Məhkəmə qərarları › İş №3(032)-1097/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1097/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1097/2025 06.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1291/2023 saylı icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1291/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. İcra sənədi üzrə borcluya "icraata başlamaq haqqında" qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Tərəflərindən borclunun müvafiq təşkilatlara edilmiş əmlak sorğuları nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır. İcra sənədi üzrə borclu Şəxs hüquq və vəzifələri, eləcə də aliment öhdəliyini yerinə yetirmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsinə dair xəbərdar edilməsinə baxmayaraq keçən müddət ərzində aliment üzrə ödənişlərini tam şəkildə etməmiş, nəticədə aliment üzrə borcu yaranmışdır. Borclu icra məmurunun çağırışlarına gəlmədiyindən, eləcə də onun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində xx.xx.2025-ci il tarixində "borclunun axtarılması" barədə qərar qəbul edilmişdir. İcra tədbirləri nəticəsində borclunun xx.xx.2025-ci il tarixinə cəmi 1240 manat aliment borcu olduğu məlum olmuşdur. İş üzrə tələbkar X7 dəfələrlə şöbəyə yazılı və şifahi müraciətlər edərək yaranmış aliment borcunu tələb etmişdir. Beləliklə, Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1291/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. Avqust ayının ödənişini edir. Sentyabr ayını da işləyib ödəniş edəcəkdir. Günü 10 manata işləyir. Alimentə görə gecə-gündüz işləyir. Uşaq xəstə olduğuna görə 300 manat pensiya alır. Həmçinin aylıq 350 manat məbləğində sosial alır. Sonuncu dəfə ödənişi 2025-ci ilin avqust ayında məhkəmə zalında etmişdir. Hazırda 200 manat pulu da məhkəmə zalında ödəyə bilər. Məhkəmə iclasında tələbkar X7 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Sabirabad Rayon Məhkəməsinin 2(056)-1291/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Sosial müavinat almır. Uşağın xəstəliyinə görə 300 manat məbləğində pensiya alır. Borcun tam ödənilməsini tələb edir.O, dəfələrlə özü də borcluyla əlaqə saxlayaraq alimentin verilməsini tələb etsə də, borclu onun zənglərini açmır və açdığı təqdirdə ünvanına nalayiq sözlər işlədir. Məhkəmədən borclu barəsində tənbehin tətbiqi zamanı uşağının da ağır xəstə olmağını və bu səbəbdən pula ehtiyacının olduğunu nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabirabad Rayon Məhkəməsinin 2(056)-1291/2023 nömrəli, 24.08.2o23-cü il tarixli icra sənədinə əsasən iş üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2023-ci il tarixli qərarı ilə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-1291/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-1291/2023 saylı icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan borclu xx.xx.1997-ci il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan borclu xx.xx.1997-ci il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(032)-852/2025 saylı qərarı ilə Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Habelə, istər işlədiyi zamanlarda tələbkara pul verməmiş, həmçinin icraçının dəvətindən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Hazırki işdə məhkəmə cərimə inzibati tənbehinin tətbiqini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, ödənilməmiş borcların məbləğini, hazırki zamanda heç bir məbləğdə ödəniş etməməsini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və toplanmış sübutları məcmu qaydada qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın — yəni məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halının — törədilməsi tam şəkildə sübuta yetirilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1291/2023 saylı icra sənədinə əsasən, Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat məbləğində aliment ödəməyə borcludur. İcra sənədinin icrası ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi tərəfindən icraata başlanılmış, borcluya könüllü icra üçün zəruri bildirişlər təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Lakin borclu həmin qərarın tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlməmiş və müəyyən olunmuş müddətlər ərzində ödəniş etməmişdir. İş materiallarından, eləcə də Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(032)-852/2025 saylı qərarından görünür ki, məhkəmə həmin tarixdə borclunun əməlində inzibati xəta tərkibi müəyyən etməyərək iş üzrə icraata xitam vermişdir. Lakin həmin qərardan sonra borcluya qanunun tələbləri, aliment öhdəliyinin icrası və məsuliyyət tədbirləri barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, bu tələblərə ciddi və məsuliyyətli münasibət göstərməmişdir. Məhkəmə qeyd edir ki, şəxs barəsində əvvəllər icraata xitam verilməsi ona qarşı göstərilmiş humanist yanaşma olmuş, lakin Şəxs bu fürsətdən istifadə edərək qərarın icrasından yayınmağa davam etmişdir. O, nəinki aliment ödənişlərini davamlı şəkildə yerinə yetirməmiş, əksinə, icra məmurunun dəvətlərini saymamış, icra orqanının tələblərinə məhəl qoymamış, yaşayış yerini gizlədərək axtarış elan olunmasına səbəb olmuşdur. Bu hallar onun qanuni tələbləri bilərəkdən pozduğunu, öhdəliklərə etinasızlıq nümayiş etdirdiyini və hüquqi məsuliyyət hissindən yayınmaq niyyətində olduğunu göstərir. Məhkəmənin dəyərləndirməsinə görə, borclunun yalnız polis orqanları tərəfindən tutulduqdan sonra, məhkəmə zalında cüzi məbləğdə ödəniş etməsi onun davranışının məsuliyyətli və vicdanlı borclu mövqeyi ilə izah edilə bilməz. Əksinə, bu hal onun məsuliyyətdən yayınmaq məqsədilə formal davranış sərgilədiyini, real niyyətinin isə aliment öhdəliyinin icrasına yönəlmədiyini sübut edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs barədə iş materialları göstərir ki, onun barəsində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmiş, əksinə, icra sənədinin uzun müddət icra olunmaması və icra məmurunun tələblərinin davamlı şəkildə pozulması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, cərimə inzibati tənbeh növü aliment öhdəliyindən yayınan şəxsə tətbiq olunduğu halda, uşağın xeyrinə yönəlməyəcək, əksinə, borclunun gələcəkdə aliment ödəniş imkanlarını məhdudlaşdıra bilər. Buna görə də məhkəmə belə hallarda inzibati həbs tənbehini daha məqsədəuyğun sayır, çünki bu, həm inzibati məsuliyyətin real icrasını təmin edən, həm də icra intizamının bərpasına yönəlmiş daha təsirli vasitədir. Beləliklə, məhkəmə müəyyən edir ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixdə icraata xitam verilməsindən sonra da qanunun tələblərinə hörmətsizlik göstərmiş, məhkəmə qərarının icrasından bilərəkdən yayınmış, yalnız tutulduqdan sonra formal şəkildə ödəniş edərək məsuliyyətdən yayınmağa cəhd etmişdir. Bu davranışlar onun təqsirli şəxs kimi qiymətləndirilməsini və inzibati tənbehə məruz qalmasını zəruri edir. Bu əsaslarla məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin cərimə tənbeh növünün tətbiqi məqsədəuyğun hesab edilmədiyindən, onun barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 06 oktyabr 2025-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar