Məhkəmə qərarları › İş №3(032)-1322/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1322/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1322/2023 24.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Sabirabad rayonu Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan , Sabirabad rayonu Axtaçı kəndində qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinə əsasən Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 23 noyabr 2023-cü il tarixli MN №1687141 saylı protokol tərtib olunmuşur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri, T.İsmayılov küçəsində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması xx.xx.2023-cü il tarixli, MN №1687141 saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 23 noyabr 2023-cü il tarixdə saat 23.00 radələrində “Sərvət” şadlıq sarayından dostları ilə birlikdə toydan çıxmışdır. Onlar kəndə qayıtmaq üçün avtomobil çağırdıqları üçün yolu piyada getmişlər. Həmin vaxt polis əməkdaşları dostlarını saxlamış, o isə dostlarından arxada gəldiyindən polis əməkdaşlarının nə səbəbə dostlarını saxladığını bilməmişdir. Polis əməkdaşları Tərlan adlı dostunu xidməti avtomobilə əyləşdirmək istədikdə isə o, bunun səbəbini soruşmuş, həmin vaxt polis əməkdaşları onu da xidməti avtomobilə əyləşdirmək istəmiş, lakin o müqavimət göstərdiyini, daha sonra polis əməkdaşlarının onu məcbur avtomobilə mindirdiyini , lakin həmin vaxt polis əməkdaşlarına qarşı nalayiq ifadələr işləmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nın polis nəfəri X2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:25 radələrində “Sərvət” şadlıq sarayının qarşısından keçərkən beş-altı nəfər şəxsin avtomobillərin hərəkət etdiyi yolu boyu gəzdiklərini görmüşlər. Həmin şəxslərə özlərini təqdim edərək piyada yolu ilə getməli olduqlarını bildirsələr də, onlardan biri “siz kimsiz? Sizin nə işinizə?” deyərək kobud ifadələr işlətmiş, polis əməkdaşları tərəfindən nizam-intizama dəvət olunsalar da sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməkdə davam etmişlər. Şəxs isə kənardan müdaxilələr edərək onların qanuni tələbinə tabe olmamış, digər şəxsləri avtomobilə əyləşdirməyə imkan verməmiş, sərxoş vəziyyətdə nalayiq ifadələr işlətmişdir. Onu da avtomobilə mindirmək istəyərkən qaçmış, sonradan tutularaq avtomobilə əyləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nın polis nəfəri X1 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:20 radələrində Şirvan şəhər T.İsmayılov küçəsində xidmətdə olarkən beş nəfər şəxsin ucadan səs-küy salaraq prospekt boyunca nalayiq ifadələr işlətdiklərini görmüşlər. Həmin şəxslərə yaxınlaşdıqda onların spirtli içkinin təsiri altında olduqları açıq-aşkar görünmüş, onlara özlərini təqdim etdikdən sonra etdikləri əməlin qanuna zidd olduğunu, ətrafdakı insanların narazılığına səbəb olduqlarını, bu hərəkətlərə son qoymalarını bildirmişlər. Bu zaman onlardan biri “niyə yaxınlaşmısız?” kimi cümlələr və nalayiq ifadələr işlədərək müqavimət göstərməyə başlamışdır. Şəxs sərxoş vəziyyətdə qıraqdan müdaxilələr etmiş, onlardan qaçaraq uzaqlaşmaq istəmiş, lakin sonra tutularaq gətirilmiş, onlara isə gödəkçəsini soyunmaq üçün aralandığını bildirmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:40-da tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 11.00-da azad edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 23 noyabr 2023-cü il tarixli 306 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokol”undan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yer sayılan və kütləvi tədbir keçirilən restoranın həyətində, küçədə, ətrafda insanların olduğu bir məkanda ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə, nəlayiq ifadələr işlətməklə kənar şəxslə mübahisə etməsi (özünün izahatı ilə də təsdiq olunur) kimi hərəkətləri məhz İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:25-də törətmiş olduğu xırda xuliqanlıq hərəkətləri ilə əlaqədar kifayətlənməyərək, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığı özlüyündə ittiham olunduğu ikinci inzibati xətanın da tərkibinin mövcudluğuna dəlalət edir. Beləliklə, məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər iki inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinməlidir. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Həmin Qanunun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin İİİ hissəsinə görə polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq,ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin İXM-nın 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta daha ciddi xəta olduğuna görə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə təyin olunması inzibati tənbehin məqsədlərini təmin etmədiyindən, barəsində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini iş üzrə məsuliyyəti ağırlaşdıran hal, himayəsində iki azyaşlı uşağın olmasını isə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən etdi. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, əmlak vəziyyətinin qənaətbəxş olmamasını, həmçinin törətmiş olduğu əmələ münasibətini, özünü müdafiə xarakteri ifadələr verərək inzibati məsuliyyətindən yayınmağa çalışdığını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-nın 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci, 115-ci, 128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : xx.xx.1991-ci ildə Sabirabad rayonu Axtaçı Muğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu Axtaçı Muğan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. 23 noyabr 2023-cü il, saat 23.40-dan 24 noyabr 2023-cü il, saat 11.00-dək inzibati qaydada tutma müddəti nəzərə alınmaqla, təyin edilmiş inzibati tənbeh müddətindən bir gün çıxılmaqla üzərində 09 (doqquz) gün müddətinə inzibati həbs saxlanılsın. İnzibati həbsdə saxlamanın əvvəli 23 noyabr 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar