Məhkəmə qərarları › İş №3(032)-1077/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1077/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1077/2024 13.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə şəhərin H.Əliyev prospektində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni göstərişinə tabe olmamışdır. İnzibati xəta hadisənin olması 13 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidlərin ifadələri, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilənləri etiraf edərək izahatında bildirdi ki, özünün toy mərasimindən bir gün qabaq, yəni xx.xx.2024-cü il tarixdə dostları ilə Şirvan şəhəri “Bayraq meydanı” adlanan yerdə olarkən mahnı qoşaraq oynamışlar, lakin “Tik-tok” sosial şəbəkəsində canlı açılmasından xəbəri olmamış, bu vaxt PPXB-nin polis əməkdaşları gəlmiş, onları nizam-intizama dəvət etmiş, polis əməkdaşı şöbəyə dəvət edən zaman polisin qanuni tələblərinə əməl etməmişdir. Hazırda əməlindən peşmandır. Bir daha belə səhvə yol verməyəcəkdir. Sonda məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid1 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:25 radələrində şəhərin H.Əliyev prospektində xidmətdə olan zaman “Bayraq meydanı” adlanan yerdə 6 nəfər şəxsin “Tik-tok” sosial şəbəkəsində canlı yayım açaraq nümayişkəranə şəkildə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ucadan səs-küy saldığını aşkar etmişlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra törətdikləri əməlin hüquqazidd olduğunu, ətrafda yaşayan sakinlərin narazılığına səbəb olduğunu bildirmişlər. Onları dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq tutduqları iradlara heç bir məhəl qoymadan yenidən öz hüquqazidd hərəkətlərini davam etdirmişlər. Barələrində müvafiq qanunauyğun tədbir görülməsi üçün onları polis şöbəsinə dəvət etdikdə onların qanuni göstərişlərinə tabe olmadıqları üçün şəhər ərazisində xidmətdə olan digər naryadların köməkliyi ilə onları PŞ-nə gətirərək NH-yə təhvil vermişlər. NH-də məlum oldu ki, onlar X3, X9, Şəxs, X1, X2 və X5r. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 məhkəmə iclasında Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə şəhərin H.Əliyev prospektində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni göstərişinə tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:25-də inzibati qaydada tutulmuş, 13 dekabr 2024-cü il tarixdə 10:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə şəhərin H.Əliyev prospektində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni göstərişinə tabe olmamışdır. Bununla da, Nuriyev X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati xata haqqında protokol tərtib edilmiş şəxsin əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar