Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1034/2025 07.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 11 sentyabr 2025-ci il tarixli məktubu ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş 10 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərmişdir. 19 sentyabr 2025-ci il tarixdə Şirvan şəhər Məhkəməsinə daxil olmuş 10 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditi aparılmamışdır. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edir ki, toplanmış sübutlarla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 29 avqust 2025-ci il tarixli bildirişindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 29 avqust 2025-ci il tarixdə saat 11:35-də Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmış, maliyyə hesabtlarına dair onda olan bütün subutların Maliyyə Nazirliyinə təqdim edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 99.2 və 100.3-cü maddələrinə əsasən açıq və qapalı səhmdar cəmiyyətləri (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarını hamının tanış olması üçün hər il dərc etməyə borcludurlar. Həmin Məcəllənin 107.6-cı maddəsinə əsasən bu məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. “Audit xidməti haqqında” Azərbaycan Respublikasının qanununun 2-ci maddəsinə əsasən Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Həmin qanunun 3-cü maddəsinə əsasən təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə-vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditini aparmamış, bununla da “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla belə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü il üzrə illik maliyyə hesabatlarının auditini hesabat dövrü başa çatdıqdan sonra 30 iyun 2024-cü il tarixdən gec olmayaraq aparmalı olduğundan əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin 30 iyun 2024-cü il tarixdən yaranmasına, qanunvericiliyin tələblərinə əsasən isə maliyyə qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilməsinə baxmayaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 29 avqust 2025-ci il tarixdə saat 11:35-də Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmış, 10 sentyabr 2025-ci il tarixdə isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmiş, həmin protokol 19 sentyabr 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş materiallarına isə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılıb-dayandırılmaması barədə heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi” Qaydalarının 3.1-ci maddəsinə uyğun olaraq kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30dan gec olmayaraq təqdim etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininin barəsində inzibati xəta haqqında protokol inzibati xətanın törədildiyi vaxtdan 01 il 02 ay 10 gün sonra 10 sentyabr 2025-ci il tarixdə, yəni inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən 02 ay 10 gün sonra sonra tərtib edilərək baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: "xxxx" MMC barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on gün) müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1034/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1034/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver