Məhkəmə qərarları › İş №3(032)-1009/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1009/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1009/2024 25.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Əli Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Şirvan şəhəri, l-nt İbrahimov ünvanında yerləşən qadın salonuna daxil olaraq səs-küy salmaqla, nalayiq ifadələr işlətmiş, orada olan əmlaka 500 manat ziyan vurmuş və Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, təxminən 2 il bundan əvvəl Şirvan şəhərində Samit adlı şəxsin ailəsinə məxsus evdə kirayə yaşamış, həmin şəxsə əvvəllər sevgi məktubları yazmışdır. Elvira adlı qadının Samit adlı şəxs ilə münasibətinin olmasından əsəbləşərək 10 sentyabr 2024-cü il tarixdə Şirvan şəhəri, l-nt İbrahimov küçəsində yerləşən “qadın gözəllik salonuna” gedərək obyektə daxil olmuş, Elvira adlı qadına sillə vurmuş və telefonu əlindən almışdır. Bundan sonra oradakı şəxslər telefonu əlindən almış, daha sonra əyləşmiş və orada olan masanı tərsinə çevirmişdir. Bir müddət sonra orada olan masaj aparatını yerə vurmuş, bunları etdikdən sonra oradan çıxmışdır. O, Elvira adlı qadını etdiyi pis əməllərinə görə döymüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Şirvan şəhəri, l-nt İbrahimov küçəsində yerləşən qadın gözəllik salonunda işdə olmuş, adını bilmədiyi, lakin əvvəllər bir dəfə müştərisi olan qadın içəri qışqıra-qışqıra daxil olmuşdur. Həmin şəxs “sən Samitlə bir yerdəsən, səni öldürəcəm, buranı yandıracam” deyərək içəridə olan masanı çevirmişdir. Bundan sonra ona məxsus olan masaj alətini yerə atmış, həmin qadının adının Lamiyə olmasını sonradan öyrənmişdir. Lamiyyə adlı qadın qolundan yapışaraq onu çöl qapısına itələmiş, bundan sonra masanın ətrafda olan digər adını bilmədiyi müştəriləri də narahat etməyə başlamış, dayanmadan qışqıra-qışqıra obyekti gəzməyə başlamışdır. Bundan sonra ona vurduğu sillə nəticəsində dırnağı onun çənəsinin alt nahiyyəsini cızmış, hadisə zamanı xəsarət almışdır. Orada olan mübahisə əsnasında ona məxsus masaj alətini sındıraraq 500 manat dəyərində maddi ziyan vurmuşdur. Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi Nümayəndə məhkəmə iclasında xx.xx.2024cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 25.1.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri, l-nt İbrahimov küçəsində yerləşən qadın salonuna daxil olaraq səs-küy salmaqla, nalayiq ifadələr işlətmiş, orada olan əmlaka 500 manat ziyan vurmuş, Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 157, 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” X5 03 oktyabr 2024-cü il tarixli, 372 saylı ekspert rəyində göstərilmişdir ki, hadisədən uzun müddət keçdiyinə görə müayinə olunanın bədəni üzərində müayinə zamanı həmin hadisə gününə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmadı. Şirvan şəhər X3 Bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Şirvan ŞPŞ-yə ərizə ilə müraciət edərək, adını Lamiyyə kimi tanıdığı şəxs tərəfindən obyektdə döyüldüyünü və üz masaj aparatını nasaz hala gətirərək dağıtdığını bildirmişdir. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə,xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhv etmə əmlakın təsərrüfat dəyərinin itirilməsi, məqsədli təyinatı üzrə istifadənin mümkün olmaması, tam yararsız vəziyyətə salınması, yəni təmirlə və ya başqa üsulla bərpa etmənin mümkün olmaması deməkdir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri, L.NT İbrahimovda yerləşən qadın salonuna daxil olaraq səs-küy salmaqla nalayiq ifadələr işlətmiş, orada olan əmlaka 500 manat ziyan vurmuş və Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, Dadaşova X2 Xətalar Məcəlləsinin 157, 232-1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, iş üzrə məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınır. Ağırlaşdıran halların olması isə məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Dadaşova X2 Xətalar Məcəlləsinin 157, 232-1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən qeyd olunan inzibati xətalardan İXM-nin 157-ci maddəsində daha ciddi sanksiya müəyyən edildiyinə görə həmin maddənin sanksiyası çərçivəsində tənbeh tədbiri tətbiq olunmalı, zərərçəkmiş şəxsə vurulmuş ziyanla əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən qeyd olunan inzibati xətalardan İXM-nin 157-ci maddəsində daha ciddi sanksiya müəyyən edildiyinə görə həmin maddənin sanksiyası çərçivəsində tənbeh edilərək 500 manat məbləğində cərimə olunsun. Zərərçəkmiş şəxsə izah olunsun ki, dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar