Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1118/2024 23.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, "xxxx" MMC-də fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında küçədə ictimai asayişi pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrdində evdə olan zaman yoldaşının telefonuna whatsappda telefon ustası Bəhruz adlı şəxsin görüntülü yığdığını görmüş, bu səbəbdən də aralarında qısqanclıq zəmnində münaqişə yaranmış, əsəbindən yoldaşını vurmuş, pəncərənin şüşəsini sındırmışdır. xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində polis əməkdaşları gələrək onu şöbəyə dəvət etmiş, o da polisin qanuni tələbinə tabe olaraq şöbəyə gəlmişdir. Lakin o, polis əməkdaşkarına qarşı hər hansı tabesizlik göstərməmiş, səs-küy salmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə onun telefonuna zəng gəlmiş, yoldaşı ondan kimin zəng etdiyini soruşmuş, o da qorxduğu üçün evdən çıxaraq uşağını baxçadan götürmüş, sonra isə bacısıgilə getmişdir. Daha sonra yoldaşı Şəxs bacısıgilə gələrək münaqişə yaratmış, bacısıgilin evlərinin pəncərəsinin şüşəsini sındırmışdır. Şəxs ilə barışmaq üçün cəhd etsə də, lakin bu mümkün olmamışdır. Hazırda Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 izahatında bildirdi ki, 21.12 2024-cü il tarixdə saat 19:00 radələrində DİN-nin 102 xidmətindən daxil olmuş məlumat əsasında Şirvan şəhər polis şöbəsinin sahə rəisi Sarxan Əliyev və əməliyyat qrupnun üzvləri Şirvan ŞPŞ-nin baş təhqiqatçı polis baş leytenantı Səxavət Gərayev ilə vətəndaş Şəxs yaşadığı ünvana gedib özlərini təqdim edərək onu Şirvan ŞPŞ-nə dəvət edən zaman Şəxs küçədə nalayiq sözlər işlədərək, polis şöbəsinə çağrılmasına öz narazılığnı bildimiş, səs-küy salaraq, özünü qeyri səmimi aparmağa başlamışdır. Həyat yoldaşını və onun ailə üzvlərini hədələmiş, hər an hadisə törədəcəyini, özünə cavabdeh olmadığnı bildirmişdir. Onu nizam intizama dəvət etsələr də o, onların qanuni tələblərinə bilərəkdən tabe olmamış və PŞ-nə gəlməkdən boyun qaçırıb qaçmaq istəmiş, belə olan halda ona fiziki güc tədbiq edərək barəsində tədbir görülməsi üçün Şirvan şəhər polis şöbəsinin növbətçi hissəsinə gətirib təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində Şahid2 izahatında bildirdi ki, Vüsalə onun bacısıdır, Şəxs isə kürəkənidir. Vüsalənin yoldaşı ilə evlərində baş verən hadisədən məlumatı olmamış, Ceyhun onların evinə gələrək qışqırmış, pəncərinin şüşəsini sındırmış, yoldaşına zəng etmiş, lakin telefonu açmadığı üçün məcbur qalaraq DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Polis əməkdaşları gələn vaxt Şəxs yaşadıqlar ərazidən çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında küçədə ictimai asayişi pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21 dekabr 2024-cü il tarixdə, saat 19:30-da inzibati qaydada tutulmuş, 22 dekabr 2024-cü il tarixdə 19:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında küçədə ictimai asayişi pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Hacıyev X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Hacıyev X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 21 dekabr 2024-cü il tarixdə, saat 19:30-da inzibati qaydada tutulmuş, 22 dekabr 2024-cü il tarixdə 19:00-da azad edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən həmin hal nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 21 dekabr 2024-cü il tarixdən 22 dekabr 2024-cü il tarixədək Şirvan şəhər Polis şöbəsində saxlanılması nəzərə alınmaqla barəsində 28 (iyirmi səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 23 dekabr 2024-cü il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1118/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1118/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver