Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1027/2025 17.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(032)-83/2025 saylı icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin e- 16(032)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı təvəllüdlü X14 və xx.xx.2020-ci il təvəllüdlü X15 hər həftənin şənbə günü saat 12:00-da ataları, borclu Şəxs tərəfindən babaları X7 verilməli və bazar günü saat 12:00-da isə həmin ünvanda atasına təhvil verilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixdə borclu Şəxs ilə ***-***- **-** nömrədən əlaqə saxlanıldı, lakin, o, icra sənədi üzrə tələbi yerinə yetirməkdən imtina elədi. Borcluya icra sənədi üzrə tələb qoyulub ki, uşaqları hər həftənin şənbə günü saat 12:00-da babaları X7 versin və bazar günü isə saat 12:00-da isə onlardan təhvil alsın. Lakin borclu uşaqları şöbəyə bir neçə dəfə gətirsə də, uşaqlar könüllü olaraq babalarına verilməkdən imtina edirlər və anasına getmək istəmədiklərini bildirirlər. Bu faktlar qeydə alınmış videoçəkilişdə, həmçinin icra hərəkəti ilə bağlı aktlarda öz əksini tapmışdır. Bu hallar birbaşa icra sənədinin icrasına maneəçilik törədir və icraedici orqanın qanuni fəaliyyətini çətinləşdirir. Belə olan halda borclunun hərəkətləri icra sənədinin icrasına mane olan hallardır və qanun çərçivəsində müvafiq tədbirlər görülməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, hər həftə uşaqları İcra şöbəsinə gətirmiş və babaları ilə görüşmüşdür. Məktəbdən psixoloq gəlmişdir. Orada akt da tərtib edilmişdir ki, uşaqlar özləri analarını görmək üçün babaları ilə getmək istəmirlər. Daha sonra ona uşaqları həmin ünvana aparması və videoçəkiliş etməsi deyilmişdir. Bir daha bildirmişdir ki, uşaqlar özləri anaları ilə görüşmək istəmirlər. Videoçəkilişlərin hər biri telefonda var. Uşaqları 2-ci dəfə də analarını görmək üçün ana və babalarının yaşadığı ünvana aparılmışdır, lakin, babaları orada olmamışdır. Lakin hər iki dəfə ünvana aparmış olsa da, uşaqlar israrla analarına, yəni, babasının yaşadığı ünvana getməkdən imtina etmişdirlər. O, uşaqların anaları ilə görüşməsinə mane olmamış, qərardadda göstərilən öhdəliyini icra etmişdir. Habelə, arvadı ilə ilə aralarındakı nikah münasibətləri hələ pozulmamışdır. Barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Şəhər Məhkəməsinin e-16(032)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, ərizəçi X4 vəkili-nümayəndəsi X1 ərizəsi qismən təmin edilmiş, X4 övladları – xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.2020-ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə günü 12:00-dan bazar günü 12:00-dək ünvan 2 ünvanında görüş vaxtının müəyyən edilməsi, uşaqlar ərizəçinin atası X9 tərəfindən cavabdehdən alınsın və Maarif Nağıyev tərəfindən də cavabdehə təhvil verilməsi qərara alınmışdır. Qərardad icra edilməsi üçün Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə göndərilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin e-16(032)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli aktında göstərilmişdir ki, Şirvan Şəhər Məhkəməsinin e-16(032)-83/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən həftənin şənbə günü 12:00-dan bazar günü 12:00-dək X14 və X2 Maarif Qabil oğlu uşaqları götürməlidir. Şirvan şəhəri Nəsimi küçəsi, ev 1-də görüş yeri müəyyən edilmişdir. Məhkəmə qərarını icra etmək məqsədi ilə xx.xx.2025-ci il tarixində Şəxs ***-***- **-** nömrəsi ilə əlaqə saxlanıldı, lakin o, uşaqları həmin ünvana aparmaqdan imtina etmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli aktına göstərilmişdir ki, icra sənədi üzrə borclu şənbə günü yəni, xx.xx.2025-ci il tarixdə uşaqların babaları Maarif Nağıyevə getmək istəmədiklərini bildirmişdir. Bununla bağlı, xx.xx.2025-ci il tarixdə şöbəyə uşaqlar, borclu və tələbkar dəvət olunmuşdurlar. Bu zaman adları qeyd olunan uşaqlar analarını görmək üçün qəti olaraq babaları ilə getməkdən imtina etdilər. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli aktında göstərilmişdir ki, icra sənədinin icrası ilə əlaqədar olaraq borclu Şəxs xx.xx.2025-ci ildə saat 15:00-dan 17:00-dək azyaşlıları Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə gətirilmişdir. Uşaqların babaları ilə ünsiyyətdə olmalarına şərait yaradılmışdır. Görüş saat 15:00-dan 17:00-a qədər davam etmişdir. Uşaqların babaları ilə görüşlərinin təşkili və ünsiyyətdə olmaları videoçəkiliş ilə qeydə alınmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli aktında həmçinin göstərilmişdir ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı borclu xx.xx.2025-ci ildə uşaqların babaları ilə görüşmək istəmədiklərini bildirmişlər. Bu səbəbdən icra sənədi üzrə tələb icra edilməsi mümkün olmadığında Şirvan şəhər İcra Hakimiyyətinə uşaq hüquqları üzrə komissiya və Şirvan şəhər Mərkəzi Xəstəxanaya müvafiq olaraq nümayəndələrin təqdim edilməsi ilə bağlı müraciət olunmuşdur. Belə ki, xx.xx.2025-ci ildə qeyd olunan icra sənədinin yenidən icra edilməsi məqsədi ilə Şirvan şəhər İcra və probasiya şöbəsinə dəvət edilmiş mütəxəssislər tərəfindən azyaşlılarla söhbət aparılmış, söhbət zamanı E.Nadirli babası ilə ünsiyyətdə olmaq istədiyini qəti şəkildə rədd etdi, digər azyaşlı Y.Nadirli babası ilə ünsiyyətdə oldu, lakin, onunla getmək istəmədiyini bildirdi. Görüşdə uşaqların atası, borclu Şəxs uşaqların babaları ilə görüşməsinə şəraitin yaradılması bildirildi. İcra sənədi üzrə tələbi icra etmədiyi təqdirdə ona məsuliyyəti barədə izahlar verildi. Yekun olaraq, Şirvan İcra Hakimiyyətinin uşaq hüquqları üzrə komissiyasının nümayəndəsinin eləcədə, X5 psixoloqunun rəyi əsasında tövsiyyə olundu ki, uşaqla babaları iki saat ərzində ünsiyyətdə olmaqları məqsədəmüvafiq hesab edilir. Görüş videoçəkiliş edilərək qeydə alındı. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində qeyd edilən hüquqları məhkəmə tərəfindən izah olunduqda sonuncu mobil telefonunda araşdırılan material üzrə zəruri hesab ediləcək videogörüntülərinin olduğunu bildirmişdir. Videogörüntünün məhkəmə tərəfindən müşahidəsi zamanı Şəxs qərardada uyğun olaraq iki dəfə uşaqları analarının yaşadığı ünvana, yəni, qərardadda qeyd edilən zamanda ünvana gətirdiyi, lakin, uşaqların isə həmin ünvana gəlmələrinə baxmayaraq anaları ilə ünsiyyətdə olmaqdan imtina etdikləri müəyyən edilmişdir. Videoçəkilişin müşahidəsi zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həftənin qərardadada uyğun olaraq şənbə günü uşaqları qeyd olunan ünvana aparması müşahidə olunmuşdur. Habelə, uşaqla ünsiyyət zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ana ilə görüşlərinin təşkili üçün icra və probasiya şöbəsinə gətirilməsi də müəyyən edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının “Uşaq hüquqları Haqqında “Qanun Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının tə min edilməsinə yönəldilir. Maddə 5. Uşaq mənafelərinin üstünlüyü Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 14. Uşağın vicdan, fikir və söz azadlığı Hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır. Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. Maddə 18. Valideynlərindən ayrı yaşayan uşağın hüququ Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi tə sir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Məhkəmənin mövqeyi: İş üzrə toplanmış materiallar, iclasda dinlənilmiş izahatlar, tərtib edilmiş aktlar və nümayiş etdirilmiş videoçəkilişlərin məcmu qiymətləndirilməsindən məhkəmə belə qənaətə gəlir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(032)-83/2025 saylı icra sənədi uşaqların (Nadirli Emil, xx.xx.2016; Nadirli Yusif, xx.xx.2020) hər həftə şənbə günü saat 12:00-dan bazar günü saat 12:00-dək anaları ilə ünsiyyətinin təmin olunması məqsədilə onların babası X9 vasitəsilə təhvil verilib-alınmasını nəzərdə tutur. Məlum olur ki, borclu Şəxs icra sənədinin tələblərini formal və faktiki planda yerinə yetirmək üçün ardıcıl addımlar atmış, uşaqları dəfələrlə həm icra orqanına gətirmiş, həm də qərardadda göstərilən ünvana aparmış, tərəflərin qarşılıqlı görüşünə şərait yaratmışdır. İcra hərəkətlərinin gedişi icra məmurunun iştirakı ilə aktlaşdırılmış, proses xronoloji qaydada videoçəkilişlə sənədləşdirilmiş, daha da əhəmiyyətlisi, Şirvan Şəhər İcra Hakimiyyətinin uşaq hüquqları üzrə komissiyasının nümayəndəsi və X5 psixoloqu cəlb edilərək uşaqların psixoloji vəziyyəti və real iradəsi yerində qiymətləndirilmişdir. Bu rəsmi müşahidələrdə Emil Nadirlinin babası ilə getməkdən qəti imtinası, Yusif Nadirlinin isə ünsiyyət qursa da getmək istəməməsi qeydə alınmışdır. Bu mənzərə bir hüquqi həqiqəti üzə çıxarır ki, icra sənədinin hədəflədiyi nəticənin (uşağın ana yanında müəyyən vaxt keçirməsinin) tam reallaşmaması borclunun hərəkətsizliyindən deyil, uşaqların sərbəst, müşahidə edilən və sənədləşdirilən iradəsindən doğmuşdur. Hüquq sistemi uşaq mənafeyini üstün dəyər saymaqla, uşağın şəxsi iradəsini “icra predmetinin” canlı, həssas və məcburi qüvvə ilə əvəzlənməsi yolverilməz olan elementi kimi tanıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi yalnız iki hal baş verdikdə tətbiq olunur: icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi; məcburi hərəkət və ya hərəkətsizlik barədə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi. İş materialları borclunun uşaqları müəyyən edilmiş vaxtlarda icra orqanına və ünvana gətirdiyini, görüş üçün real şərait yaratdığını, mütəxəssislərin iştirakı ilə prosesi davam etdirdiyini, bu barədə video-sübutlar təqdim etdiyini təsdiq edir. Bu kontekstdə “icranın üzrsüz səbəbdən edilməməsi” elementi sübuta yetirilmir. Əksinə, icra mümkünlüyü uşaqların müstəqil imtinası ilə obyektiv maneəyə tuş gəlmişdir. Deməli, AR İXM-nin 528.1də nəzərdə tutulan inzibati xəta tərkibinin subyektiv (təqsir) və obyektiv (üzrsüz icra etməmə) elementləri yoxdur. AR İXM-in 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda icraat başlanmır, başlanmış icraata xitam verilir Məhkəmə həmçinin qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 3-cü maddəsi uşağa dair dövlət siyasətinin mahiyyətini – sağlam böyümə, layiqli tərbiyə və inkişaf – önə çəkir. Həmin qanunun 5-ci maddəsində göstərilmişdir ki, uşaq mənafelərinin üstünlüyünü bütün qərar və icra mexanizmlərinə şamil edir, habelə 14-cü maddə uşağın fikir və söz azadlığını, 18-ci maddə valideynlərdən ayrı yaşasa belə ünsiyyət hüququnu, 19-cu maddə isə valideynlərin bərabər hüquq və vəzifələrini təsbit edir. Bu normalar uşağın görüş hüququnu zorakı icra predmetinə çevirməyi deyil, uşağın marağını zədələmədən, psixoloji harmoniya və könüllülük əsaslarında reallaşdırmağı tələb edir. Belə olan halda, uşağın ardıcıl, müşahidə olunan və rəsmi aktlarla təsdiqlənən imtinası fonunda borclunun “mütləq nəticə” çıxarması (yəni uşağı fiziki-psixoloji məcbur etməsi) qanunun mahiyyətinə və uşağın ən yaxşı mənafeyinə zidd olardı. Məhkəmə praktikasının insani ölçüsü də bunu tələb edir. Məhkəmə qərarı icranın zor modelinə deyil, hüquqi mədəniyyət modelinə xidmət etməlidir. Sübutların qiymətləndirilməsi — xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 tarixli icra aktları; — icra prosesinin videoqeydləri; — psixoloq və uşaq hüquqları üzrə komissiya nümayəndəsinin iştirakına dair qeydlər; — borclunun məhkəmədə təqdim etdiyi videogörüntülər – hamısı eyni hüquqi həqiqəti göstərir-borclu icraya mane olmayıb, əksinə icranı təşkil edib və maneə uşağın könüllü iradəsidir. Əmələ icra prosesində belə qiymət verilərkən müəyyən edilmişdir ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru icra sənədinin icrası üçün qanunun tələblərinə uyğun hərəkət etmiş, tərəfləri dəvət etmiş, müntəzəm görüşlər təşkil etmiş, aktlaşdırma və video-sənədləşdirmə aparmış, mütəxəssisləri cəlb etməklə uşağın psixoloji təhlükəsizliyini və mənafeyini təmin etməyə yönəlmiş addımlar atmışdır. Bu fəaliyyət məhkəmə tərəfindən qanuni, əsaslı və proporsional sayılmış, hər bir tədbirin uşaq mənafeyi meyarına uyğunlaşdırılmasına baxmayaraq icra sənədinin hədəflədiyi nəticənin (uşağın ana yanında müəyyən vaxt keçirməsinin) tam reallaşmaması borclunun hərəkətsizliyindən deyil, uşaqların sərbəst, müşahidə edilən və sənədləşdirilən iradəsindən doğmuşdur. Toplanmış sübutlar və tətbiq olunan hüquq normaları əsasında məhkəmə belə nəticəyə gəlir ki, borclunun hərəkətlərində İXM-in 528.1-ci maddəsi üzrə inzibati xəta tərkibi mövcud deyil – “üzrsüz icra etməmə” elementi sübuta yetirilməmiş, borclu tələb olunan “hərəkət öhdəliyini” yerinə yetirmiş, nəticənin qeyri-hasili uşağın iradəsindən irəli gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48- 51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-1027/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1027/2025
17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver