Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1321/2025 26.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkarlar X6 və X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(032)-198/2013 və xx.xx.2018-ci il tarixli, 2(032)-2183/2018 saylı icra sənədlərinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(032)-198/2013 saylı icra sənədinə əsasən borclu Şəxs hər ay bir uşağın saxlanılması üçün gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tələbkar Lamiyə Güləliyevaya ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi üzrə borclunun 17.000 manat aliment borcu yaranmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-2183/2018 saylı icra sənədinə əsasən borclu Şəxs hər ay bir uşağın saxlanılması üçün 110 manat miqdarında alimentin Nuranə Quliyevaya ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi üzrə borclunun 6250 manat aliment borcu yaranmışdır. Qeyd olunan icra sənədləri üzrə borcluya iş üzrə “icraata başlamaq haqqında” qərar, tələbin könüllü icrası haqqında bildiriş verilməsinə, dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, aliment borclarını ödəməmişdir. Beləliklə, Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(032)- 198/2013 saylı icra sənədinə əsasən ondan hər ay bir uşağın saxlanılması üçün gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tələbkar Lamiyə Güləliyevaya və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-2183/2018 saylı icra sənədinə əsasən isə ondan hər ay bir uşağın saxlanılması üçün 110 manat miqdarında alimentin Nuranə Quliyevaya ödənilməsi qət edilmişdir. Maddi imkanı yoxdur. Yeni işə başladığını, hazırki məhkəmə iclasının gedişatında 500 manat məbləğində ödəniş edəcəyini bildirmişdir. Məhkəmə iclasında tələbkar X6 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(032)- 198/2013 saylı icra sənədinə əsasən hər ay 1 uşağın saxlanılması üçün gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Borcun tam ödənilməsini tələb edir. Məhkəmə iclasında tələbkar X4 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)- 2183/2018 saylı icra sənədinə əsasən hər ay 1 uşağın saxlanılması üçün hər ay 110 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Borcun tam ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(032)-198/2013 saylı icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 04 fevral 2013-cü ildən hesablanmaqla Şəxs qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq X8 verilməsi qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-2183/2018 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin alınaraq X3 verilməsi qət edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(032)-198/2013 və xx.xx.2018-ci il tarixli, 2(032)-2183/2018 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şirvan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(032)-198/2013 və xx.xx.2018-ci il tarixli, 2(032)- 2183/2018 saylı icra sənədləri üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(032)-576/2019 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 13 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs qeydiyyatda olduğu ünvanda olmadığı üçün onun axtarışı elan edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Habelə, istər işlədiyi zamanlarda tələbkara pul verməmiş, həmçinin icraçının dəvətindən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Hazırki işdə məhkəmə cərimə inzibati tənbehinin tətbiqini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, ödənilməmiş borcların məbləğini, hazırki zamanda heç bir məbləğdə ödəniş etməməsini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və toplanmış sübutları məcmu qaydada qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın — yəni məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halının — törədilməsi tam şəkildə sübuta yetirilmişdir. Şirvan Şəhər Məhkəməsinin Şirvan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(032)-198/2013 saylı icra sənədinə əsasən borclu Şəxs hər ay bir uşağın saxlanılması üçün gəlirlərinin ¼ hissəsi miqdarında və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-2183/2018 saylı icra sənədinə əsasən hər ay bir uşağın saxlanılması üçün 110 manat miqdarında aliment ödəməyə borcludur. İcra sənədlərinin icrası ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi tərəfindən icraata başlanılmış, borcluya könüllü icra üçün zəruri bildirişlər təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Lakin, borclu həmin qərarın tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlməmiş və müəyyən olunmuş müddətlər ərzində ödəniş etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs barədə iş materialları göstərir ki, onun barəsində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmiş, əksinə, icra sənədlərinin uzun müddət icra olunmaması və icra məmurunun tələblərinin davamlı şəkildə pozulması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, cərimə inzibati tənbeh növü aliment öhdəliyindən yayınan şəxsə tətbiq olunduğu halda, uşaqların xeyrinə yönəlməyəcək, əksinə, borclunun gələcəkdə aliment ödəniş imkanlarını məhdudlaşdıra bilər. Buna görə də məhkəmə belə hallarda inzibati həbs tənbehini daha məqsədəuyğun sayır, çünki bu, həm inzibati məsuliyyətin real icrasını təmin edən, həm də icra intizamının bərpasına yönəlmiş daha təsirli vasitədir. Bu əsaslarla məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin cərimə tənbeh növünün tətbiqi məqsədəuyğun hesab edilmədiyindən, onun barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 26 noyabr 2025-ci il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-1321/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1321/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver