Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-126/2024 12.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Alışova Arzu Tahir qızının katibliyi, X2, Protokolu tərtib etmiş şəxs Şirvan şəhəri YPX-i inspektoru polis baş serjantı X3 iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər polis şöbəsinin DYPB-i tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X8 şikayətlə məhkəməyə müraciət edərək, 23 yanvar 2024-cü il tarixdə barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolun və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23 yanvar 2024-cü il tarixdə barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolu və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. 23 yanvar 2024-cü il tarixdə Şirvan şəhəri yol patrul xidmətinin inspektoru tərəfindən saxlanılaraq onun spirtli içki qəbul edibetməməyilə yoxlama aparacağını bildirdilər. Xüsusi texniki vasitənin köməyi ilə yoxladıqdan sonra ona bildirdilər ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib ediləcəkdir. O da demişdir ki, 21 yanvar 2024-cü il tarixdə spirtli içki qəbul etmiş və tələb etmişdir ki, onu həkimə aparsınlar və orda qanından analiz götürülsün və onun qanında neçə promil spirtli içki olması müəyyən edilsin. Lakin yol patrul xidmətinin inspektoru onun bu tələbimi rədd edərək barəsində protokol tərtib etdi. Daxili İşlər Nazirliyinin 102 Xidmətinə dəfələrlə müraciət edərək onun Şirvan şəhəri yol patrul xidmətinin inspektorunun iştirakı ilə həkimə aparılaraq orada müvafiq qan anazili götürülməsini xahiş etsə də, müraciəti cavabsız qalmışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri YPX-i inspektoru polis baş serjantı X6 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 10:15 radələrində Şirvan şəhər H.Əliyev prospektində xidmətdə olan zaman “QAZ 3110-121” minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən saxlanılmış, şəxsin avtomobili sərxoş vəziyyətdə idarə etdiyi məlum olduğundan o və idarə etdiyi avtomobil Şirvan şəhər polis şöbəsinə gətirilmişdir. X7 alkotester müayinəsindən keçirtdikdə alkoqolun miqdarı 0,486 % müəyyən edilmişdir. Bu səbəbdən də barəsində protokol tərtib edilmiş, protokol əsasında TP xx.xx.2024-cü il tarixli qərarla Şirvan şəhər polis mayoru X11 tərəfindən 400 manat məbləğində cərimə edilmişdir. X12 protokolda bir daha spirtli içki qəbul etməyəcəyini də etiraf etmişdir. Eyni zamanda barəsində protokol tərtib edilmiş şəxsə alkotestrin cavabından narazı qaldığı halda həkim müayinəsindən keçirilməsi də təklif olunmuşdur. Odur ki, şikayət əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək hesab edir ki, şikayət aşağıda əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X8 “QAZ 3110-121” minik markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli alkoqolun miqdarının müəyyən edilməsi barədə protokollaşdırma sənədindən görünür ki, X5 alkoqolun miqdarı 0.486 % müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında iş aparılan şəxsin izahatı və vəsatəti olan qrafada X8 tərəfindən qeyd edilmişdir ki, “protokolla tanış oldum razıyam, bir daha spirli içki qəbul edib avtomobil sürməyəcəm.” Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 209 nömrəli, 27 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. «Qaydalar»ın 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. «Qaydaları»n 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. «Qaydaları»n 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. «Qaydaları»n 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. «Qaydaları»n 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, şikayətçinin barəsində tərtib olunmuş qərarın ləğv edilməsi üçün bildirdiyi halları əsassız kimi qiymətləndirir, həmin qərarın ləğvi üçün əsas ola bilmədiyi qənaətə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 209 nömrəli, 27 iyun 2014-cü il tarixli qərarı ilə təsqdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir, bu üsul ilə mümkün olmadıqda isə tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Alkotestrdə aparılan yoxlama zamanı şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi üçün qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması tələb olunur. Hazırki iş üzrə şikayət vermiş şəxs X1 vəziyyətinin xüsusi texniki vasitədən istifadə edilməsi nəticəsində qanda alkoqolun konsentrasiyasının 0,486 % (4.86 promilli) miqdarında olması faktı kağız daşıyıcı vasitəsilə təsdiq edilir, onun bu üsul ilə müayinənin aparılmasından imtina etməsi müəyyən olunmamışdır. Eyni zamanda barəsində inzibati xəta haqqında iş aparılan şəxsin izahatı və vəsatəti olan qrafada X8 tərəfindən “protokolla tanış oldum razıyam, bir daha spirli içki qəbul edib avtomobil sürməyəcəm” qeydi yazılmışdır. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında tərtib olunan qərarın ləğvi yalnız inzibati xəta baş verməsini şübhə altına alan, xətanın tərkibini formalaşdıran əlamətlərin ziddiyyətli məqamlara əsaslanması, qərarın qanuna zidd və əsassız tərtib olunması hallarının mövcud olduğu təqdirdə mümkün sayıla bilər. Hazırkı iş üzrə belə halların mövcud olması aşkar edilməmişdir. Odur ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər polis şöbəsinin DYPB-i tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər polis şöbəsinin DYPB-i tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-126/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-126/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver