Məhkəmə qərarları › İş №3(032)-12/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-12/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-12/2024 08.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, X1 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarından verdiyi şikayəti baxılmağa hazırlayarkən, müəyyən etdim: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət və digər materiallar natamam olduğuna və düzgün tərtib edilmədiyinə görə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş olan AZE 08502358 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 yaşayış yeri ünvan 1 ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə – yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli Qərarının nəticəvi hissəsinin 2-ci və 3-cü bəndlərinin məzmunu aşağıdakı kimidir: “Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir”. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 114 və 118-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarın ləğv edilməsinə dair verdiyi şikayəti baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar