Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1076/2024 13.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2005-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:25-də Şirvan şəhərində yerləşən “Bayraq Meydanında” ucadan səs salmış, ictimai qaydanı pozmuş və onu intizama dəvət edən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saat 24 radələrində dostları Taleh, Şamil, Tərlan və Elşadla birlikdə Rəvanın toy axşamı məclisindən çıxaraq Şirvan şəhərində yerləşən “Bayraq Meydanına” getmişlər. Orada mahnı qoşaraq musiqi sədaları altında səs-küylü şəkildə oynayırdılar. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və səs-küyün qarşısının alınması ilə bağlı iradlarını bildirmişlər. Lakin o və onunla orada olan digər şəxslər polisin qanuni tələbinə tabe olmayaraq, öz hərəkətlərini davam etdirmiş, daha sonra isə polis əməkdaşları onları patrul maşınına əyləşdirərək polis şöbəsinə gətirmişdirlər. Sərxoş vəziyyətdə olmuşdur. Törətmiş olduğu əməlin mahiyyətini dərk edir və əməlindən peşmandır. Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri X7 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, gecə saat 24 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində xidmətdə olan zaman “Bayraq Meydanı” adlanan yerdə şəxsiyyətləri sonradan onlara məlum olan 6 nəfərin şəxsin “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açaraq avtomobildən qoşulmuş yüksək səs tonu olan musiqinin səsləndirməklə nümayişkəranə şəkildə ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ucadan səs-küy saldığını aşkar etmişlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra törətdikləri əməlin hüquqazidd olduğunu, ətrafda yaşayan sakinlərin narazılığına səbəb olduğunu və bu hərəkətlərin ictimai qaydanı pozduğunu və nalayiq ifadələrlə müşayiət edilən səs-küyün isə cəmiyyətə açıqca hörmətsizlik olduğunu bildirmişlər. Onları qeyd olunan halllarla bağlı dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq, tutduqları iradlara heç bir məhəl qoymadan yenidən öz hüquqazidd hərəkətlərini qərəzli olaraq davam etdirmişdirlər. Barələrində müvafiq qanunauyğun tədbir görülməsi üçün onları polis şöbəsinə dəvət etdikdə onların qanuni göstərişlərinə tabe olmadıqları üçün şəhər ərazisində xidmətdə olan digər naryadda olan polis patrullarının köməkliyi ilə onları Şirvan şəhər PŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Orada ona məlum olmuşdur ki, həmin şəxslərdən biri də hazırda məhkəmə zalında olan Şəxsdur. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri X1 Elşad Malik oğlunun ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Şirvan şəhər Polis şöbəsinin sahə rəisi X8 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində yerləşən “Bayraq Meydanında” ucadan səs-küy salmış və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:25-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 01335 saylı protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 0,4980/00 müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında qeyd edilmişdir ki, İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə gecə saat 24 radələrində, yəni insanların istirahət vaxtında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, Şirvan şəhərində yerləşən Bayraq meydanında ucadan səs-küy salmış, yüksək tonlu musiqi sədaları altında cəmiyyətə açıqca hörmətsizlik edərək nalayiq ifadələr işlətmiş, habelə onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs əməllərində ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta tərkibinin əlamətləri olması sübuta yetirilmiş və bununla da o, AR İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsi, əməlindən peşman olması məhkəmə tərəfindən iş üzrə məsuliyyəti yüngülləşdirən hal olaraq nəzərə alınmışdır. Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən xəta törədən şəxsin xətanı sərxoş vəziyyətdə törətməsi məhkəmə tərəfindən iş üzrə məsuliyyəti ağırlaşdıran hal olaraq nəzərə alınmışdır. Həmçinin Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə inzibati xətanın xarakterini, törədilmiş inzibati xətanın İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar fəslinə və İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aid olmasını, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini və iş üzrə zəruri sübutları qiymətləndirərək hesab edir ki, Abbasov X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsin əsasən qeyd olunan inzibati xətalardan İXM-nin 535.1ci maddəsində daha ciddi sanskiya müəyyən edildiyinə görə həmin maddənin sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən qeyd olunan inzibati xətalardan İXM-nin 535.1-ci maddəsində daha ciddi sanskiya müəyyən edildiyinə görə həmin maddənin sanksiyası çərçivəsində tənbeh edilərək 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 12 dekabr 2024-cü il tarixdən, saat 23:25-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-1076/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1076/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver