Məhkəmə qərarları › İş №3(032)-1166/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1166/2025

22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1166/2025 22.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri Polis şöbəsinin sahə rəisi polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Sabirabad rayonu, Azadakənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Sabirabad rayonu, Azadkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə Şirvan şəhərində yerləşən “Aytac” şadlıq sarayının qarşısında tanışları Orxan Rəhimli, Həbib Umudov və Samir Məmmədli ilə mübahisə edərək, səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidlərin ifadələri, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilənləri etiraf edərək izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə “Aytac” şadlıq evində keçirilən toy məclisində iştirak etmiş, toy məclisində qonşuları oynamaq istəmiş, o da mahnı sifariş vermək üçün musiqiçilərə yaxınlaşmış, həmin vaxt Orxan adlı şəxs oynadığı üçün ona qonşuların oynamasına görə icazə istədiyini demiş, bu vaxt aralarında mübahisə yaranmışdır. Daha sonra onu avtomobilə mindirərək evə gətirmişlər. Səhəri gün polis şöbəsindən ona zəng olunaraq şöbəyə dəvət etmişlər. Şadlıq evindən çıxan zaman orada polis əməkdaşları olmamış, həmin vaxt sərxoş olduğundan baş verən hadisəni tam olaraq xatırlamır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin İTB-nin polis nəfəri, polis serjantı X2 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 22:05 radələrində Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı Murad Əliyev ilə birlikdə İstiqlaliyyət prospektində xidmətdə olan zaman Şirvan şəhərində yerləşən “Aytac” şadlıq sarayının qarşısında 6 nəfər şəxsin bir-biriləri ilə mübahisə edib səs-küy salaraq nalayiq ifadələr işlətdiklərini görüb həmin şəxslərə yaxınlaşıb nizam-intizama dəvət etsələr də, adları sonradan məlum olan Sabirabad rayon sakinləri Şəxs, X5, X9 və X6 onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz əməllərini davam etdirmişlər. Bu səbəbdən də, tərəflərindən həmin şəxslər saxlanılaraq polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis şöbəsinin Post-patrul xidməti bölüyü polis nəfəri X1 şəhər Polis şöbəsinin İTB-nin polis nəfəri, polis serjantı X2 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şirvan şəhərində yerləşən “Aytac” şadlıq sarayının qarşısında tanışları Orxan Rəhimli, Həbib Umudov və Samir Məmmədli ilə mübahisə edərək, səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır..Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şirvan şəhərində yerləşən “Aytac” şadlıq sarayının qarşısında tanışları Orxan Rəhimli, Həbib Umudov və Samir Məmmədli ilə mübahisə edərək, səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Məmmədov X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati xata haqqında protokol tərtib edilmiş şəxsin əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Həmçinin Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar