Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1126/2025 14.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X5 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şirvan şəhəri, Məcburi Köçkün şəhərciyi 8/19, blok 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Mirzəyev X8 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(072)-56/2024 saylı icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməməklə onun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-923/2024 saylı qərarı ilə 08 gün müddətinə inzibati həbs tətbiq edilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədini icra etməmiş və əməli törətmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-56/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Əlaslanova (Mirzəyeva) Aytac Afdandil qızının xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə Cəbrayıl rayon İcra və probasiya şöbəsi tərəfindən icraata başlanılmışdır. İcra sənədi xx.xx.2024-cü il tarixdə Cəbrayıl rayon İcra və probasiya şöbəsindən aidiyyəti üzrə göndərilərək Şirvan şəhəri üzre İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə tərəflərindən borcluya xəbərdarlıq göndərilmişdir. İcra sənədinin icrası məqsədilə borclunun yaşayış ünvanı olan ünvan 2 ünvanda yaşamadığı müəyyən olunmuş və xx.xx.2024-cü il tarixdə “İcra haqqında” AR Qanununun 27-ci maddəsinə uyğun olaraq “borclunun axtarılması barədə” qərar qəbul edilərək icra edilməsi üçün Şirvan şəhər Polis şöbəsinə göndərilmişdir. Şirvan şəhər Polis şöbəsi tərəfindən borclu Şəxs barəsində Aİ/261128/24 nömrəli axtarış işi açılmışdır. İcra sənədi üzrə X2 xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, borclu Şəxs ona 1090 manat aliment borcunun olduğunu bildirmişdir. (Borclu Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixdə qədər X2na ümumilikdə, 4600 manat aliment ödəməli idi) X1 ərizəsindən həmçinin, işin materiallarından aydın olur ki, borclu Şəxs tərəfindən bu günə qədər cəmi 310 manat məbləğində aliment ödənilmişdir. Borclunun hazırda 4290 manat məbləğində aliment borcu mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-56/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Əlaslanova (Mirzəyeva) Aytac Afdandil qızının xeyrinə ödənilməlidir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-923/2024 saylı qərarı ilə 08 gün müddətinə barəsində inzibati həbs tətbiq edilmişdir. Maddi imkanı yoxdur. Heç bir yerdə işləmir. Sağlamlıq haqqında arayış ala bilmir. Evdən maddi dəstək göstərillər. Siqaret almaq üçün valideynləri pul verir. 10 gün bundan əvvəl iş qurmuşdur. Sadəcə olaraq hazırda obyekt bağlıdır. Uşağın öz adına kart açılmağını istəyir. X2 məhkəməyə xx.xx.2025-ci il tarixdə teleqram ünvanlayaraq bildirmişdir ki, səhhətində yaranan problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Şəxs övladı X9 dövlət tərəfindən təyin olunan 200 manat məbləğində alimenti ödəməkdən boyun qaçırır. Övladı talassemiya xəstəsidir. Borcunun ödənilməsini, əks halda barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-56/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə borclu Şəxs xx.xx.2023-cü il tarixdən hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Əlaslanova (Mirzəyeva) Aytac Afdandil qızının xeyrinə ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-ci il tarixli qərarı ilə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-56/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-56/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şirvan şəhəri, Köçkün şəhərciyi, ev 8, mənzil 1 ünvanında yaşayan borclu xx.xx.1994-cü il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-923/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-cimaddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-923/2024 saylı qərarına əsasən İXM-nin 528.1-ci maddəsinə əsasən barəsində 08 gün müddətinə inzibati həbs tətbiq edilmiş, həmin qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətmişdir. Şəxs borcunu maddi imkanı olmadığına görə ödəmədiyini bildirmişdir. Lakin, məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Hazırki işdə məhkəmə cərimə inzibati tənbehinin tətbiqini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, ödənilməmiş alimentin məbləğini, hazırki zamanda heç bir məbləğdə ödəniş etməməsini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və toplanmış sübutları məcmu qaydada qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın — yəni, inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədini icra etməməsi tam şəkildə sübuta yetirilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-56/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Şəxs hər ay uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat məbləğində aliment ödəməyə borcludur. İcra sənədinin icrası ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi tərəfindən icraata başlanılmış, borcluya könüllü icra üçün zəruri bildirişlər təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Lakin borclu həmin qərarın tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlməmiş və müəyyən olunmuş müddətlər ərzində ödəniş etməmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, cərimə inzibati tənbeh növü aliment öhdəliyindən yayınan şəxsə tətbiq olunduğu halda, uşağın xeyrinə yönəlməyəcək, əksinə, borclunun gələcəkdə aliment ödəniş imkanlarını məhdudlaşdıra bilər. Buna görə də məhkəmə belə hallarda inzibati həbs tənbehini daha məqsədəuyğun sayır, çünki bu, həm inzibati məsuliyyətin real icrasını təmin edən, həm də icra intizamının bərpasına yönəlmiş daha təsirli vasitədir. Bu əsaslarla məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli, lakin, cərimə tənbeh növünün tətbiqi məqsədəuyğun hesab edilmədiyindən, onun barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 14 oktyabr 2025-ci il tarixdən, saat 15:35-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-1126/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1126/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver