Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1296/2025 19.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-421/2024 saylı icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-421/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X7 ödənilməlidir. İcra sənədi üzrə borcluya "icraata başlamaq haqqında" qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Tərəflərindən borclunun müvafiq təşkilatlara edilmiş əmlak sorğuları nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır. İcra sənədi üzrə borclu Şəxs hüquq və vəzifələri, eləcə də aliment öhdəliyini yerinə yetirmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsinə dair xəbərdar edilməsinə baxmayaraq keçən müddət ərzində aliment üzrə ödənişlərini tam şəkildə etməmiş, nəticədə aliment üzrə borcu yaranmışdır. Borclu icra məmurunun çağırışlarına gəlmədiyindən, eləcə də onun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində xx.xx.2025-ci il tarixində "borclunun axtarılması" barədə qərar qəbul edilmişdir. İcra tədbirləri nəticəsində borclunun xx.xx.2025-ci il tarixinə cəmi 4141 manat aliment borcu olduğu məlum olmuşdur. İş üzrə tələbkar X9 dəfələrlə şöbəyə yazılı və şifahi müraciətlər edərək yaranmış aliment borcunu tələb etmişdir. Beləliklə, Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-421/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ondan hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X7 ödənilməsi qət edilmişdir. 14 ildir ki, aliment ödəyir. Övladlarını saxlamaq borcudur. Sürücüdür. Sonuncu dəfə 1-2 ay bundan əvvəl 500 manat məbləğində ödəniş etmişdir. Hepatit C xəstəsidir. 2-ci dəfə ailə qurmuş, 2 övladı vardır. Bakı şəhərində sürücü işləyir. Hazırda 600 manat pulu da məhkəmə zalında ödəyə bilər. Bundan sonra vaxtlıvaxtında da ödənişlər edəcəyinə dair söz vermişdir. Məhkəmə iclasında tələbkar X9 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirvan Şəhər Məhkəməsinin 2(032)-421/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ondan hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Sonuncu dəfə iyun ayında 400 manat məbləğində ödəniş etmişdir. Borcun tam ödənilməsini tələb edir. Ödəmədiyi təqdirdə isə Şəxs həbs edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Şəhər Məhkəməsinin 2(032)-421/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)- 1682/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması, cavabdeh Şəxs xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 165 manat, cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 2(032)-421/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şirvan Şəhər Məhkəməsinin 2(032)-421/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə ünvan 2 ünvanında qeydiyyatda olan borclu xx.xx.1988-ci il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Habelə, istər işlədiyi zamanlarda tələbkara pul verməmiş, həmçinin icraçının dəvətindən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Hazırki işdə məhkəmə cərimə inzibati tənbehinin tətbiqini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, ödənilməmiş borcların məbləğini, hazırki zamanda heç bir məbləğdə ödəniş etməməsini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və toplanmış sübutları məcmu qaydada qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın — yəni məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halının — törədilməsi tam şəkildə sübuta yetirilmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-421/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 330 manat məbləğində aliment ödəməyə borcludur. İcra sənədinin icrası ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi tərəfindən icraata başlanılmış, borcluya könüllü icra üçün zəruri bildirişlər təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Lakin, borclu həmin qərarın tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlməmiş və müəyyən olunmuş müddətlər ərzində ödəniş etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs barədə iş materialları göstərir ki, onun barəsində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmiş, əksinə, icra sənədinin uzun müddət icra olunmaması və icra məmurunun tələblərinin davamlı şəkildə pozulması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, cərimə inzibati tənbeh növü aliment öhdəliyindən yayınan şəxsə tətbiq olunduğu halda, uşağın xeyrinə yönəlməyəcək, əksinə, borclunun gələcəkdə aliment ödəniş imkanlarını məhdudlaşdıra bilər. Buna görə də məhkəmə belə hallarda inzibati həbs tənbehini daha məqsədəuyğun sayır, çünki bu, həm inzibati məsuliyyətin real icrasını təmin edən, həm də icra intizamının bərpasına yönəlmiş daha təsirli vasitədir. Bu əsaslarla məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin cərimə tənbeh növünün tətbiqi məqsədəuyğun hesab edilmədiyindən, onun barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 19 noyabr 2025-ci il tarixdən, saat 16:05-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-1296/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1296/2025
19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver