Məhkəmə qərarları › İş №3(032)-1072/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1072/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1072/2023 13.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Tələbkar Zərərçəkmiş şəxs, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2, İnzibati xəta törətmiş Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Laçın rayonu, Tığık kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Şirvan şəhəri, Laçın rayonu, Tığık kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-621/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələbini müəyyən olunmuş müddətdə icra etməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-621/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməsi qət edilmişdir. Aliment borcundan bu günə kimi 6972 manat məbləğində ödəniş etmiş, hazırda 5228 manat aliment borcu qalmışdır. Borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur, hazırda işsizdir. İşlədiyi təqdirdə aliment borcundan hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-621/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə Şəxs hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər biri üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməsi qət edilmişdir. İcra sənədi üzrə borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Tərəflərindən borclunun müvafiq təşkilatlara edilmiş əmlak sorğuları nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır. Borclunun əmlakına yerində baxış keçirmək üçün yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş, lakin üzərinə həbs qoyulası heç bir əmlak növü aşkar olunmamışdır. Buna baxmayaraq alimenti hissə ilə ödəməklə 6972 manat ödəmiş və icra sənədi üzrə 5228 manat aliment borcu yaranmışdır. Borcludan yenidən izahat alınmış, o, aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-621/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə görə borclu Şəxs Qələndar oğlundan hər ay 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər biri üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməsi qət edilmişdir. Lakin heç bir ödəniş etmir. Ödənilən pullar da 3-4 aydan bir 300-400 manat civarında olmuşdur, heç vaxt mütəmadi ödənişlər aparılmamışdır. Uşaqlar məktəbə getməlidirlər, onlar üçün geyim, ləvazimat almağa belə imkan yoxdur. Dəfələrlə borcluya bu barədə desə də, həmişə yayınıb, heç uşaqları ilə də ünsiyyət qurmaq istəməmişdir. Borcunun ödənilməsini tələb edir, əks təqdirdə onun cəzalanmasını xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 2(032)-621/2018 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Cavabdeh Şəxs 26 sentyabr 2009-cu il tarixdə anadan olmuş X3 və 05 oktyabr 2010cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq uşaqların anası X1 verilməlidir. Şirvan şəhər Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 3(032)-500/2019 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətə inzibati həbs tətbiq edilmişdir. Şirvan şəhər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 3(032)-1137/2021 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətə inzibati həbs tətbiq edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-621/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Şirvan şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 8(032)-70/2022 saylı qərarı ilə Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Məhkəmənin hazırki iş üzrə mövqeyi və əsaslandığı hallar: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Sözügedən inzibati xəta mahiyyət etibarı ilə, idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına aiddir. Qeyd olunan normanın qanunvericilikdə yer almasında əsas məqsəd dövlət adından qəbul edilən məhkəmə qərarlarına hörmət, onların məcburiliyi və hər hansı qeyd-şərt olmadan icrasının təminini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. Qanunun 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. İnzibati qanunvericilikdə də təqsir dedikdə, şəxsin törətdiyi ictimai münasibətlərə qəsd edən, hüquqazidd əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və icrasından boyun qaçırmasını, ziyanın məbləğini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək, tələbkarın mövqeyini, borclunun öz əməlinə münasibətini nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası ilə nəzərdə tutulmuş müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə icraat iştirakçılarının izahatlarına, iş materiallarına obyektiv və hərtərəfli qiymət verərək belə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır və bu səbəbdən inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənayətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 13 sentyabr 2023-cü il tarixdən, saat 15:25-dən hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar