Məhkəmə qərarları › İş №3(032)-1010/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1010/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1010/2024 18.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Şikayət vermiş şəxs X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Dövlət Yol X2 təcrübə üzrə baş inspektoru Abbasov Ramin oğlunun iştirakı ilə , X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Dövlət Yol X2 tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə o, 06 noyabr 2024 - cü ildə saat 16:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə ticarət mərkəzinin qarşısındakı yolla - sağ zolağla 5-10 km/ saat olan aşağı sürətlə Şirvan şəhərinə gəlmək istəyərkən Daf markalı, qoşqulu Tır yük maşını ilə onun şəxsi maşın; vurulmuşdur. Belə ki, dairəvi yol istiqaməti tərəfə sağ zolağla şəxsi mülkiyyətində olan “Hundai Accent” ağ rəng ban nömrəsi (Z94K241CBMR269555 ) maşın qeydiyyat nömrəsi AZ **-LB-*** dövlət qeydiyyatlı nömrəli minik maşını ilə insanlar çox olduğu üçün aşağı sürətlə irəliləyirmiş və dairəvi yoldan Şirvan şəhərinə dönmək üçün təxminən 200-250 metr məsafə qalmışdır. Bu vaxtı Türk vətəndaşı Onur Önalin idarə etdiyi Daf markalı TİR yük daşıyan maşını ilə (nəqliyyat nömrəsi TR 34 CGZ 798, qoşqu nömrəsi TR ** LA ***3 ) sürücünün qoşqunun arxa dəmir qol hissəsini bağlamadığı səbəbindən və onun avtomobili hərəkətdə olarkən qoşqunun arxa dəmir qol hissəsi açıq vəziyyətdə (bu özü sürücü tərəfindən qanun pozğunluğudur, qoşqunun arxa dəmir qol hissəsi maşın hərəkətdə olarkən hökmən bağlı olmalıdır) onun maşınının sol tərəfinə çırpıb ilişdirərək maşınımı sürüyərək əzmişdir. (O, maşını sağ tərəfə qaçırtmasa idi, nəticə daha ağır ola bilərdi, ona və oradakı insanlara xəsarət yetiriləcəkdi). Nəticədə Daf markalı Tır maşını onun maşınının sol qapı, sol güzgü, sol qanad hissəsini cıraraq - əzərək yararsız hala salmışdır. Həmin maşın onun maşınını vurandan sonra saxlamadan irəli gedərkən onu orada - irəlidə olan polis işçiləri və insanlar saxlatdırmışdır. Onun maşınının yük maşını tərəfindən vurulmasını polis işçiləri özləri ondan qabaq Qaradağ rayon Yol Polisinə məlumat vermişdir. Onun maşınının yük maşını tərəfindən vurulmasının bütün video görüntüləri Qaradağ Rayon yol Polisində saxlanılır. Onun maşınının türk vətəndaşı Onur Onalin idarə etdiyi Daf markalı Tır maşını tərəfindən vurulmasını həmin gün hadisə yerində olan polis işçilər və oradakı vətəndaşlar təsdiq edə bilər, eləcə də bu hadisədə Daf markalı Tır sürücüsü Onur Onalın təqsirli olmasını hadisə yerində olan video görüntülər və halhazırda Qaradağ rayon DYPS Polis Baş Leytnantı Ramin Abbasovun istifadəsində olan ***-***-**-** nömrəli əl tefonunda saxlanılan video görüntülər təsdiq edər. Qaradağ rayon DYPS Polis Baş Leytnantı Ramin Abbasovun 18 Noyabr 2024 - cü il tarixdə Qaradağ rayon DYP - də öz otağında ona kamera görüntülərini göstərmişdir. İzlədiyi video görüntüdə Daf yük daşıyan Tır maşını onun maşınına sürətlə çataraq sola və sağa dönərək, manevr edərək ara məsafəsi saxlamadan sağ güzgüdən tırın arxa hissəsinə baxmadan qəza vəziyyəti yaradaraq tır maşınının açıq saxladığı qol hisəsini onun maşınının sol tərəfinə qapı güzgü - sol qanad hisəsinə ilişdirərək maşınını əzdiyi görünür. Video görüntüləri izlədikdən sonra o, polis işçisi Ramin Abbasovdan video görüntülərin “disk” formasında ona verilməsini ya da video görüntülərin onun əl telfonuna atılmasını xahiş və tələb etmişdir. Lakin polis işçisi Ramin Abbasov video görüntüləri ona verməkdən qəti surətdə imtina etmiş və sonra bildirmişdir ki, bu görüntülər bir aydan sonra kameralardan silinəcək. Ona bildirmişdir ki, sizin qərarınızdan narazıdır, bu hadisədə tır sürücüsü Onur Önal təqsirkardır və o, məhkəməyə və sair orqanlara şikayət edəcəkdir , bu səbəbdən görüntülərin surətini götürmək istəsə də, o, buna icazə verməmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 izahat verərək bildirdi ki, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar qanunsuz və əsassız tərtib edilmişdir. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Dövlət Yol X2 təcrübə üzrə baş inspektoru Abbasov Ramin oğlu izahat verərək bildirdi ki, X3 əks yola keçmədən manevr etmə qaydasını pozmuş, həmin yolla hərəkət edən tıra yol verməli olduğu halda yol verməmiş, gözləmədən hərəkətini davam etdirmiş nəticədə qəza vəziyyəti yaratmışdır. Hadisənin necə baş verdiyi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin qanun pozuntusu videoçəkilişdə öz əksini tapmışdır. Şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət vermiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsini dinləyib, habelə şikayəti nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Dövlət Yol X2 tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 16:15-də xətanın yeri olan Binə ticarət mərkəzinin qarşısında “Hyundai Accent minik” markalı ** LB *** dövlət qeydiyyat nömrəli avtomobili ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə qaydasını pozmuş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: İnzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. Məhkəmə iclasında yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı qeydiyyata alan videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, “Hyndai Accent minik” markalı ** LB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Binə ticarət mərkəzinin qarşısı ilə ilə hərəkət edib əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarını pozmaqla sağ tərəfdən hərəkətdə olan avtomobillərin keçməsini gözləməyərək , həmin tır markalı yük maşınına yol verməyərək hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə - qırx manat məbləğində cərimə edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İV hissəsinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara,velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. İşə əlavə edilmiş sxemdən görünür ki, Binə ticarət mərkəzinin qarşısından çıxan “Hyndai Accent minik” markalı ** LB *** dövlət qeydiyyat nişanlı avtomobil yolda hərəkət edən “Daf” markalı 34 CGZ 798 qeydiyyat nömrəli tırın yoluna çıxmışdır. Beləliklə iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, “Hyndai Accent minik” markalı ** LB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 xx.xx.2024-cü il tarixdə saat 16.15-də Binə ticarət mərkəzinin qarşısından hərəkət zamanı həmin yolda hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməli olduğu halda əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmaq hərəkətini davam etdirmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibini yaradan inzibati xəta törətmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 xx.xx.2024-cü il tarixli, TP ******* inzibati xəta haqqında qərardan verilmiş şikayəti əsassız olduğundan təmin olunmamaldır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Dövlət Yol X2 tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar