Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1146/2025 03.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi Hüseynova Gülnarə Süleyman qızının katibliyi Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ : Tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" MMC-in yaxınlığında “OBA Marketə məxsus qarışıq tərkibə malik tullantılar pərakəndə formada urnadan kənara atılmışdır. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasına gəlməmişlər, məhkəmə, protokolda göstərilən xüsusatların, habelə məhkəmə iclası zamanı müəyyən edilməli olan halların araşdırılması üçün məhkəmə iclası təxirə salınmışdır. Növbəti xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı qeyd olunan idarənin nümayəndələri təkrarən məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, barələrində tərtib edilmiş protokolla razı deyildirlər. Atılan tullantılar yalnız urnanın içərisinə atılmışdır. Ətrafa atılan karton kağız və tullantılar onların işçiləri tərəfindən atılmamışdır. Həmin urnaların içərisindən ola bilər ki, sonradan kənar şəxslər və ya hər hansı digər hallarla, onlarla əlaqəsi olmayan hallarla bağlı ətraf əraziyə tullantılar səpələnmişdir. Lakin burada onların heç bir təqsiri yoxdur. Belə ki, onlar tərəfindən tullantılar birbaşa olaraq urnanın işçərisinə atılmışdır. İstər tərtib olunmuş protokol, istərsə də aktla razı deyildirlər. Ümumiyyətlə inzibati xətanın törədilməsinə dair hər hansı bir sübut protokol tərtib etmiş orqan tərəfindən təqdim edilməmişdir. Akt yalnız protokol tərtib etmiş orqanın öz işçiləri tərəfindən tərtib edilmiş və imzalanmışdır. Habelə aktda qeyd edilmişdir ki, rəhbərliklə əlaqə saxlanılmışdır, lakin onlara bu barədə hər hansı rəsmi xəbərdarlıq gəlməmiş, habelə araşdırma barədə məlumatlandırılmamışdırlar. Bundan başqa Şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclas zalında bildirdi ki, protokolu tərtib etmiş orqan tərəfindən akta əlaqə saxlanıldığı qeyd edilən şəxsin səs yazılarının təqdim edilməsi göstərilmiş olsa da, göründüyü kimi məhkəmə iclas zalında həmin diskə baxış keçirildi və diskdə hər hansı yazının olmadığı müəyyən edildi. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi əlavə olaraq qeyd etdi ki, protokol tərtib etmiş orqan tərəfindən hər hansı bir sübut təqdim edilməyib, özləri adından akt tərtib edilib, iş materialına tullantıların atıldığı yerdən “OBA Marketə” məxsus olması ehtimalını bildirdikləri tullantıların olduğu ərazidən götürdükləri iki ədəd kağız parçası təqdim edilməklə hüquqi şəxsi inzibati tənbehin tətbiq edilməsi məqsədilə protokol tərtib edilmişdir. İnzibati xətanı sübut etmək vəzifəsi ilkin olaraq protokolu tərtib etmiş orqanın üzərinə düşsə də, orqan istər inzibati icraat zamanı sübut təqdim etməmiş, habelə təkrarən məhkəmə iclasına gəlməyərək öz sübutlarını məhkəməyə təqdim etməmişdirlər. Xahiş etmişdir ki, iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. İş materiallarına əlavə edilmiş aktda qeyd edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 302 nömrəli sərəncamına əsasən Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “OBA Marketin” yaxınlığında yerlədirilmiş urnaların ətrafında tullantıların pərakəndə formada ətraf əraziyə atılması faktı müəyyən edilmiş, tullantılara baxış keçirilən zaman həmin tullantılar içərisində “OBA Marketə məxsus olan möhürlü sənədlər müəyyən edilərək videoya çəkilmiş, habelə qeyd olunan hallarla bağlı “OBA Market “ MMC-nin rəhbərliyi ilə əlaqə saxlanılmış, müvafiq səs yazısı yazılaraq “DVD” disk formasında akta əlavə edilməsi qeyd edilmişdir. İş mayteriallarına əlavə edilmiş DVD diskə baxış keçirilmiş və həmin diskdə hər hansı audio və video yazı aşkar edilməmişdir. Məhkəmə şikayətlə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.5 Bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. İXM-nin 83.1-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. İXM-nin 83.2-ci maddəsinə əsasən məlumatlar tələb edildiyi vaxtdan üç günədək müddətdə, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal müvafiq orqanlar, təşkilatlar, idarələr və müəssisələr tərəfindən qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. İXM-nin 83.3-cü maddəsinə əsasən müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və müəssisələrdən tələb edilən məlumatların təqdim edilməsi mümkün olmadıqda, onlar üç günədək müddətində, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə yazılı formada xəbər verməyə borcludurlar. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 266.3. Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə-hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını, tərəflərin izahatlarını, təqdim edilmiş sübutları və mövcud hüquqi tənzimləməni hərtərəfli, tam və obyektiv şəkildə araşdıraraq belə qənaətə gəlmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunması üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. İş materiallarından göründüyü kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolda göstərilmişdir ki, Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" MMC-nin yaxınlığında məişət tullantıları urnadan kənara atılmışdır. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, protokolda göstərilən faktın real baş verməsini sübut edən hər hansı müstəqil, obyektiv və etibarlı sübut iş materiallarında mövcud deyildir. AR İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı təqsirin sübuta yetirilməsi vəzifəsi tam şəkildə protokolu tərtib etmiş orqanın üzərinə düşür, inzibati məsuliyyətə cəlb edilən şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və təqsirə dair şübhələr onun xeyrinə həll edilməlidir. Bu işdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri iş üzrə iki dəfə — xx.xx.2025 və xx.xx.2025 tarixlərində keçirilmiş məhkəmə iclaslarına gəlməmiş, nə vəsatət təqdim etmiş, nə də inzibati xətanın sübutlarını məhkəməyə təqdim etmişlər. Məhkəmənin onlara yaratdığı təkrar imkanlara baxmayaraq, inzibati xətanın faktını müdafiə etmək, təqdim edilən protokolda göstərilən halları izah etmək və sübutetmə öhdəliyini yerinə yetirmək istiqamətində heç bir təşəbbüs göstərilməmişdir. Bu davranış inzibati icraatın əsas prinsiplərinə zidd olmaqla, İXM-nin 48-ci maddəsində təsbit edilmiş vəzifələrin — yəni işin hallarını hərtərəfli, tam və obyektiv aydınlaşdırmaq öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Qanunverici inzibati orqana sübutetmə yükünü üzərinə qoymaqla, məhz vəzifəli şəxsin hərəkətinin və ya qərarının qanuniliyini əsaslandırmaq öhdəliyini müəyyən etmişdir. Bu öhdəlik yerinə yetirilmədikdə, məhkəmə həmin inzibati xətanın törədilməsini sübuta yetirilmiş hesab edə bilməz. İş materiallarına əlavə edilmiş aktda Şəxs MMC-yə məxsus möhürlü sənədlərin tullantılar arasında aşkar edildiyi və bu barədə “DVD” diskə səs yazısı əlavə olunduğu qeyd edilmişdir. Lakin məhkəmə tərəfindən həmin diskə baxış keçirilmiş və orada heç bir səs və ya video yazının olmadığı müəyyən edilmişdir. Bu isə, aktda göstərilən qeydlərin faktiki reallığı əks etdirmədiyini göstərir. Bundan əlavə, iş materiallarında inzibati xətanın törədilməsinə dair başqa heç bir sübut —şahid izahatı və ya müstəqil müşahidə sənədi təqdim edilməmişdir. Sadəcə olaraq protokolu tərtib etmiş orqanın əməkdaşlarının öz imzaları ilə tərtib etdiyi akt inzibati məsuliyyətin tətbiqi üçün yetərli sübut hesab edilə bilməz. İXM-nin 76.1 və 80.1-ci maddələrinə əsasən, sübut kimi qəbul edilə bilən məlumatlar yalnız obyektiv faktlarla, müstəqil müşahidələrlə, maddi sübutlarla və ya etibarlı sənədlərlə təsdiq edilməlidir. Təkcə inzibati orqanın daxili qeydiyyatı və ya əməkdaşlarının imzaları ilə məhdudlaşan sənədlər sübut kimi qəbul edilə bilməz, çünki onların obyektivliyi və doğruluğu təmin olunmamışdır. Həmçinin, inzibati xəta faktının Şəxs MMC tərəfindən deyil, kənar şəxslər və ya təsadüfi hallarla törədilməsi ehtimalı iş materiallarında istisna edilməmişdir. Təqsirin şəxsə aid edilməsinin mümkünlüyü sübuta yetirilmədiyi üçün, bu vəziyyətdə təqsirli sayılma prinsipi tətbiq oluna bilməz. İXM-nin 84.1 və 84.2-ci maddələrinə əsasən, hakim sübutları öz daxili inamı ilə, işin bütün hallarının məcmusuna əsasən qiymətləndirir və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə təqdim edilmiş materialları, diski və tərəflərin izahatlarını qiymətləndirərək belə qənaətə gəlmişdir ki, inzibati xəta faktı obyektiv və qəti şəkildə sübuta yetirilməmişdir. Sübutetmə vəzifəsini daşıyan orqanın passiv davranışı, məhkəmə iclaslarında iştirak etməməsi və mövcud iddialarını sübut etməməsi onun təqdim etdiyi protokolun hüquqi qüvvəsini zəiflədir və həmin inzibati icraatın ədalətli aparılmasına şübhə yaradır. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəyə əsasən, təqsirliliyin sübuta yetirilmədiyi hallarda da eyni hüquqi nəticə tətbiq edilir. Məhkəmə müəyyən etmişdir ki, bu işdə Şəxs MMC-nin əməllərində inzibati xəta tərkibi yoxdur, belə ki, inzibati xəta faktı obyektiv olaraq sübuta yetirilməmişdir; inzibati məsuliyyətə cəlb etməyə əsas verən sübutlar təqdim edilməmişdir; protokolu tərtib etmiş orqan öz sübutetmə vəzifəsini yerinə yetirməmiş, məhkəmənin sübutları toplamaq öhdəliyini yersiz şəkildə üzərinə atmışdır; mövcud şübhələr təqsirləndirilən hüquqi şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında tərtib edilmiş protokolun və təqdim edilmiş aktın məzmunu ilə Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. İş üzrə sübutlar etibarlı və yetərli hesab edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən inzibati xəta tərkibi və ya təqsirlilik sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105 128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3cü maddəsi ilə aparılan inzibati xəta haqqında işin icraatına həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on gün) müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-1146/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1146/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver