Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1034/2024 10.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Qərardan şikayət vermiş X2, Qərarından şikayət edilən Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin baş inspektoru, polis baş leytenantı X3 iştirakları ilə, X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Polis şöbəsinin polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərara əsasən ona idarə etdiyi “DAEWOO NEXİA” minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsinin idarə etmək hüququ məhdudlaşdırılmış tərəfindən idarə etməyə, əks istiqamətə çıxmadan manevr etməyə görə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 332.3 və 327.1-ci maddələrinə əsasən 400 manat məbləğində cərimə olunmuşdur. Həmin vaxt avtomobili idarə etmədiyi üçün özünü təqsirli bilmir. Buna baxmayaraq Şirvan şəhər Polis şöbəsinin polis mayoru X5 tərəfindən əsassız olaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Özü də, İİ Vətən müharibəsi iştirakçısı və müxtəlif medallarla təltif olunmuş Qarabağ qazisidir. Protokolun ləğvi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etsə də, məhkəmə qərarının olmasının zəruriliyi bildirildi. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələ ilə bağlı inzibati orqan tərəfindən qanunvericiliyin göstərilən tələblərinə riayət edilməmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X4 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Qərarından şikayət edilən Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin baş inspektoru, polis baş leytenantı X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, X4 xx.xx.2024-cü il tarixdə tərəfindən saxlanılarkən bort-kompüter vasitəsilə baxış keçirilən zaman onun 2022-ci il tarixdə sürücülük hüququnun məhdudlaşdırılması müəyyən edilmiş, həmçinin barəsində inzibati tənbeh qərarı çıxarılmış şəxs hazırkı qərarın icra olunması üçün sürücülük vəsiqəsini aidiyyəti orqana təqdim etməmişdir. Bu səbəbdən də Ramil Həsənov barəsində həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə İXM-nin 153.3-cü maddələrini rəhbər tutaraq protokol tərtib edilmişdir. Bundan sonra Ramil Həsənov vəsatətlə Tərtər Hərbi Məhkəməsinə müraciət edərək cəriməni ödədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin protokol əsasında sonuncu barəsində xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, qərar əsaslıdır. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 “DAEWOO NEXİA” minik markalı, ** RZ *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3-1(098)- 515/2022 saylı qərarından görünür ki, X2 nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Tərtər Hərbi Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 3- 1(098)-515/2022 saylı qərarına xitam verilmişdir. Həmçinin həmin qərardan görünür ki, X1 Hərbi Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 3-1(098)-515/2022 saylı qərarı ilə yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar barəsində xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli qərarla tətbiq olunmuş cəriməni qanunla müəyyən edilmiş müddətlərdə ödəmədiyinə görə barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətində məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X11 İnternet Portalından çıxarışın surətindən görünür ki, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə xx.xx.2022-ci il tarixdə dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən 15 avqust 2022-ci il tarixdə verilmiş (M/V 095187 nömrəli) vəsiqənin surətindən görünür ki, X4 müharibə veteranıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə 332.3-cü maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edilməsi təkrar törədilməli, ya da ki, nəqliyyat vaitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi müəyyən olunmalıdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Beləliklə şikayətdə göstərilən inzibati xəta haqqında işlərə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, şikayət vermiş şəxs X4 yol hərəkəti qaydalarını pozduğuna görə EQ ******* nömrəli protokol üzrə xx.xx.2022-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat cərimə edilməsinə baxmayaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etmədiyindən barəsində İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Ramil Həsənov cərimə və dəbbə pulunu ödəmiş olduğundan vəsatətlə məhkəməyə müraciət etmiş, vəsatəti əsasında Tərtər Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3-1(098)-515/2022 saylı qərarı ilə onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Tərtər Hərbi Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 3-1(098)-515/2022 saylı qərarına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinə edilən qeydə görə bu Məcəllənin 529.1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, X4 barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 10 manat cəriməni xx.xx.2022-ci il tarixdə ödədiyindən, cəriməni ödədiyi andan İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad olunmuş şəxs hesab olunmalı, başlanmış icraata isə xitam verilməli idi. Belə olan halda isə X2 xx.xx.2024-cü il tarixdə İXM-in 332.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qanuni sayıla bilməz. “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXMnin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Beləliklə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılaraq məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalı, X4 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şirvan şəhəri polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin, ona əsassız yazılmış 400 manat inzibati cərimə silinsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1034/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1034/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver