Məhkəmə qərarları › İş №3(032)-1148/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1148/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1148/2025 17.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 və X4 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: AR DİN-in Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs 15 oktyabr 2025-ci il tarixdə toy məclisində X3 və X4 ünvanına söyüşlər söyərək təhqir etəklə ictimai qaydanı pozmuş və cəmiyyətə qarşı açıq hörmətsizlik etmişdir. Buna görə də, Şirvan şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 17 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları qismən təsdiq edərək bildirdi ki, dostu Şəmistanın oğlunun kiçik toyunda olmuş və həmin toyda müəyyən qədər içki qəbul etmişdir. Daha sonra isə Namiq Ağayevin əyləşdiyi masaya yaxınlaşaraq onunla bir yerdə oturmuş və söhbət etmişdirlər. Ardınca isə söhbət əsnasında aralarında mübahisə yaranmış, həmin mübahisə əsnasında Namiqin ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra isə baş verənlər barədə məlumatı olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş X7 izahatında bildirmişdir ki, Şəxs ona qarşı nalayiq ifadələr işlətmişdir. Belə ki, qohumu olan Şəmistan adlı şəxsin oğlunun kiçik toyunda olan zaman Şəxs ona yaxınlaşmış və onun əyləşdiyi masada oturmuşdur. Söhbət əsnasında İlkin ona iradlar bildirmişdir ki, azadlıqdan məhrumetmə cəzasını çəkdiyi zaman onun yanına gəlməmiş, habelə ona cəza çəkdiyi zaman pay göndərməmişdir. İlkinin əsassız iddialarından sonra aralarında sözlü mübahisə yaranmış və toyda, habelə toydan kənarda İlkin onun ünvanına nalayiq ifadələr işlətmiş və kobud formada onu təhqir etmişdir. Hətta yoldaşı Sevinc onların yanına gələrək mübahisəyə son qoymağı xahiş etdikdə İlkin Sevinci də təhqir etmiş, ona ağır söyüşlər ünvanına işlətmişdir. BU zaman Sevinc həmin söyüşlərdən utanaraq kənara çəkilmiş və qohumların arasında utanaraq ağlamışdır. Məhkəmə iclasında zərərçəkmiş X6 izahatında bildirmişdir ki, qohumu olan Şəmistan adlı şəxsin oğlunun kiçik toyunda olan zaman İlkin onun yoldaşı Namiqin yanına gələrək cəza çəkdiyi zaman ona nə üçün pay göndərməyini və onunla maraqlanmadığını, diqqət göstərmədiyini bildirərək narazılıq etmiş, daha sonra isə həmin narazılığı mübahisəyə qədər davam etdirmişdir. Mübahisə zamanı həm toy zalında, həm də toydan sonra Namiqin ünvanına insanların gözü qarşısında nalayiq ifadələr işlətmişdir. O, Namiqi və İlkini sakitləşdirmək istəyərkən İlkin onun da ünvanına xoş olmayan sözlər və kobud təhqirlər söyləmişdir. O hətta söyüşlərdən sonra qohumlarının qarşısında utanmış və bir daha məclisə qayıtmayaraq utandığından ağlamağa başlamış, söyüşlərə görə pərt olduğundan insanların qarşısında çıxa bilmədiyini bildirmişdir. İnzibati protokolu tərtib etmiş şəxs Şirvan şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X5 xx.xx.2025-ci il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə toy məclisində X3 və əri X4 ünvanına söyüşlər söyərək təhqir etmişdir.Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:30-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 15:30-da azad edilmişdir. İşin faktiki hallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında qeyd edilmişdir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iş üzrə toplanmış materialları, tərəflərin izahatlarını və təqdim edilmiş sübutları hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın — xırda xuliqanlığın tərkib əlamətlərini daşıyır. İş materiallarından müəyyən edilmişdir ki, Şəxs 15 oktyabr 2025-ci il tarixdə keçirilən toy məclisində ictimai yerdə, insanların gözü qarşısında zərərçəkmişlər X7 və X3 ünvanına nalayiq ifadələr işlətmiş, onları kobud şəkildə təhqir etməklə ictimai qaydanı pozmuş və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmişdir. Bu hərəkətlər fiziki zor tətbiqi və ya əmlaka zərər vurma ilə müşayiət olunmadığından, onların hüquqi qiymətləndirilməsi məhz İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi çərçivəsində verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolda göstərilən hallar, zərərçəkmiş şəxslərin izahatları və Şəxs qismən etirafedici izahatı əsasında belə qənaətə gəlir ki, onun əməlində ictimai qaydanın pozulması, insanlara qarşı açıq hörmətsizlik və cəmiyyətin normal davranış qaydalarına zidd davranış hallarının mövcudluğu sübuta yetirilmişdir. Şəxs törətdiyi əməli qismən etiraf etmiş, peşmançılıq ifadə etmiş, lakin hərəkətini sərxoş vəziyyətdə törətmişdir ki, bu hal İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Onun törətdiyi əməli qismən etiraf etməsi isə məsuliyyəti yüngülləşdirən hal hesab olunur. Məhkəmə həmçinin nəzərə alır ki, Şəxs yetkinlik yaşına çatmış, əmək qabiliyyətli şəxsdir, törətdiyi əməl ictimai yerdə baş vermiş, ətrafdakı şəxslərin mənəvi narahatlığına, zərərçəkmiş şəxslərin şərəf və ləyaqətinə toxunmuş, cəmiyyətdə mənəvi qayda və əxlaq normalarına açıq etinasızlıq göstərmişdir. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati tənbeh ədalətli olmalı, xətanın xarakterinə, onun törədilməsi hallarına və təqsirkar şəxsin şəxsiyyətinə uyğun təyin edilməlidir. 21-ci maddəyə görə isə inzibati tənbeh həm törədilmiş pozuntunun nəticələrinə hüquqi qiymət verməklə, həm də gələcəkdə analoji halların qarşısını almağa yönəlir. Yuxarıda göstərilən hallar nəzərə alınmaqla, Şəxs törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi, sərxoş vəziyyətdə törətməsi, zərərçəkmiş şəxsləri təhqir etməklə onların mənəvi aləminə toxunması, həmçinin törətdiyi əməl nəticəsində cəmiyyətin mənəvi dəyərlərinə hörmətsizlik nümayiş etdirməsi nəzərə alınaraq, onun barəsində inzibati cərimə növündə tənbehin tətbiqi kifayət hesab edilmir. Belə olan halda, Şəxs barəsində törətdiyi xırda xuliqanlığa görə inzibati tənbeh növü kimi inzibati həbsin tətbiq edilməsi zəruri hesab edilir və bu, törədilmiş əmələ adekvat, ədalətli və profilaktik xarakter daşıyan tədbir kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs barəsində həbs inzibati tənbehinin tətbiq olunmasını istisna edən xüsusatlar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarix, saat 15:30-dək, yəni bir gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş həbs müddətindən çıxılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar