Məhkəmə qərarları › İş №3(032)-1170/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1170/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1170/2025 29.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, X1 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31459155 nömrəli elektron qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31459155 inzibati xəta haqqında qərarın ləğv edilməsi və ona əsassız yazılmış 100 manat (03 bal) məbləğində inzibati cərimənin silinməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında idarə etdiyi 2001-ci il buraxılışlı, “Mercedes Benz E270 CDİ” minik markalı, ** EC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Şirvan şəhəri, Xaqani küçəsi üzrə hərəkətdə olarkən yolun 1.5 üfüqi nişanlanma hissəsində geriyə dönməklə hərəkətini davam etdirmişdir. Qeyd edilən hərəkət üzrə ona xx.xx.2025-ci il tarixdə sms bildirişi gəlməklə inzibati cərimə tətbiq edilməsi barədə məlumat gəlmişdir. Yol hərəkəti qaydaları tərəfindən pozulmamış, yolun geriyə dönmə üfüqi nişanlanma hissəsində hərəkət istiqamətini dəyişməklə davam etdirmişdir. İnzibati xəta hadisəsinin qeyd edilən yeri şəhərin Neptun market istiqamətinə giriş-çıxış istiqaməti olaraq yolun 1.1 üfüqi nişanlanma hissəsinin 1.5 üfüqi nişanlanma hissəsinə keçən hissəsidir. Bundan əlavə qeyd edilən ərazi üzrə şəhər təhlükəsizlik kamerası ilə inzibati xəta haqqında cərimə tətbiq edilmiş, tətbiq edilən inzibati xəta xx.xx.2025-ci il tarixdə 10:16 qeyd edilsə də, xx.xx.2025-ci il tarixdə saat 18:07-də ona məlumat verilmişdir. Mobil telefonunda sms radar mobil tətbiqi olmadığından sms bildiriş gəldikdən sonra mobil tətbiqi yükləməklə Şirvan şəhər Polis Şöbəsinin DYP xidməti şöbəsindən elektron qərarı şəxsən almışdır. X2 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, yolda dönməyə qırıq-qırıq xətlər var idi. Avtomobilin təkərinin biri ora düşmüşdür. Müşahidə kamerasının radarı çəkməyə icazəsi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndə məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31459155 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X6 “Mercedes Benz E270” minik markalı, ** EC *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, “Mercedes Benz E270” minik markalı, ** EC *** dövlət nömrə nişanlı avtomobil 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə manevr qaydalarını pozmuşdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E270” minik markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə xx.xx.2021-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. İnzibati xətalar qanunvericiliyi Konstitusiya, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. Bu qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İnzibati xətalar qanunvericiliyinin prinsiplərini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X7 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd edilən Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 99.1. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. 99.2. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının X4 proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin X5 ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin X4 müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının X4 məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 124.2. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunan maddənin məzmununa əsasən inzibati xətaların foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə biləcəyi və bunun əsasında da inzibati xəta haqqında qərar qəbul edilə biləcəyi mümkünlüyü birmənalı olaraq qanunverici tərəfindən müəyyən olunmuşdur. Həmçinin, məhkəmə hazırki iş üzrə şikayətçinin inzibati qərarın ləğvi üçün gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, tədqiq olunmuş foto görüntüdən məlum olur ki, hazırki inzibati xəta şikayətçinin idarə etdiyi “Mercedes Benz E270 CDİ” minik markalı, ** EC *** qeydiyyat nişanlı avtomobil təhlükəsiz şəhər kameraları vasitəsi ilə məhz qeydə alınmış və avtomobili “əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydalarını pozmaqla idarə etdiyi müəyyən edilmiş, bunun əsasında da elektron qərar qəbul edilmiş və şəxs haqlı olaraq cərimələnmişdir. Belə ki, inzibati xətanın təhlükəsiz şəhər kameraları vasitəsilə aşkara çıxarılması ilə əlaqədar qanunverici tərəfindən hər hansı bir istisna müəyyən edilməmişdir. Hazırki vəziyyətdə isə inzibati xətanın baş verdiyini təsdiq edən sübut kimi müşahidə kamerasının görüntülərinin obyektivliyi şübhə altına alına bilməz. Törədilmiş xətanın “Təhlükəsiz Şəhər” kamerası vasitəsilə bilavasitə müəyyən edilməsinin qanuna zidd olaraq əsas gətirilməsi gələcəkdə hüquqdan sui-istifadə hallarına gətirib çıxarmasını, habelə ədalətin bərpa olunmayacağını istisna etmir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xəta törədilmişdirsə, bu xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar vardırsa və inzibati məsuliyyətdən azad edən halların mövcudluğu xaricindədirsə əməli törətmiş şəxsə tənbehin tətbiq edilməməsi inzibati xətalar haqqında işlər üzrə icraatın qarşıya qoyduğu vəzifələri təkzib etmiş olacaqdır. Məhkəmənin şikayət və vəsatətə dair mövqeyi: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 327.2-ci maddəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bu norma yol hərəkəti təhlükəsizliyinə qarşı yüksək ictimai təhlükəliliyə malik pozuntu kimi təsnif edilmişdir. AR İXM-in 122.1-ci maddəsinə görə, 327-ci maddədə nəzərdə tutulan inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, həmin vasitələrin məlumatları X4 proqram təminatı əsasında ötürülməklə elektron qərar qəbul edilə bilər. Şikayətçi bu müddəaya istinad edərək, hazırkı işdə istifadə olunan təhlükəsizlik kamerasının DYP-in X5 inteqrasiya olunmadığını və buna görə qərarın əsassız olduğunu bildirmişdir. Lakin, məhkəmə hesab edir ki, İXM-in 122.1-ci maddəsi inzibati məsuliyyətin avtomatlaşdırılmış qaydada – şəxsin iştirakı olmadan, elektron qaydada tənbeh tətbiqi imkanlarını müəyyən edir. Bu norma digər aşkaretmə üsullarının mövcudluğunu və etibarlılığını inkar etmir. Əksinə, İXM-in 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğu həm xüsusi texniki vasitələrin, həm də digər dövlət informasiya sistemlərinin məlumatları ilə müəyyən edilə bilər. Hazırkı iş üzrə təqdim edilmiş fotoşəkillərdən açıq-aşkar görünür ki, şikayətçi idarə etdiyi nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına daxil olmuşdur. Bu sübutun obyektivliyi və etibarlılığı heç bir şübhə doğurmur. İXM-in 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; sübutların qiymətləndirilməsi hakimin daxili inamına əsaslanır.(res ipsa loquitor-sübutun özü danışır) Məhkəmə əlavə olaraq qeyd edir ki, hüquq tətbiqində inzibati xətaların ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalıdır. Əks istiqamətə çıxma halları yüksək ictimai təhlükəliliyə malik olduğundan, sübutların çevik və diferensial tətbiqi ədalətlilik prinsipinin (İXM-in 4-cü maddəsi) tələbinə tam uyğundur. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarında vurğulandığı kimi, inzibati məsuliyyətin tətbiqində əsas prinsip ədalətlilikdir. Ədalətlilik isə yalnız qanunun mətninə formal yanaşmaqla deyil, qanunun məqsədini – ictimai təhlükəsizliyin qorunmasını və hüquqdan sui-istifadənin qarşısını almağı təmin etməklə reallaşır. Hazırkı işdə şikayətçinin hərəkəti ictimai təhlükəsizliyə birbaşa real zərər təhlükəsi yaradır. Belə şəraitdə yalnız texniki prosedur boşluqlarına formal istinad etməklə məsuliyyətdən yayınmaya imkan vermək, öz növbəsində, ədalətlilik prinsipinə zidd olardı və gələcəkdə hüquqdan sui-istifadə hallarının yayılmasına şərait yaradardı. Bu səbəbdən, məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta hadisəsi sübut olunmuş, təqdim edilən sübutlar qanuni, etibarlı və kifayət qədərdir, şikayətçinin gətirdiyi arqumentlər isə əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31459155 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayəti və vəsatət əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X6 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31459155 saylı elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar