Məhkəmə qərarları › İş №3(032)-1212/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1212/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1212/2023 27.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Barəsində inzibati protokol tərtib edilmiş Şəxs Müdafiəçi Məmmədzadə ayaz Eyvaz oğlunun iştirakı ilə, xx.xx.1972-ci ildə Şirvan şəhərində anadan olmuş, evli, orta təhsilli, ünvan 1 ünvanənda qeydiyyatda olmaqla yaşayan, Şəxs 510-cu maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tərtib edilmiş inzibati protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:45 radələrində polis şöbəsinin qarşısında sərxoş halda ucadan səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, hadisədən bir neçə gün əvvəl avtomobil və evinin açarlarını itirmişdir. Bununla əlaqədar əvvəlcə şifahi sonra isə yazılı qaydada polisə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə PŞ-yə verdiyi ərizə ilə kimin məşğul olduğunu öyrənmək məqsədi ilə növbətçi hissənin xidməti telefonuna zəng etmiş, ona lazimi cavab verilmədiyindən o polis şöbəsinə yollanmış, orada növbətçi hissənin əməkdaşı ilə danışmış və ərizəsinin qeydə alınması və nəticəsi barədə maraqlanmışdır. Lakin əməkdaş onunla kobud danışmış, o da əsəsbləşmişdir. Lakin işkili olmamış, nə də ki, heç kimi təhqir etməmişdir. Sadəcə olaraq ərizəsinin aqibəti ilə maraqlanmışdır. Polisin qanuni tələblərinə əməl etmiş, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmiş, səs-küy salmamış, xuliqanlıq etməmişdir. Şirvan şəhər Polis Şöbəsinin NH-nin növbətçi polis mayoru Şahid məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə növbətçi hissədə xidmətdə olan zaman növbətçi hissənin xidməti telefonuna zəng edərək, özünü Şəxs kimi təqdim edən şəxs, xx.xx.2023-cü il tarixdə PŞ-nə verdiyi ərizə ilə kimin məşğul olduğunu soruşmuş, ona bildirmişlər ki, “ərizənin icra müddəti var. Bu müddət ərzində sizə məlumat veriləcək”. Lakin Şəxs bu sözlərlə razılaşmayaraq qişqırmağa başlamış, qışqıraraq onu hədələməyə və ünvanına nalayiq ifadələr işlətmişdir. Onun sözlərinə əhəmiyyət verməyərək dəstəyi asmışdır. Bununla kifayətlənməyən Şəxs PŞ-nə gələrək yenidən ərizə verəcəyini bildirmiş və təhqiqatçı Mustafa Əsgərov yenidən ondan ərizə almışdır. Bundan sonra Şəxs növbətçi hissənin qarşısına gələrək qışqırıb bağırmağa, ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Onu sakitləşdirməyə çalışarkən Şəxs sərxoş olduğunu hiss etmiş, ona bildirmişdir ki, “get ayılandan sonra gələrsən”. Lakin Şəxs israrla getməkdən imtina edərək yüksək tonla qışqırıb nalayiq ifadələr işlətməklə növbətçi hissənin iş rejimini kobud surətdə pozmaqda davam etmişdir. Bütün şöbə əməkdaşları xidməti kabinetlərindən onu sakitləşdirmək istəsələrdə bu mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 26 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 26 oktyabr 2023-cü il tarixdə polis şöbəsinin qarşısında sərxoş halda ucadan səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli raporta əsasən xx.xx.2023-cü il tarixdə növbətçi hissədə xidmətdə olan zaman növbətçi hissənin xidməti telefonuna zəng edərək, özünü Şəxs kimi təqdim edən şəxs, xx.xx.2023-cü il tarixdə PŞ-nə verdiyi ərizə ilə kimin məşğul olduğunu soruşmuş, ona bildirmişlər ki, “ərizənin icra müddəti var. Bu müddət ərzində sizə məlumat veriləcək”. Lakin Şəxs bu sözlərlə razılaşmayaraq qişqırmağa başlamış, qışqıraraq onu hədələməyə və ünvanına nalayiq ifadələr işlətmişdir. Onun sözlərinə əhəmiyyət verməyərək dəstəyi asmışdır. Bununla kifayətlənməyən Şəxs PŞ-nə gələrək yenidən ərizə verəcəyini bildirmiş və təhqiqatçı Mustafa Əsgərov yenidən ondan ərizə almışdır. Bundan sonra Şəxs növbətçi hissənin qarşısına gələrək qışqırıb bağırmağa, ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Onu sakitləşdirməyə çalışarkən Şəxs sərxoş olduğunu hiss etmiş, ona bildirmişdir ki, “get ayılandan sonra gələrsən”. Lakin Şəxs israrla getməkdən imtina edərək yüksək tonla qışqırıb nalayiq ifadələr işlətməklə növbətçi hissənin iş rejimini kobud surətdə pozmaqda davam etmişdir. Bütün şöbə əməkdaşları xidməti kabinetlərindən onu sakitləşdirmək istəsələr də bu mümkün olmamışdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Məhkəmə ilk öncə polis qurumunun şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar tərtib etdiyi protokol və ona əlavə edilmiş sənədlərdə, həmçinin barəsində inzibati protokol tərtib edilmiş şəxsin ifadələrində kifayət qədər boşluqların və ziddiyyətlərin mövcudluğunu diqqətdən qaçırmır. İşin faktiki hallarından da məlum olduğu kimi Şəxs polisə hər hansı tabesizlik göstərməmiş, polis qurumuna ünvanlamış olduğu ərizəsinin icra vəziyyəti ilə maraqlanmış, hər hansı müsbət cavab almadığına görə bu hala etirazını bildirmişdir. Şəxsin səs-küy salaraq ictimai qaydanı pozması inandırıcı olmamaqla, şəxsin öz ifadəsi ilə də təkzib olunur. Raportu tərtib edən polis əməkdaşından başqa iş üzrə şəxsin həqiqətəndə göstərilən vaxtda ictimai qaydanı pozması, sonra isə qərəzli hərəkətlərini davam etdirərək polisə müqavimət göstərməsini təsdiq edən heç şahid, əlavə sübut, o cümlədən hadisənin inzibati bina daxilində olmasına baxmayaraq xətanı təsdiq edə biləcək heç bir video görüntü mövcud deyil. Halbuki şəxsin ittiham olunduğu inzibati xəta birbaşa olaraq ictimai qaydanın pozulması kimi xarakterizə olnur və ictimai qaydanın pozulması özündə kütləyə, cəmiyyətə, ictimaiyyətə, yəni özündə çoxluğa qarşı yönəlmiş bir əməli təşkil edir. Lakin hazırki halda şəxsi ictimaiyyətə qarşı inzibati xətanın törədilməsində ittiham edən orqan şəxsin konkret hərəkətlərinin nədən ibarət olmasını, bu hərəkətlərin qərəzli xarakterli olaraq təşəkkül tapmış ictimai münasibətlərə qarşı yönəlməsini, sadəcə bir şahid ifadəsi ilə təsdiq edilməsində kifayətlənmişdir. Göstərilən şahidin də məhz həmin inzibati orqanın əməkdaşı olması isə özlüyündə onun bildirdiklərinin nə dərəcədə həqiqəti əks etdirməsini bir qədər sual altında qoyur. Bütün şübhəli və ziddiyyətli məqamların şəxsin xeyrinə həll olunduğu halda isə Şəxs hərəkətləri xırda xuliqanlıq kimi qiymətləndirilə və o, təqsirli olmasını təsdiq edən heç bir tutarlı səbəb olmadığından inzibati qaydada məsuliyyətə cəlb edilərək tənbeh edilə bilməz. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar