Məhkəmə qərarları › İş №3(032)-1266/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1266/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1266/2025 11.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şirvan şəhəri Xəqani küçəsində yerləşən “ Natural” obyekti üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və materialları araşdıraraq məhkəmə hesab edir ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyildir. Belə ki, xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şirvan şəhəri Xəqani küçəsində yerləşən “Natural” obyekti üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlamışdır. Nəticədə borclu Şəxsoğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Lakin inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlər müəyyən edilir ki, Şəxs tərəfindən Şirvan şəhəri Xəqani küçəsində yerləşən “ Natural” obyekti üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlaması səbəbindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu əməl isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin tərkibini yaratmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Halbuki, İXM-in 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmçinin İXM-in 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə protokol tərtib etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Bununla da məhkəmə hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xəta kimi nəzərdə tutulan əməlin əlamətləri ilə həmin əməli nəzərdə tutan İXM-nin maddəsi, həmçinin həmin maddə ilə nəzərdə tutulmuş əməlin törədilməsi halları ilə inzibati xəta haqqında protokola əlavə edilmiş digər sənədlərdəki məlumatlar arasında uyğunsuzluqlar olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər düzgün tərtib edilməmişdir. Qeyd edilənlər müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXMin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə göstərilənləri nəzərə alıb məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsin əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinə geri qaytarılsın. Qərardadda göstərilən nöqsanların aradan qaldırılması protokol tərtib etmiş səlahiyyətli orqanın diqqətinə çatdırılsın. Qərardaddan şikayət və ya protest verilə bilməz. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar