Məhkəmə qərarları › İş №3(032)-115/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-115/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-115/2024 14.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsində dalandar işləyən, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən 08 dekabr 2023-cü il tarixli İXP № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, 08 dekabr 2023-cü il tarixdə saat 14:10 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində özünə məxsus bir baş inəyin nəzarətsiz qoyulması nəticəsində yol hərəkəti qaydaları pozularaq «Mercedes» markalı ** JX *** dövlət nömrə nişanlı avtomobilin sahibinə maddi ziyan vurmuşdur. İnzibati xəta hadisəsinin olması 08 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, rəy aktı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 08 dekabr 2023-cü il tarixdə saat 14.10 radələrində özünə məxsus bir baş inək Şirvan şəhəri H.Əliyev prospekti Füzuli parkının yaxınlığında yolun ağaclar olan hissəsindən asfalt örtüklü yola çıxaraq avtomobilin qarşısına qəfil çıxmış, nəticədə avtomobil onu vurmuşdur. Avtomobilin vurduğu inəyin 4 aylıq balası tələf olmuşdur . Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 08 dekabr 2023-cü il tarixdə saat 14:10 radələrində yol vərəqəsi əsasında idarə etdiyi Şirvan ŞMXnın TTYS-na məxsus «Mercedes» markalı ** JX *** dövlət nömrə nişanlı avtomobillə Şirvan şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman yolun kənarında ağaclar olan hissədən bir baş inək anidən çıxaraq idarə etdiyi avtomobilin sağ tərəfinə çırpılmış, nəticədə avtomobilə 910 (doqquz yüz on) manat maddi ziyan dəymişdir. Hazırda avtomobilə dəymiş ziyan ödənilmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs məhkəmə bildirişi verilmiş, lakin o məhkəməyə gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, ərizə göndərərək Şəxs tərəfindən dəymiş ziyanın ona ödənilməsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan 08 dekabr 2023-cü il tarixli İXP5896018 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 dekabr 2023-cü il tarixdə saat 14:10 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində özünə məxsus bir baş inəyin nəzarətsiz qoyması nəticəsində yol hərəkəti qaydaları pozularaq «Mercedes» markalı ** JX *** dövlət nömrə nişanlı avtomobilin sahibinə maddi ziyan vurmuşdur. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli rəy aktına əsasən «Mercedes» markalı ** JX *** dövlət nömrə nişanlı avtomobilin qəza zamanı əzilib sıradan çıxan hissələr üzrə dəyən maddi ziyan 110 (yüz on) manat, təmir və bərpa üzrə dəyən maddi ziyan 800 (səkkiz yüz) manat, ümumi dəyən ziyan 910 (doqquz yüz on manat) müəyyən edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli ərizədən görünür ki, Şəxs tərəfindən dəymiş ziyanın ona ödənilməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, Şəxs tərəfindən 338.5.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta (at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulması, yəni mal-qaranın yolda nəzarətsiz qoyulması) törədilmiş və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin əməlindən peşman olması və zərərçəkmiş şəxsə vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi hallarını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirməklə yanaşı, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci, 115-ci ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar