Məhkəmə qərarları › İş №3(032)-1214/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1214/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1214/2025 27.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 13 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 13 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsi ilə təqsirli bilinərək 7000 manat məbləğində cərimə edilmişdir. X4 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 13 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 13 oktyabr 2025-ci il tarixli MN ******* saylı qərarı ilə 7000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar əsassız və qanunsuzdur. Belə ki, qanunsuz olaraq ayland ağacını məhv etməmiş, həmin ağac sınmışdır və insanların gedişgəlişinə maneəçilik törətmişdir. Bu səbəbdən həmin ağacı sınan yerindən kəsmiş və ağacın gövdəsi yerində qalmışdır. Özü həmin əraziyə 1000 ədədə yaxın ağac əkmiş və həmin ağaclara qulluq etmişdir. Hazırda da, həmin ağaclar hamısı yetişmişdir və Kür qırağında böyülk bir yaşıllığa çevrilmişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onu vəzifəli şəxs kimi cərimə etmişdir. Hesab edir ki, qərarı qəbul etmiş orqan bu barədə səhvə yol vermişdir. Belə ki, fiziki şəxsdir, hər hansı bir idarə təşkilat rəhbəri deyil, yaxud da həmin yaşıllığa, yəni Kür çayının qırağındakı yaşıllıqların qorunmasına məsul şəxs deyil. Həmin əksilən bir ədəd ayland ağacı da onun sahibliyində olan kafenin ərazisində deyildir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X4 izahatında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahatında şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən tərtib edilmiş 13 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsi ilə təqsirli bilinərək 7000 manat məbləğində cərimə edilmişdir. Şirvan şəhəri İsmət Qayıbov adına istirahət parkının ərazisində yerləşən “Sahil” kafesinin aşağı hissəsində Kür çayının mühafizə zolağında bioloji inkişafda 1 ədəd diametri 13 sm olan aylant cinsli ağacın kəsilərək məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın hesabat cədvəlindən görünür ki, 150 (bir yüz əlli) manat məbləğində təbiətə ziyan dəymişdir. X4 tərəfindən aparılmış araşdırma üzrə vermiş olduğu xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, şəxsi istifadəsində olan Sahil kafesinin sol tərəfində olan 1 ədəd yabanı şəkildə bitmiş ağacı qol budağı qırılıb kafenin ərazisində yerləşən otağın üzərində düşdüyü üçün ağacı kəsməyə məcbur olmuşdur. Bunun qanun pozuntusu olduğunu bilməmişdir. Şirvan şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat İdarəsi tərəfindən tərtib edilmiş 26 noyabr 2025-ci il tarixli, 5-8-6/2-45/2025 nömrəli arayışdan görünür ki, Şirvan şəhər Kür kənarında yerləşən “Sahil” kafesinin çay boyunca şimal və cənub tərəflərində əkilmiş və indiyə qədər qulluq edilən 300 metrə qədər yaşıllıq zonası “Sahil” kafesi rəhbərliyinin öz təşəbbüsü ilə salınmış və hazırkı vaxta qədər də onun tərəfindən qorunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsinə əsasən su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər üç min manat miqdarında, vəzifəli şəxslər yeddi min manat miqdarında, hüquqi şəxslər qırx beş min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. Həmin Qanunun 1.0.12-ci maddəsinə görə yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbirdir. Həmin Qanunun 13.1-13.1.6-cı maddələrinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: - dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; -“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; -şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; -ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; -texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; -ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qanunun 13.2-13.4-cü maddələrinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.6-cı maddələrində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydasının 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyət orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatları, eləcə də təqdim edilmiş sübutlara əsasən müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 13 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda Şirvan şəhəri İsmət Qayıbov adına parkın ərazisində yerləşən “Sahil” kafesinin aşağı Kür çayının mühafizə zolağında 1 ədəd köküstə yaş vəziyyətdə olan d=13 sm ayland ağacının kəsilməsi müəyyən olunmuş, bu səbəbdən də vəzifəli şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 7000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanladığı xx.xx.2025-ci il tarixli izahatında şəxsi istifadəsində olan “Sahil” kafesinin sol tərəfində olan 1 ədəd yabanı şəkildə bitmiş ağacın qol budağı qırılıb kafenin ərazisində yerləşən otağın üzərində düşdüyü üçün ağacı kəsməyə məcbur olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, X1 təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddənin tərkibi su obyektlərinin və su təsərrüfatı obyektlərinin mühafizə zolağında yerləşən yaşıllıq sahələrində əkilmiş ağacın kəsilməsi zamanı yaranır. İşin materiallarında həmin Şirvan şəhəri İsmət Qayıbov adına istirahət parkının ərazisində yerləşən “Sahil” kafesinin aşağı hissəsində Kür çayının mühafizə zolağında bioloji inkişafda 1 ədəd diametri 13 sm olan aylant cinsli ağacın həqiqətən də Kür çayının mühafizə zolağına aid olmasına dair heç bir sübut əlavə etməmiş, o cümlədən ağacın kəsildiyi yerin koordinatları, məsafə ölçümü və sxemi göstərilməmişdir. Həmin ərazinin Kür çayının mühafizə zolağına daxil olması barədə rəsmi xəritə və ya akt təqdim edilməmiş, mühafizə zolağının sərhədlərini təsdiq edən heç bir normativ sənədə istinad edilməmişdir. İnziabti akt tərtib etmiş inzibati orqan tərəfindən sübutetmə yükü tam şəkildə yerinə yetirilməmiş, fakt yalnız ümumi ifadə ilə göstərilmişdir. Təqdim olunmuş fotoşəkillərdə isə həqiqətən də Kür çayının mühafizə zolağına aid olmasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 91100 nömrəli, 29 sentyabr 2025-ci il tarixli aktda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinin pozulduğu qeyd edilsə də, konkret olaraq həmin maddədə qeyd olunmuş hansı tələbin pozuntusunun baş verməsi göstərilməmişdir. Bununla da görünür ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 253.3.3-cü maddəsinin tələblərinin pozulması və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, X1 əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Halbuki inzibati xəta hadisəsinin olması və həmin hadisənin məhz X4 tərəfindən törədilməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut əlavə edilməmiş, nə də elə bir sübutun olduğu göstərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 tərəfindən Şirvan şəhəri İsmət Qayıbov adına parkın ərazisində yerləşən “Sahil” kafesinin aşağı Kür çayının mühafizə zolağında 1 ədəd köküstə yaş vəziyyətdə olan d=13 sm ayland ağacının kəsilməsi müəyyən olunmamışdır, bu hal qərarı qəbul etmiş şəxs tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 253.3.3-cü maddəsinin tələblərinin pozulması və onun əməlində həmin inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, inzibata xəta haqqında iş üzrə icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi X1 İnzibati Xətalar Məcəlləsinin məhz 253.3.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iş materiallarını, işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 13 oktyabr 2025-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Vəzifəli şəxs X1 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən tərtib edilmiş 13 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli qərar ləğv edilsin. Vəzifəli şəxs X4 barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.3-cü maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar