Məhkəmə qərarları › İş №3(032)-1271/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1271/2023

11.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1271/2023 11.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Sabirabad rayonu Çölbeşdəli kəndində anadan olmuş , evli, orta təhsilli, işləməyən, Sabirabad rayonu Çöl Beşdəli Ərazi X3 kəndində qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinə əsasən Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21.20 radələrində Şirvan şəhər Polis Şöbəsinin inzibati binasının qarşısında ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisəsinin olması 11 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində yerləşən şadlıq sarayında toyda iştirak etmiş, toyda olarkən bir qədər spirtli içki qəbul etmişdir. Həmin toyda iştirak edən həmkəndliləri polis şöbəsinə aparıldıqlarından və toy məclisinə həmin şəxslərin avtomobili ilə gəldiyindən o da polis şöbəsinə getmiş, avtomobili polis şöbəsində saxlamış və spritli içki qəbul etdiyindən mübahisə edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Lakin o, nalayiq ifadə işlətmədiyini, həmçinin törətdiyi əməldən peşman olduğunu, bir daha bu cür əməllərə yol verməyəcəyini bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXBnin polis serjantı X1 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 21.20 radələrində Şirvan şəhər Polis Şöbəsinin 1 nömrəli qapı postunda xidmətdə olarkən adını sonradan bildiyi Şəxs sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətdiyini görüb, onu nizamintizama dəvət etmişdir. Həmin şəxs sərxoş olmasına baxmayaraq anlaqlı vəziyyətdə olmuş, nizam-intizama dəvət edilməsinə baxmayaraq onun qanuni tələbinə tabe olmadığından Şirvan şəhər Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Şirvan şəhər Polis Şöbəsinin növbətçi hissəsində olarkən yenidən polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis serjantı X2 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 21.20 radələrində Şirvan şəhər Polis Şöbəsinin 1 nömrəli qapı postunda xidmətdə olarkən bir nəfər şəxs sərxoş halda yaxınlaşaraq xidmətinə mane olmağa başlamışdır. Onu dəfələrlə nizamintizama dəvət etsələr də onların qanuni tələblərinə məhəl qoymaraq öz hərəkətlərinə davam etmiş, polisin ünvanına nalayiq ifadələr işlətmiş və nəticədə Şirvan şəhər Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 noyabr 2023-cü il tarixdə saat 21.30 radələrində inzibati qaydada tutulmuş, 11 noyabr 2023-cü il tarixdə saat 10.00-da azad edilmişdir. İnzibati xəta haqında protokola əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 10 noyabr 2023-cü il tarixli 296 saylı tibbi müayinə protokolundan gürünür ki, Şəxs yüngül dərəcədə sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yer sayılan və kütləvi tədbir keçirilən restoranın həyətində, küçədə, ətrafda insanların olduğu bir məkanda ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə, nəlayiq ifadələr işlətməklə kənar şəxslə mübahisə etməsi (özünün izahatı ilə də təsdiq olunur) kimi hərəkətləri məhz İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:20-də törətmiş olduğu xırda xuliqanlıq hərəkətləri ilə əlaqədar kifayətlənməyərək, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığı özlüyündə ittiham olunduğu ikinci inzibati xətanın da tərkibinin mövcudluğuna dəlalət edir. Beləliklə, məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər iki inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin İXM-nın 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta daha ciddi xəta olduğuna görə ona həmin maddə ilə inzibati cərimə tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. İş üzrə şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-nın 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1-ci, 43-cü, 114-cü, 115-ci, 129-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : xx.xx.1984-cü ildə Sabirabad rayonu Çölbeşdəli kəndində anadan olmuş , evli, orta təhsilli, işləməyən, Sabirabad rayonu Çöl Beşdəli Ərazi X3 kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinin tələbləri nəzərə alınmaqla daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilsin və bir gün inzibati həbsdə qalmağı nəzərə alınaraq təyin olunmuş cərimə 50 (əlli) manat azaldılsın və qəti olaraq 150 (yüz) əlli manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar