Məhkəmə qərarları › İş №3(032)-1119/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1119/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1119/2024 25.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə , xx.xx.1977-ci ildə Əli-Bayramlı (indiki Şirvan) anadan olmuş, subay, orta təhsilli, avtomoyuma məntəqəsində işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şirvan şəhər Polis Şöbəsin İTB-nin sahə rəisi, polis kapitanı X1 tərəfindən tərtib edilmiş 25 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə, Şəxs Şirvan şəhəri F.eynullayev küçəsində yuyucu məntəqəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən Şirvan şəhər Polis Şöbəsinin əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, o avtoyuma məntəqəsində işləyir. 25 dekabr 2024-cü il tarixdə səhər saatlarında polis əməkdaşı ora gələrək onun avtomobilinin yumasını ondan istəmiş, o da polis əməkdaşına növbədə yuyulmalı digər müştərinin avtomobili olduğunu bildirib onun avtomobilini yumaqdan imtina etmişdir. Bundan sonra polis əməkdaşı ona polis şöbəsinə getməli olduğunu bildirmiş, o da polis əməkdaşı ilə razılaşaraq onda olan avtomobillərin sahiblərinə məxsus açarları təqdim edib polis şöbəsinə gedə biləcəyini bildirmişdir. Bu zaman polis əməkdaşı onun paltarından tutaraq dartmış onu məcburi aparmaq istəmiş, o da buna görə polis əməkdaşının əlindən tutaraq yaxasını buraxmasını və gözləməsini bildirmişdir. O, həmin vaxt səs-küy salmamış, polisin qanuni tələbinə tabe olmayacaq hansısa hərəkət etməmişdir. O, inzibati xəta haqqında protokolla razı olmadığından Şirvan şəhər Polis Şöbəsində izahat yazmamışdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhər Polis Şöbəsin İTBnin sahə rəisi, polis kapitanı X1 bildirdi ki, 25 dekabr 2024-cü il tarixdə saat Şirvan şəhərində F.Eynullayev küçəsində xidməti ərazisində olarkən avtomobili yuyucu məntəqəsində yuyulması üçün saxlamaq istəmiş, lakin Şəxs ona icazə verməmiş, ona növbədə avtomobilin olmasını bildirmişdir. Onunla əli cibində, qaşqabaqlı şəkildə, uca səslə danışaraq onun qanuni tələbinə tabe olmamışdır. Bundan sonra onu polis şöbəsinə dəvət etmiş, lakin həmin şəxs avtomobilə əyləşməkdən imtina edərək onun qolundan tutub sıxmışdır. Daha sonra həmin şəxs Şirvan şəhər Polis Şöbəsinə apararaq növbətçi hissəyə təhvil vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi polis işçisi və ya hərbi qulluqçusu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən irəli sürdüyü qanuni tələblərə qəsdən tabe olmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatlardan müəyyən olunur ki, Şirvan şəhərində F.Eynullayev küçəsində yuyucu məntəqəsində polis əməkdaşı avtomobili yuyulması üçün müraciət edən zaman Şəxs növbədə başqa müştərinin olmasını bildirib ondan gözləməsini bildirmiş, polis əməkdaşı isə ondan polis şöbəsinə getməyi tələb etmiş, Şəxs da polis əməkdaşı ilə birlikdə Şirvan şəhər Polis Şöbəsinə getməyə razılaşmışdır. Bu hərəkətlər isə onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən inzibati xəta üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Ümumiyyətlə qeyd edilməlidir ki, polisin ixtiyari bir tələbinə qəsdən tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Yalnız polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Protokolu tərtib etmiş şəxs tərəfindən isə Şəxs təqsirliliyini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş orqan tərəfindən heç bir sübut təqdim edilmədiyindən və onun əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar