Məhkəmə qərarları › İş №3(032)-1033/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1033/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1033/2025 01.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi Hüseynova Gülnarə Süleyman qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndələri X1 və X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ : Tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü il tarixdə auditini aparmamışdır. İş materiallarına əlavə edilmiş 10 sentyabr 2025-ci il tarixli 3-23/2-5603/2025 saylı “A+B OYL Services MMC-yə ünvanlanmış məktubda qeyd edilmişdir ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə uyğun olaraq qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinə əsasən rayon məhkəmələri bu məcəllənin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Şəxs MMC-ni qeydiyyat yeri ünvan 1 ünvanıdır. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətlə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.5 Bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. ...... vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə -vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Audit anlayışı Audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli qərarı 3.1. Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. 3.2. Kommersiya təşkilatı illik maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən əsas cəmiyyətə, bunlar olmadıqda isə təsisçiyə (təsisçilərə) təqdim edir. 3.4. Kommersiya təşkilatının llik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə verilir. 5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması. 5.2. Maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları istisna olmaqla) siyahısını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. Məhkəmənin mövqeyi və əsaslandığı hallar: İş materiallarından görünür ki, Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol, cəmiyyətin 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin aparılmaması ilə bağlı tərtib edilmişdir. Lakin inzibati məsuliyyətin yaranması üçün yalnız faktın mövcudluğu deyil, həm də həmin faktın qanunla dəqiq müəyyən edilmiş tələbin pozulması nəticəsində baş verməsi, yəni inzibati xəta tərkibinin bütün elementlərinin — hüquqaziddlik, təqsir, əqli və iradi münasibətlərin — sübuta yetirilməsi vacibdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, şəxsin təqsiri bu Məcəllə ilə müəyyən olunmuş qaydada sübuta yetirilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddələrinə görə isə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və təqsir barəsində bütün şübhələr onun xeyrinə həll edilməlidir. Bu baxımdan məhkəmə qeyd edir ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda auditin aparılması müddəti barədə konkret normativ göstərici mövcud deyildir. Sözügedən qanunun 2-ci maddəsində yalnız auditin anlayışı və növləri (məcburi və könüllü audit) müəyyən edilmiş, lakin audit yoxlamasının hansı tarixədək həyata keçirilməli olduğu göstərilməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda göstərilmişdir ki, kommersiya təşkilatları illik maliyyə hesabatlarını növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməli və auditor rəyi ilə birlikdə dərc etməlidirlər. Bu normadan belə nəticə çıxır ki, əgər maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə dərc edilməsi tələb olunursa, deməli, audit yoxlaması da məhz həmin tarixədək aparılmalıdır. Lakin Şəxs MMC-nin auditinin bu tarixədək aparılmaması, özü-özlüyündə, inzibati məsuliyyətin tətbiqi üçün kifayət etmir, çünki auditin aparılmalı olduğu dəqiq müddət qanunvericilikdə birbaşa müəyyən edilməmişdir. İnzibati məsuliyyət isə yalnız açıq, birmənalı və hüquqi müəyyənlik daşıyan norma əsasında tətbiq oluna bilər. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, şəxs öz hərəkət və ya hərəkətsizliyinin nəticəsində inzibati məsuliyyətə cəlb edilə biləcəyini əvvəlcədən görə bilsin. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırkı işdə maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə dərc edilməsinin son tarixi 2024-cü ilin iyun ayının 30-dur. Bu tarixdən etibarən bir illik məsuliyyət müddəti 2025-ci ilin iyun ayının 30-da başa çatmışdır. Halbuki inzibati protokol 10 sentyabr 2025-ci il tarixdə, yəni bu müddət bitdikdən sonra tərtib edilmişdir. Beləliklə, protokolun tərtib olunduğu zaman artıq inzibati məsuliyyətin tətbiqinə imkan verən müddət baş çatmışdır, yəni inzibati məsuliyyətin zaman baxımından əsasları mövcud deyildir. Bu əsaslarla məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə aparılan inzibati xəta haqqında işin icraatına bu məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığından həmin məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on gün) müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar