Məhkəmə qərarları › İş №3(032)-1216/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1216/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1216/2025 03.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Salyan rayonu, Qaraçala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Salyan rayonu, Qarabağlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində YPXB-nin əməkdaşları tərəfindən avtomobilində xarici işıqların nasaz olduğu üçün saxlanılmış, sürücü sərnişin ilə yerini dəyişmiş, Şəxs sərxoş olduğu aşkar edilmiş və qayda pozuntuları izah edilərkən səs-küy salaraq, polisin qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, polis əməkdaşları içkili olduğundan avtomobili saxlamışdır. Lakin, avtomobili o idarə etməmişdir. Polis əməkdaşları ilə aralarında mübahisə məhz elə bu səbəbdən yaranmışdır. Mübahisə zamanı qeyd olunan xüsusatın araşdırılması üçün polis şöbəsinə dəvət edilmiş olsa da çox içkili və sərxoş vəziyyətdə olduğundan onların tələblərini icra etməmiş. Aralarında sözlü mübahisə yaranmış və səs-küyə səbəb olmuşdur. Həmin vaxt polis əməkdaşlarının ünvanına xoş olmayan ifadələr işlətmiş və öz avtomobilinin şüşəsini yumruqla vurub sındırmışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin DYPB-nin YPXnin baş inspektoru polis leytenantı X4 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində ** YP *** dövlət qeydiyyat nişanlı avtopatrulla xidmətdə olarkən “Mercedes” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin xarici işıq cihazlarında nasazlıq olduğunu aşkarlayaraq, saxla işarəsi vermişdir. Sürücüyə yaxınlaşan zaman sərnişin qismində əyləşən şəxslə sürücünün maşında yer dəyişməklərini görmüş, hər iki şəxsin sənədlərini yoxlamış və alkoqoldan istifadə etdikləri şübhə doğurduğu üçün alkotestrdən keçirmişlər. Sürücü qismində olub yerini dəyişən Şəxs spirtli içki təsiri altında olduğu aşkar olunmuşdur. Ona qayda pozuntusunu izah edən zaman o, səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Ona dəfələrlə xəbərdarlıq etsələr də, onları təhdid edərək “sizi işdən çıxartdıracam, başınıza oyun açacam” kimi ifadələr işlətməyə davam etmişdir. Hətta insanlar arasında çaxnaşma və narahatlığın yaranmasına səbəb olaraq ətrafa yığışan insanların gözü qarşısında ictimai qaydanı pozaraq öz avtomobilinin şüşəsini sındırmaqla müsbət hal doğurmayan hərəkətlərə yol vermişdir. Həmin əraziyə yaxın PPX naryadı çağıraraq, həmin şəxsi Polis Şöbəsinə dəvət edib Növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Şəxs dostudur. Həmin gün Şirvanda qalmışdır. Əhməd ona zəng edərək rayona gedəndə onu da götürməsini xahiş etmişdir. Özünün içkili olduğunu bildirmişdir. Svetoforu keçəndən sonra polis əməkdaşları onları saxlamışdır. Əhmədlə polis əməkdaşları arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Əhməd xoş olmayan ifadələr işlətmiş və mübahisə zamanı avtomobilinin şüşəsini yumruqla vurub polisin tələblərini icra etmirdi. Bundan sonra digər əlavə polis əməkdaşları da hadisə yerinə gələrək onu Polis şöbəsinə aparmışdırlar. Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X1 məhkəmə iclasında xx.xx.2025-ci il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində YPXB-nin əməkdaşları tərəfindən avtomobilində xarici işıqların nasaz olduğu üçün saxlanılmış, sürücü sərnişin ilə yerini dəyişmiş, Şəxs sərxoş olduğu aşkar edilmiş və qayda pozuntuları izah edilərkən səs-küy salaraq, polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:30-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 10:20-də azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında qeyd edilmişdir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yerdə, ictimai yerdə və polis şöbəsinin inzibati binasında ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə, nəlayiq ifadələr işlətməklə poli əməkdaşı ilə mübahisə etməsi (özünün izahatı ilə də təsdiq olunur) kimi hərəkətləri məhz ittiham olunduğu inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Şəxs əməllərində ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta tərkibinin əlamətləri olması sübuta yetirilmiş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə inzibati xətanın xarakterini, törədilmiş inzibati xətanın ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar fəslinə və İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aid olmasını, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun dövlət orqanının fəaliyyətinə təsirini, iş rejiminə müdaxiləsini, iş üzrə zəruri sübutları qiymətləndirərək hesab edir ki, Nuriyev X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsin əsasən qeyd olunan inzibati xətalardan İXM-nin 535.1-ci maddəsində daha ciddi sanskiya müəyyən edildiyinə görə həmin maddənin sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə şəxsin barəsində cərimə inzibati tənbehinin tətbiqi ilə inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə inzibati xəta törətmiş şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinə nail olmayacağını müəyyən etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən qeyd olunan inzibati xətalardan İXM-nin 535.1-ci maddəsində daha ciddi sanskiya müəyyən edildiyinə görə həmin maddənin sanksiyası çərçivəsində tənbeh edilərək 10 (on gün) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs xx.xx.2025-ci il tarix, 01:30-dan xx.xx.2025-ci il tarix, saat 10:20-dək, yəni, bir gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş həbs müddətindən çıxılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 03 noyabr 2025-ci il tarixdən, saat 17:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar