embarqo və ya tərəflərdən aslı olmayan digər hallar baş verdikdə, öhdəliklərin yerinə yetirilmə müddəti bu cür halların qüvvədə olduğu müddətə mütənasib olaraq təxirə salınır. Bankın protokolunda qeyd edilmişdir vəsaitin xarici ölkəyə köçürülməsindən iki il müddət keçsə də, müəssisə alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bankın protokolu ilə razılaşmayaraq, protokolu əsassız hesab edirik. İlk növbədə müqavilənin hüquqi qüvvəsi bugünədək qüvvədədir və nəzərdə tutlan avadanlıqların (xidməti mallar) ödəniş olunduqdan sonra 4 adda olanı ölkəyə İdxal edilmiş, digərlərinin də idxalında tərəflərin iradəsindən asılı olmayaraq “Fors ma or” halının ortaya çıxması səbəbindən gecikmələr yaranmışdır. Bankın əməkdaşı protokolu tərtib edərkən bu kriteriyaları nəzərə almamış, nəticə etibarilə əsassız protokul tərtib etmişdir. Məhkəmə tərəfindən bunlar nəzərə alınmalıdır, eyni zamanda zavodun xüsusi əhəmiyyətli, hərbi təyinatlı məhsullar istehsal edən dövlət müəssisəsi olması əsas tutularaq müəssisə barəsində cərimə tədbiq edılməməsi məqsədəmüvafiq hesab edilməlidir. Bankının daxili qərarı ilə təsdiq edilmiş rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydalarının 4.3.1.3-cü bəndin pozuntusu İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə cəzalandırılır. Müəyyən olunan müddət bir çox hallarda tərəflərdən asılı olmayan səbəblərə görə uzanır. Bankın əsas vəzifəsi ölkədən çıxan valyutanın qarşılığının olmasına nəzarət etməkdir. Mövcud qanunda qeyd olunur ki, avans yolu ilə ödənilmiş pulun müqabilində ölkəyə ya mal gəlməlidir, ya da xidmət göstərilməlidir. Yəni müəyyən olunmalıdır ki, bu pul ölkədən niyə çıxıb, təyinatı nədir və onun müqabilində ölkəyə nə gəlib? Bankın qaydaları ilə müəyyən edilmiş gün ərzində ölkədən çıxan pulun qarşılığında mal gəlmirsə, xidmət göstərilmirsə, banka görə artıq qaydalar pozulur və hüquqi şəxs inzibati xəta törətmiş hesab olunur, bank inzibati xəta haqqında protokol tərtib edir və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Burada məhkəmə tərəfindən müəyyən faktorların nəzərə alınması zəruridir. Bank tərəfindən məsələyə çox formal yanaşılır və dövlət üçün müəyyən xidmətlər həyata keçirən təşkilatlar əsassız yerə cərimələnirlər. Bu boşluqlar aradan qaldırılmalı və onlar obyektiv araşdırmanı təmin etməldirlər. Banklar protokol tərtib etməmişdən öncə işi ətraflı araşdırmalı və barəsində protokol tərtib etmək istədiyi hüquqi şəxslər ilə rəsmi (və ya qeyri rəsmi) qaydada əlaqə yaratmalı, sorğular verməli, nəticə etibarilə protokol tərtib etməlidir. Təəssüf ki, bank bunları etmir . Məhkəmə tərəfindən bunlar, eyni zamanda zavodun xüsusi əhəmiyyətli, hərbi təyinatlı dövlət müəssisəsi olması nəzərə alınaraq müəssisə barəsində cərimə tədbiq edilməməsi, inzibati xəta üzrə işə xitam verilməsi məqsədəmüvafiq hesab edilməlidir. Həmçinin müəssisəyə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılmır, müəssisə öz təsərrüfat hesabına maliyyələşən zavoddur. Bu halda cərimə tətbiq edilməsi müəssisənin maliyyə durumunda ciddi çətinliklərə gətirib çıxarılmasına zəmin yarada bilər. Habelə mövcud vəziyyəti qiymətləndirib müəssisəni inzibati qaydada tənbehləmək qanunun ədalət prinsipinə xələl gətirə bilər. Əlavə olaraq qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Şəxs MMC Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan müəssisə kimi nizamnaməsində göstərilən hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olur və nazirliyin qabaqcıl müəssisələrindən biri kimi fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, ordumuzun Avropa standartlarını mənimsəməsi, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi Azərbaycan dövlətinin bu sahədəki siyasətinin öncüllüklərindəndir. Təbii ki, bütün bunlar ilk olaraq möhkəm maddi-texniki baza tələb edir ki, dövlətin bu sahədəki siyasəti də kifayət qədər uğurludur. Ən əsası Azərbaycan öz hərbi sənaye kompleksi gücünü artırmaq üçün tam qüvvəsini ortaya qoyub və qısa müddət ərzində müasir, güclü hərbi sənaye kompleksi yaradılmasına nail ola bilib. Artıq Azərbaycan bir sıra hallarda özünün istehsal etdiyi hərbi vəsaitlərdən və avadanlıqlardan istifadə edir. Bu avadanlıqlar yüksək standartlara cavab verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə Müdafiə Sənayesi Nazirliyinin işini yüksək qiymətləndirib. Qeyd olunduğu kimi Şəxs MMC xüsusi əhəmiyyətli, məxfi, stratefi, təhlükə potensiallı dövlət müəssisəsidir və dövlət sifarişi proqramı əsasında hərbi təyyinatlı məhsullar istehsal edir. Bunun üçün bankın protokoluna əsasən Şəxs MMCyə məhkəmə tərəfindən cərimə tətbiq edilməməsi dövlətimizin mənafeyi üçün də xeyirli hesab edilə bilər. Əks halda müəssiəyə İXM-nin 430.4-cü maddəsinə uyğun cərimə tətbiq edilməsi müəssisənin maliyyə vəziyyətində müəyyən çətinliklərin yaranmasına, habelə fəaliyyətində ləngimələrə, istehsal ahənginin axsamasına, müəssisənin işgüzar nüfuzuna xələl gətirilməsinə zəmin yarada bilər. Habelə mövcud vəziyyəti qiymətləndirib müəssisəni inzibati qaydada tənbehləmək qanunun ədalət prinsipinə xələl gətirə bilər. Qeyd edilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, Şəxs MMC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: "xxxx" ASC-in xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Gömrük bəyannamələrindən və ona əlavə əlavə edilmiş əlavə vərəqdən görünür ki, “Spetsmaşininginirinq” Səhmdar Cəmiyyəti Şəxs MMC-yə xx.xx.2022-ci il tarixdə invoys dəyəri 141500,00 ABŞ dolları olan Model BRM-1, Model BRM-2, xx.xx.2022-ci il tarixdə invoys dəyəri 99 300,00 ABŞ dolları olan model VCM-7 “Vibrosirkulyasiya Qurğusu”, xx.xx.2022-ci il tarixdə invoys dəyəri 141500,00 ABŞ dolları olan “Güllə sürtmə” maşını, xx.xx.2022-ci il tarixdə invoys dəyəri 87500,00 ABŞ dolları “Vibrosirkulyasiya Qurğusu”, model VCN-6 vibrosirkulyasiya qurğusu yumşalma tədarük etmişdir. Xarici köçürməyə dair ərizədən görünür ki, Telemexanika zavodu” MMC-i xx.xx.2022-ci il tarixdə ********.00 Rusiya rublu məbləğində olan vəsaiti Azərbaycan Beynəlxalq Bankı hesabından Rusiya Federasiyasında fəaliyyət göstərən “Spesmaşininjirinq” qabacaqdan köçürülmüşdür. Tədarükçü “Spesmaşininjirinq” Səhmdar Cəmiyyəti ilə Şəxs MMC arasında bağlanmış xx/xx-2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilədə göstərilmişdir ki, müqavilənin ümumi məbləği ******* ABŞ dolları təşkil edir. Müqavilə məbləğinin 50%-ni Alıcı Tədarükçünün təqdim etdiyi hesab əsasında avans ödənişi ilə bu müqavilə imzalandığı gündən etibarən 10 bank günü ərzində, qalan 50%-i ilk ödənişdən 10 bank günündən sonra ödəyir. Müqavilənin 4.4-cü bəndinə əsasən Tədarükçü malı hazırlayacaq və avans ödənişin Tədarükçünün hesablaşma hesabına daxil olduğu andan etibarən 21 ay ərzində malın tədarükə hazırlığı barədə alıcını xəbərdar edəcək. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Şəxs MMC (bundan sonra-müəssisə) ilə Rusiya Federasiyasında fəaliyyət göstərən «Speşmaşininjirinq» şirkəti (bundan sonra - «Tədarükçü») arasında qarşılıqlı bağlanmış və hazırda qüvvədə olan xx/xx-2021 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləni 8.1-ci bəndinə əsasən yanğın, yanğın, təbii fəlakətlər, müharibələr, blokadalar, embarqo və ya tərəflərdən hər hansı birinin bu müqavilə üzrə öhdəliklərin tam və ya qismən yerinə yetirlə bilməməsi halında, öhdəliklərin yerinə yetirilməsi həmin halların davam etdiyi müddət qədər uzadılır. Şəxs MMC tərəfindən “Spetsmaşininginirinq” SC-nin baş direktoru Mixail Aleksandroviçə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, xx/xx- 2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin 4.4-cü bəndinə əsasən Təchizatçı avans ödənişin onun hesablaşma hesabına daxil olduğu andan sonra 24 ay ərzində malı çatdırılmaya hazır vəziyyətə gətirərək, alıcını bu barədə məlumatlandırmalıdır. Ödəniş 2021-ci ilin dekabr ayında tam edilmişdir. Bununla əlaqədar olaraq təşkilat malı tam həcmdə almadığına görə bankla problemlər yaranmışdır. “Spetsmaşininjinirinq” Səhmdar Cəmiyyətinin Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, müqavilə üzrə çatdırılma müddəti avans ödənişinin Təchizatçının hesablaşma hesabına daxil olduğu andan sonra 21 ay kimi müəyyən edilib. xx/xx-2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə avans ödənişin köçürülməsi xx.xx.2021-ci il tarixdə, 400000.00 ABŞ dolları olmuşdur. xx/xx- 2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin 4.4-cü bəndinə uyğun olaraq son ödəmə tarixi və malın son çatdırılma tarixi xx.xx.2024-cü ildir. Bununla bağlı avadanlıq son hazırlıq mərhələsindədir. xx.xx.2023-cü il tarixindən sonra xx/xx-2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin spesifikasiyasının 8 mövqeyindən ibarət hazır məhsulu hərbi təyinatlı məhsul kateqoriyasına aid olub-olmaması və müvafiq rəyin verilməsi məqsədi ilə hərbitexniki əməkdaşlıq üzrə Federal xidməti tərəfindən baxılma mərhələsindədir. Şəxs MMC tərəfindən “Spetsmaşininginirinq” SC-nin baş direktoru Mixail Aleksandroviçə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, “avadanlıqların hazır olması və mümkün göndərilmə müddəti barədə bizə məlumat verəsiniz. Xatırladırıq ki, ilk avans ödənişi 2021-ci ildə həyata keçirildiyi üçün təşkilatımızı cərimə gözləyir. Aprelin sonuna qədər avadanlıqlar bizdə olmalıdır. Xahiş edirik, icazənin alınmasını sürətləndirin və bizə məlumat verin. Bununla yanaşı, xx.xx.2023 tarixli 1 nömrəli Əlavə Sazişinin imzalanmış nüsxəsini bizə göndərməyinizi xahiş edirik.” “Spetsmaşininjinirinq” Səhmdar Cəmiyyətinin Şəxs MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, “xx.xx.2023-cü il tarixindən etibarən, xx.xx.2021 tarixli No xx/xx-2021 nömrəli müqavilənin spesifikasiyasına uyğun olaraq 8 adda məhsulun hərbi təyinatlı məhsul olubolmaması ilə bağlı müayinə edilməsi üçün Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinə müraciət edilmişdir. Müvafiq rəy alındıqdan sonra, həmin məhsulun Sizin ünvanınıza ixracı üçün Federal Texniki və İxrac Nəzarəti Xidmətinə müraciət ediləcək. Anlayışınıza və gələcəkdə faydalı əməkdaşlığımıza ümid edirik.” Şəxs MMC tərəfindən “Spetsmaşininginirinq” SC-nin baş direktoru Mixail Aleksandroviçə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, “xx.xx.2021-ci il tarixli xx/xx-2021 saylı müqaviləyə əsasən, avadanlıqların hazır olması barədə bizə məlumat verəsiniz. Xatırladırıq ki, həmin müqavilənin 4.4-cü bəndinə uyğun olaraq, bu ilin iyun ayına qədər avadanlıqlar ünvanımıza çatdırılmalı idi. Məsələ mənfi həll olunarsa, Mərkəzi Bank tərəfindən təşkilatımızı böyük cərimələr gözləyir.” “Spetsmaşininjinirinq” Səhmdar Cəmiyyətinin Şəxs MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki , “Sizin xx.xx.2024-cü il tarixli 100/01-258 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, xx.xx.2024-cü il tarixində Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətindən (FSVTS) göndərdiyimiz sorğuya müsbət cavab aldıq. Bu cavab təsdiqləyir ki, Sizin ünvanınıza göndəriləcək avadanlıqlar hərbi təyinatlı məhsullar kateqoriyasına aid deyil. Həmin cavaba əsasən, xx.xx.2024-cü il tarixində məhsulun ixracı (çıxarılması) üçün Rusiya Federasiyası İxrac Nəzarəti Komissiyasından icazə almaq məqsədilə X4 və İxrac Nəzarəti Xidmətinə (FSTEK ) sənəd paketi göndərmişik (daxil olma nömrəsi 3713, xx.xx.2024-cü il). Məhsulun göndərilməsi icazə alındıqdan sonra həyata keçiriləcəkdir.” “Tula Ticarət-Sənaye Palatası” İttifaqının 6-Yur/2024/745 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1-ci sual üzrə ( Xarici dövlətlərin orqanları tərəfindən tətbiq edilən məhdudlaşdırıcı tədbirlər (sanksiyalar) "Spetsmaşinjinirin" SC-nin 19 iyul 2021-ci il tarixli xx/xx-2021 nömrəli Müqavilə üzrə malın müəyyən olunmuş müddət ərzində istehsalı və alıcıya tədarük edilməsinə dair öhdəliklərinin icrasına təsir göstəribmi? Əgər göstəribsə, hansı şəkildə? ) cavab : Xarici dövlətlərin orqanları tərəfindən Rusiyaya və Rusiya hüquqi şəxslərinə tətbiq edilən məhdudlaşdırıcı tədbirlər, "xxxx" MMC-nin "Spetsmaşinjirinq" SC-yə qarşı 25 iyun 2021ci il tarixli No 50/21 Dp müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının mümkün olmamasının səbəbi olub. Bu, Omron CP1L- M60DTİ1-D markalı proqramlaşdırılan məntiqi idarəetmə qurğularının tədarükü ilə bağlıdır. Həmin qurğular layihə sənədlərində nəzərdə tutulmuş və ARL CD-39 Gilizin 1-2 çəkilməsi üçün avtomatik rotor xətti (İOP 7,62x39 mm), ARL CD-39/1 Gilizin 3-4 çəkilməsi üçün avtomatik rotor xətti (İOP 7,62x39 mm), MTCC-39 Gilizin mexaniki işləmə kompleksi (İOP 7,62x39 mm) və ARL BDC-39 Güllə üzlüyünün sıxılması üçün avtomatik fırlanan çəkmə xətti (İOP 7.62x39 mm) məhsullarının istehsalı üçün zəruri olmuşdur. Bu isə 19 iyul 2021-ci il tarixli No xx/xx-2021 nömrəli Müqavilədən irəli gələn və spesifikasiyada (Müqavilənin 1 nömrəli Əlavəsi) müəyyən edilmiş, Müqavilənin 2 nömrəli Əlavəsində göstərilən texniki xüsusiyyətlərə uyğun olan məhsulun tədarükü ilə bağlı "Spetsmaşiniirinq" SC-nin "xxxx" MMC-yə qarşı öhdəliklərinin obyektiv olaraq yerinə yetirilməsinin mümkün olmamasını şərtləndirmişdir. Xarici dövlətlərin orqanları tərəfindən Rusiyanın Federasiyası və Rusiya hüquqi şəxslərinə qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlər, "Spetsmaşiniirinq" SC-nin 19 iyul 2021-ci il tarixli No 21 072021 nömrəli Müqavilə ilə müəyyən olunmuş müddətlərdə malın tədarükü üzrə öhdəliklərini icra etməsinin obyektiv, aşılması mümkün olmayan və "Spetsmaşinjiinir" SC-dən asılı olmayan səbəbi olmuşdur. Bu Rəyin tərtibi zamanı "Spetsmaşinyirinq" SC-nin "xxxx" MMC-yə qarşı 18 iyul 2024-cü il tarixinə qədər Malın istehsalı və tədarükü üzrə öhdəliklərinin yerinə yetirilməməsinin bütün səbəblərinin müəyyən edilməsi məsələləri araşdırılmamışdır. Buna görə də, bu Rəydə göstərilən öhdəliklərin yerinə yetirilməməsi səbəblərinin siyahısı tam sayıla bilməz. "Spetsmaşinjirinq" SC mövcud iqtisadi fəaliyyət şəraitində, 19 iyul 2021-ci il tarixli No 21/072021 nömrəli Müqavilədən irəli gələn və spesifikasiyada (Müqavilənin 1 nömrəli Əlavəsi) müəyyən edilmiş, Müqavilənin 2 nömrəli Əlavəsində göstərilən texniki xüsusiyyətlərə uyğun olan məhsulun "xxxx" MMC-yə tədarük edilməsilə bağlı öhdəliklərini yerinə yetirmək imkanına malik olmamışdır; Rəydə göstərilmiş 2-ci sual üzrə ( "Spetsmaşinjinirinq" SC-nin 19 iyul 2021-ci il tarixli xx/xx-2021 nömrəli Müqavilə çərçivəsində müştəriyə məhsul istehsal etməsi və təhvil verməsi üzrə öhdəliklərinin icra edilməməsinin səbəblərini şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirmək mümkündürmü?) cavab: "Spetsmaşinjirinq" SC-nin 19 iyul 2021-ci il tarixli Ne xx/xx-2021 nömrəli Müqavilədən irəli gələn, 18 iyul 2024-cü il tarixinə qədər malın tədarükü ilə bağlı öhdəliklərinin icra edilməməsinin səbəblərinin, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməsi mümkün və məqbuldur. "Spetsmaşinjiinirinq" SC, müvafiq Müqavilə çərçivəsində 18 iyul 2024-cü il tarixinə qədər malın tədarükü üzrə öhdəliklərini yerinə yetirmək imkanına malik olmamışdır, bu da istisna və gözlənilməz şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən baş vermişdir. Bu dəyişiklik, normal kommersiya risklərinin sərhədini aşan bir haldır ki, Müqavilə tərəfləri onu bağlayarkən ağlabatan şəkildə proqnozlaşdıra bilməmişlər və şəraitin dəyişməyəcəyinə əsaslanmışlar. "Spetsmaşinjinirinq" SC, 19 iyul 2021-ci il tarixli xx/xx-2021 nömrəli Müqaviləni yerinə yetirərkən tələb olunan diqqət və ehtiyatla belə bir vəziyyət yarandıqdan sonra onun dəyişməsinin səbəblərini aradan qaldıra bilməmişdir. "Spetsmaşinjinir" SC-nin 19 iyul 2021-ci il tarixli Ne xx/xx-2021 nömrəli Müqavilədən irəli gələn, malın 18 iyul 2024-cü il tarixinədək tədarükü üzrə öhdəliklərinin icra edilməməsinin səbəblərinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməsi, Rusiyanın Mülki Məcəlləsinin 451-ci maddəsinə əsasən, müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilər. Rəydə göstərilmiş 3-cü sual üzrə ( "Spetsmaşinjinirinq" SC-nin 19 iyul 2021-ci il tarixli xx/xx-2021 nömrəli Müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsinin səbəblərini fors-maior hal kimi qiymətləndirmək mümkündürmü? ) cavab: "Spetsmaşinjinir" SC-nin 19 iyul 2021-ci il tarixli xx/xx-2021 nömrəli Müqavilədən irəli gələn, malın 18 iyul 2024-cü il tarixinədək tədarükü üzrə öhdəliklərinin icra edilməməsinin səbəblərinin müqavilənin bağlanması zamanı ağlabatan şəkildə proqnozlaşdırıla bilməyən, nəzarətdən kənar şərait və hadisələr (fors-mafor) kimi qiymətləndirilməsi mümkündür və məqbuldur. Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq ticarətinə dair müqavilələr haqqında Konvensiyasının (Vyana Konvensiyası, 1980-ci il) 79-cu maddəsinin 1-ci və 2-ci bəndlərində müəyyən edilmiş bütün obyektiv əlamətlər mövcuddur ki, bu da "Spetsmaşiniinir" SC-nin 19 iyul 2021-ci il tarixli No xx/xx-2021 nömrəli Müqavilədən irəli gələn, Malın ən gec 18 iyul 2024-cü il tarixinədək tədarük edilməsi öhdəliyinin yerinə yetirilməməsinin, nəzarətdən kənar və müqavilənin bağlanması zamanı ağlabatan şəkildə proqnozlaşdırıla bilməyən hadisələr (fors-mafor) kimi təsnif edilməsinə imkan yaradır və bu, "Spetsmaşinjinir" SC-ni 19 iyul 2021-ci il tarixli No xx/xx-2021 nömrəli Müqavilədən irəli gələn və Müqavilədə müəyyən olunmuş müddətdə Malın tədarük edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi məsuliyyətindən azad edə bilər. Şəxs MMC tərəfindən “Spetsmaşininginirinq” SC-nin baş direktoru Mixail Aleksandroviçə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixli xx/xx-2021 saylı müqaviləyə uyğun olaraq avadanlıqların tədarük müddəti barədə bizə məlumat verəsiniz. Sizə xatırladırıq ki, tədarük müddəti xx.xx.2024cü il tarixində başa çatır. Bildirmək istəyirik ki, müqavilə ə şərtlərinin yerinə yetirilməməsi səbəbindən Mərkəzi Bank tərəfindən təşkilatımıza cərimə tətbiq olunmuşdur, çünki qanunlarımıza əsasən, ödənişdən sonra 24 ay ərzində ya mal tədarük edilməli, ya da pul vəsattı geri qaytarılmalıdır. Əks halda müəssisə ödənilən avansın 2076-dən 3076-ə qədər məbləğində cərimələnir. Yaxın günlərdə Mərkəzi Bank tərəfindən yeni sanksiyaların tətbiqi gözlənilir. Bu halda, biz 7.1-ci maddəyə istinad etməyə məcbur olacağıq. Xoşagəlməz hallardan qaçmaq üçün xahiş edirik, avadanlıqların tədarükü ilə bağlı sənədləşməni sürətləndirəsiniz və bizi məlumatlandırasınız . Umid edirik ki, qarşılıqlı anlaşmaya nail olacağıq . Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyət və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquq və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 2020-ci il 28 fevral tarixli qərarına əsasən məhkəmənin formalaşdırdığı hüquqi mövqeyinə görə, azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normaların tələblərinə adekvat olaraq səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin təqsirləndirildiyi müvafiq maddə ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsiri, qorunan ictimai münasibətlərə qarşı edilən qanunsuz əməlin qəsdi müəyyən edilməli, baxılan əməlin inzibati xəta kimi xarakteri tədqiq edilməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslər öz sahibkarlıq fəaliyyətlərini həyata keçirərkən idxal və ixrac etdikləri malların, gördükləri işlərin və xidmətlərin müqabilində vəsaitlərin qanunla nəzərdə tutulmuş müddətlər çərçivəsində dövriyyəsini şəxsin iradəsindən asılı olmayan səbəblərdən – hazırki iş üzrə məsələn qarşı tərəfin öhdəliyini gecikdirməsi, vaxtında icra etməməsi kimi hallardan qaynaqlanır və nəticədə qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zamana başa gəlir. Baxılan işin faktiki hallarından görünür ki, Şəxs MMC müqavilə bağladığı xarici şəxs ilə müqavilənin predmeti və mahiyyətindən irəli gələn bir çox işləri görmüş, malları idxal etmiş, müəyyən qismi isə “Tula Ticarət-Sənaye Palatası” İttifaqının 6-Yur/2024/745 saylı xx.xx.2024-cü il tarixli rəyində də göstərildiyi kimi, “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq ticarətinə dair müqavilələr haqqında Konvensiyasının (Vyana Konvensiyası, 1980-ci il) 79-cu maddəsinin 1-ci və 2-ci bəndlərində müəyyən edilmiş bütün obyektiv əlamətlər mövcuddur ki, bu da "Spetsmaşiniinir" SC-nin 19 iyul 2021-ci il tarixli No xx/xx-2021 nömrəli Müqavilədən irəli gələn, Malın ən gec 18 iyul 2024-cü il tarixinədək tədarük edilməsi öhdəliyinin yerinə yetirilməməsinin, nəzarətdən kənar və müqavilənin bağlanması zamanı ağlabatan şəkildə proqnozlaşdırıla bilməyən hadisələr (fors-mafor) kimi təsnif edilməsinə imkan yaradır və bu, "Spetsmaşinjinir" SCni 19 iyul 2021-ci il tarixli No xx/xx-2021 nömrəli Müqavilədən irəli gələn və Müqavilədə müəyyən olunmuş müddətdə Malın tədarük edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi məsuliyyətindən azad edə bilər.” Qeyd olunanlar Cəmiyyəti passiv davranışda günahlı bilib, xaricə “təyanatsız və ya yalan təyinatla valyuta köçürməkdə” ittiham etmək üçün kifayət qədər tutarlı səbəblərin olmadığına dəlalət edir. Həmçinin məhkəmə hesab edir ki, yalnız idxal hesablaşmalarına dair müddət tələbinə əməl edilməməsi meyarına əsasən mövcud vəziyyəti qiymətləndirib şəxsi inzibati qaydada tənbehləmək qanunun ədalət prinsipinə xələl gətirə bilər. Məhkəmənin sadəcə inzibati protokol və artıq qeyd edildiyi kimi səlahiyyətli orqanın şəxsin təqsirli bilinməsinə dair valyutanın hərəkəti barədə müəyyən edilmiş müddət məhdudiyyətindən kənara çıxması əsasları ilə barəsində maddədə nəzərdə tutulmuş yüksək məbləğdə cərimənin hesablanaraq tutulması, bununla da sonuncunun maliyyə vəziyyətinin pisləşməsi, idxal edilməsi nəzərdə tutulan hərbi təyantlı mallardan gələcəkdə faydalı istiqamətdə istismarının da qarşısının alınması ilə bərabər hazırki inzibati protokola baxılmasına da formal mövqedən yanaşmaq deməkdir. O cümlədən Şəxs MMC-in Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyində olan xüsusi əhəmiyyətli dövlət müəssisəsi olmasını, müqavilə əsasında nəzərdə tutulan malların ölkəyə gətirilməsində mövcud olan gecikmənin üzürlü səbəbdən olmasını, müqavilənin şərtlərinə əsasən müəssisə tərəfindən öhdəlik tam yerinə yetirilsə də satıcı şirkət tərəfindən qismən yerinə yetirilməsini, dəzgahların əksəriyyətinin artıq Şəxs MMC-yə gətirilib quraşdırılaraq istifadəyə verilməsini məhkəmə diqqətdən qaçırmır. Beləliklə, məhkəmə bütün fikirləri ümumiləşdirərək belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi mövcud deyil, yəni inzibati xəta haqqında protokolda göstərilən inzibati hüquqpozma məhkəmə iclasında öz təsdiqini tapmadığından Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN:**********) barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on gün) müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1008/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1008/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver